Rəsmi Bakı üçün bu məsələ tamamilə bitmiş sayılır

Dünən Prezident İlham Əliyevin Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi öz-özlüyündə çox gözəl, təqdirəlayiq addımdır.

Ölkə başçısının şəhid ailələri və müharibə əlilləri ilə görüşməsi və onların qayğılarının, problemlərinin yerindəcə həll edilməsi barədə verdiyi göstərişlər dövlət qurumları üçün, cəmiyyət üçün də bir nümunədir. Görüşün bu hissəsi – humanitar xarakter daşıyırdısa, ancaq dövlətimizin başçısının şəhid ailələri və müharibə əlilləri ilə görüş zamanı etdiyi çıxışında səsləndirdiyi fikirlər isə yerli auditoriyadansa daha çox hazırda ortalarda vurnuxan, revanşizmə can atan, atəşkəsi tez-tez pozan Ermənistan adlı terrorçu-təcavüzkar ölkənin hərbi-sityasi rəhbərliyinə və Ermənistana havadarlıq edən, Qarabağ ətrafında vəziyyəti yenidən gərginləşdirməyə çalışan böyük güclərə, eləcə də həmsədr ölkələrə ünvanlanması ilə diqqətləri cəlb etdi.
Prezident öz çıxışında bir sıra mühüm məqamlara toxundu. İlk növbədə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapması və “Dağlıq Qarabağ” anlayışının artıq mövcud olmadığını qeyd etməsi olduqca vacib məqam idi. Ölkə başçısı zatən əvvəllər də öz çıxışlarında və müsahibələrində dəfələrlə bildirmişdi ki, artıq Azərbaycan üçün Qarabağ problemi yoxdur və Azərbaycan Ordusu bu problemi 44 günlük müharibə nəticəsində həll edib və bununla da problem tarixə qovuşub. Dünənki çıxışında Prezidentin yenidən bu məsələyə toxunması isə ermənilərin statusla bağlı xülyalarına həmişəlik son qoyulmasına xidmət edirdi. Bu eyni zamanda status məsələsini yenidən müzakirə (əslində isə geosiyasi alver) predmetinə çevirmək istəyən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə verilən ismarıc kimi də dəyərləndirilə bilər: “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb”.
Zənnimcə, Azərbaycan Prezidentinin bu qədər kəsə və qətiyyətli mövqeyi ortada ikən, Minsk Qrupunun həmsədrləri və revanşist Ermənistanın digər havadarları birmənalı surətdə dərk etməlidirlər ki, artıq bundan sonra heç bir statusdan, Azərbaycan ərazisində yaşayan etnik qruplardan hansısa birinə (ermənilərə) nə muxtariyyət, nədəki digər imtiyazlar verilməsindən söhbət belə gedə bilməz. Çünki rəsmi Bakı üçün bu məsələ tamamilə bitmiş sayılır. Bu mənada, 10 noyabr razılaşmasının altında imzası olan Rusiyanın ABŞ və Fransa ilə eyni mövqedən çıxış edərək, Qarabağda münaqişənin bitmədiyini göstərməyə çalışması tamamilə absurddur. Rusiya postmünaqişə dövründə sülh və təhlükəsizliyin əldə edilməsini təmin etmək əvəzinə, əksinə, buna mane olur və bu məqsədlə də Qarabağdakı separatçılardan, Ermənistan silahlı qüvvələrinin qalıqlarından təxribatlar törətmək, atəşkəsi pozmaq üçün istifadə edir.
Bütün bunlar azmış kimi bu biri yandan da Fransa prezidenti Emmanuel Makron da bu günlərdə İrəvana səfər etməyə hazırlaşır. Bəlli ki, onun gəlişindən nəsə müsbət bir şey gözləməyə dəyməz. Çünki Makronun məqsədi regionda sülh yaratmaq yox, əksinə, Ermənistanı revanşizmə təhrik etməkdir. Lakin böyük güclərin hansı planları cızmasından asılı olmayaraq Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Xankəndidə də suverenliyi tezliklə bərpa olunacaq. Odur ki, böyük dövlətlərin artıq tarixə gömülmüş “Dağlıq Qarabağın statusu” məsələsini yenidən aktuallaşdırmalarına, müzakirələndirmələrinə heç bir lüzum yoxdur. Onsuz da onların bütün bu kimi məkrli planları uğursuzluqla nəticələnəcək. Biz başa düşürük, Şuşa Bəyannaməsi bir çoxlarının (o cümlədən Rusiya və Fransanın da) yuxusuna haram qatıb. Lakin Qarabağda hansısa süni gərginliklər yaratmaqla onlar heç nəyə nail ola bilməzlər. Rusiya sülhməramlılarının şərait yaratması və göz yumması ilə erməni separatçılarının yenidən fəallaşması isə yalnız onların özlərinə zərər verəcək. Ermənilər nəhayət ki, bu həqiqəti dərk etməlidirlər.
İlham Əliyevin çıxışında Zəngəzur, Göyçə və İrəvana qayıdış məsələsinə toxunması və bu zaman sözügedən qayışdışla bağlı məhz 10 noyabr bəyanatına istinad etməsi də ayrıca bir müzakirə predmetidir. Belə ki, Prezident bildirdi ki, 10 noyabr Bəyanatında göstərilir ki, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu isə o deməkdir ki, təkcə Qarabağdan olan məcburi köçkünlər yox, Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımız da öz dogma yurd yerlərinə – Zəngəzura, Göyçə mahalına, İrəvana qayıtmalıdırlar və qayıdacaqlar. Beləliklə, Prezident öz tarixi torpaqlarımıza qayıtmaq hədəfimizi artıq sadəcə publik çıxış kimi deyil, rəsmi sənədə istinadən açıqlayır, gündəmə gətirir və bu məsələyə legitimlik qazandırır.
Bu mənada Prezidentin “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”, – deməsi qətiyyən təsadüfi məsələ, söz xatirinə deyilmiş söz deyil. Bu həm ismarıcdır, həm də strateji hədəflərimizdən biridir. Bununla Qarabağ münaqişəsini yenidən dirçəltmək istəyən güclərə (ilk növbədə isə Rusiyaya) açıq və net şəkildə ismarıc verildi. 10 noyabr razılaşması pozulacağı və ya qəsdən yerinə yerinə yetirilməyəcəyi təqdirdə, Azərbaycan da öz tarixi torpaqlarına sahiblənmək, Zəngəzuru geri istəmək planlarını ortaya qoya bilər. Mənə elə gəlir ki, Kremldə və Yelisey Sarayında oturanlar da Azərbaycan Prezidentinin bu ismarıclarından və qrossmeyestrsayağı taktik addımından öz hesablarını götürəcək və Qarabağ üzərindən çirkin geosiyasi “bazarlaşma”lara əl atmaqdan vaz keçəcəklər.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: