Rəşad Məcidin “Roman”ı… – Gülnar Səma yazır

 

 

Rəşad Məcidin “Roman” adlı kitabında çap etdirdiyi şeirlərin bir-biri ilə bağlılığı və ilk baxışdan nəzərə çarpmayan süjetə malik olmağı əsərin poema kimi təqdim olunmağına əsas verir. Həmin poema haqqında akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” kitabında hərtərəfli söz açılmışdır. Kitabda qeyd edilir ki, “Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmasına baxmayaraq, “Roman”da süjetin bütün inkişaf mərhələlərini müəyyən etmək mümkündür. Fikrimizcə, “Tapdım” şeiri, ilk növbədə, “Roman”da proloq funksiyasını yerinə yetirir”.

Əslində bu tapılan ilişib bir küncdə qalan sirli fikirlərin açarıdır. Poemanın əvvəlində “Bildim, bahar gəlib yenə payızda” detalı təsadüfi verilməyib, çünki əsərin sonlarına yaxın bahar-payız məsələsinə yenidən qayıdılır. Ürək sahibinin beş ildir xəbər almadığı, itmiş ürəyinin yerinin tapılmağı maraqlı başlanğıcdan xəbər verir. “Bu yaş adlı tərəzidə Ürəyimdən qoca gəldim” etirafıyla şair zaman keçdikcə hisslərinin hansı hisslərə qapıldığını təqdim edir. Əlli altı adda şeir əsasında yazılan poemada “Ən doğma insan” şeirinin ilk sətirləri olan “Sən stol deyilsən, stul deyilsən, Tramvay deyilsən, metro deyilsən” misraları əsərin sonluğunda “İşığa, günəşə ümid yox. Yenə oldum daşın, divarın, stolun, stulun tayı” fikirləri ilə yekunlaşır. “Qisas” şeirində “Adamı göyə qaldırıb, Sonra ki, yerə vururlar. Elə bil sıfır artırıb Sonra sıfıra vururlar” fikirləri ilə müəllif naçar aşiqin ümidsizliyinin ən dolğun poetik şəklini çəkir.

“Son” şeirində iztirabların dərin həyəcanı hiss olunur. “Göydən on üç şeir düşdü, Səhv saldım, dedim, almadı” misraları təsdiqləyir ki, bura qədər “Roman”ın 13 şeiri yazılıb, adətən, göydən 3 alma düşdü deyirik, bu dəfə 10 şeir düşüb. “Amma “Yaxşı ki bu son olmadı” şeiri ilə hadisələr nikbin məcraya düşür, yeni nəfəs qazanır. “Bu həftə”, “Mənim bəsimdir”, “Qurban vermə gəl”, “Öldürmək istədiyin hissin nəğməsi” şeirlərindən hər biri münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. “Mən nəyəm səninçün” soruşursansa, Deməli, hələ də uşaqsan, uşaq” misraları bir çox tərəddüdlərin çırpındığını ortaya qoyur.

“Roman”da bir neçə dəfə haşiyə xarakterli şeirlər də yer alıb. Müəllif etiraf edir ki, çoxdan unutduğu hisslər gizli-gizli boy göstərir. Poemanın tipi haqqında akademik İsa Həbibbəyli belə qənaətə gəlir: “Rəşad Məcidin “Roman”ı ədəbiyyatımızda lirik şeirlərin aparıcılığı, ağırlığı əsasında yazılmış ilk liro-epik poemadır…” Əsərdəki “Neyləsən də getməyəcək Əlindəki öpüş yeri”, “Mən sənə neylədim axı, Mən sənin əlindən öpdüm”, “Məni ən gözəl oyunlar, Əyləncələr yordu döndüm” misraları sübut edir ki, lirik təqdimatda verilən bu şeirlər real yaşantıların bədii ifadəsidir. Hisslərinə sahib çıxmağı bacaran aşiq etiraf edir ki; “Qisməti yazanı karıxdıraram”, “Qəzavü-qədərə kələk gələrəm”, “özümü çarmıxa çəkərəm, ancaq Qorxduğun taleyi qıymaram sənə”.

Poemada qoşma, gəraylı, beşlik, altılıq, yeddilik şeir formaları ilə yanaşı, sərbəst şeirlərdən də istifadə edilmişdir. Gəraylıya nümunə olaraq “Səni yoldan saxlamaram – Soldusa get, sağdısa get” misraları olan şeiri misal çəkə bilərik. Sərbəstdə isə belə yazır: “Gicgahım ölür dəmir bir “oyuncağın” soyuq lüləsindən ötrü, Bu yandan da sən gəlmirsən”. Bu şeirlər vasitəsilə baş verən hadisələrdən xəbərdar oluruq. Sevgiliyə bildirilir ki, səndən ötrü ölən, hüzuruna qul kimi gələn adam dünən saat 17-də öldü. Bununla hadisələrin inkişafı zirvəyə doğru irəliləyir. Şair birdən-birə əvvəldə xatırlatdığımız bahar-payız simmetriyası yaradan fəslə dönür. “Payızın ortası yazın gəlməyi – Bu bahar havası sənə görədir” – söyləyir. Buna baxmayaraq, şair ümidsizlik qənaətinə gəlir: “Səndən həssas imiş bir rus qarısı”.

Düyünün açılmağı isə çox ziddiyyətlidir. Belə ki, əvvəl hökm verilir, get indi başqası öpsün əlini, başqa bir dodaqda çəkilsin adın, sonra isə bir andaca qərar ləğv edilir, düşmənə vermərəm, dosta vermərəm, qoymaram bir kimsə öpə əlini – fikirləri qətiyyəti ifadə edir. Çəkilən iztirabları “Həftəm altı gündür, sutkam beş saat” misrasından da görmək olur. Fikrimizcə, final üçün ən uğurlu seçim “Getdinsə…” şeiridir. Əsərin bu yerində təsəlli xarakterli sətirlər kifayət qədərdir: “Yaxşı ki, əvvəldən sındı qanadın, Ortada demədin: “necə gedərəm?” və ya “Bu höcət, ərköyün, balaca uşaq Gör necə döndərib uşağa məni”.

“Nə yaxşı yan keçmədik” şeirində “On üçdə ilişmişdim, Amma arxı adladım. Şükür sənə, ilahi, Şükür qırxı adladım” bəndi ona işarə edir ki, indiyə qədər poemanın 13 şeiri yazılmışdısa, artıq şeirlərin sayı qırxı keçib. Bu isə həmin əsərin, sadəcə şeirlərdən ibarət bir mətn olduğunu yox, müəyyən qanunauyğunluqlara tabe olan poema olduğunu təsdiqləyir. Hadisələrin yenidən təkrarlandığı, növbəti görüşün baş tutduğu qələmə alınır. “Ən çətin sualın da Həlli səbrin qədərdi” – söyləyən şair hadisələrin yenidən təkrarlandığına və “Görüşdük nə yaxşı ki!” qənaətinə gəlir.

Bu görüşdə isə “Oxumaq istəsən ən düz şeirimi, Gözlərini zillə, gözlərimə bax” – deyən tələbkar aşiq obrazı ilə qarşılaşırıq. Hətta, bu yeni fürsəti əldən verməmək üçün sevdiyini dilə tutmağa da can atır; “Heç yana, heç yerə getmə, nə olar, Qal burda- qurbanın, qulun olaram”. Yaradılmış mübariz aşiq obrazı yeni fürsəti əldən verməmək üçün sevdiyini dilə tutmağa can atır. Lirik qəhrəman artıq böyümüş Uşağın onun üçün nə qədər önəmli olduğunun fərqini belə izah edir: “Mənə bəxş etdiyin bu xoşbəxtliyin İçində heyrətdən donub qalmışam”.

Aşiq ayrılıq zamanı özünə Yerdə yer tapa bilmədiyini etiraf edir. Sona yaxın bir neçə şeirdən aydın olur ki, şair növbəti ayrılıqdan sonra sözün həqiqi mənasında soyuq Sibirə üz tutur; “…Hə indi evə dönəndə deyəcəklər sənə – Sifətin niyə qızarıb? Eləbil lap Sibirdən gəlmisən”. “Saatım qurulub sənin vaxtına” şeirində rus qarısı yenidən belə xatırlanır; “Görürəm yuyunub, daranmağını, O rus qarısına çay verməyini…” Bunlar poemadakı hadisələrin real yaşantıların təzahürü olduğunu bir daha təsdiqləyir. Bu dəfə əsər əbədi ayrılıqla tamamlanır: “Yenə sürünməyə döndü yaşamaq. Ötən il yayacan olduğutək dadını itirdi hər şey”. Poemada baş verən hadisələr müəyyən süjetlə, rəvayət üslubunda nəql edilməsə də, tərənnümə təhkiyənin təsiri hiss olunur. Oxucu mütləq hansısa əhvalatın qələmə alındığının fərqinə varır.

 

Gülnar Səma

Share: