Rəfail Tağızadənin “Qarabağ-həsrətdən zəfərə” kitabı haqqında… – Təranə Məmməd yazır

Tariximizin bir parçası yeni kitabda

Çox ehtimal ki, Azərbaycanda hər gün yüzlərcə kitap çap olunur. Lakin hər yeni çap olunan kitab heç də sensasiya doğurmur. Oxunur, bəyənilir, ya bəyənilmir və bir müddətdən sonra oxucuların, ya da kitab mağazalarının rəflərində yer alır. Elə kitab da var ki, onu oxuduqdan sonra düşünürsən ki, bu kitabı orta məktəb şagirdləri, ali məktəb tələbələri oxusaydılar ölkəmizin tarixinin mühüm bir hissəsinin ədəbiyyatda ustalıqla əks edilməsinin şahidi olardılar.
Yazıçı, şair, esseist, tərcüməçi Rəfail Tağızadənin bu yaxınlarda işıq üzü görmüş “Qarabağ – həsrətdən zəfərə” kitabı məhz belə kitablardandır. Deyirlər insan qanı torpaqla qarışanda qəribə bir rəng alır. Bəlkə də, rəssamlar o rəngin adını bilirlər. Əsgərlərimiz, qazilərimiz o rəngin elmi adını bilməsələr də, onu gözləri ilə görüblər. Bəlkə, ona görə qazi şairimiz, yazıçımız Rəfail Tağızadənin yeni kitabının üz qabığının rəngi məhz torpaqla qanın qarışığı rəngindədir. Kitabın üzərində şahmat fiqurlarının olması da təsadüfi deyil. Bu fiqurlar illərcə dünyanın aparıcı dövlətlərinin Qarabağ problemini oyuna çevirib qarşılaşdığımız acı həqiqətləri gizlətmələrinin və sonda bu oyunun bizim xeyrimizə başa çatmasına bir növ işarədir.
Filoloqiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının kitaba yazdığı ön söz o qədər ətraflıdır ki, onu oxuduqdan sonra oxucu müəllifin çoxşaxəli yaradıcılığı ilə qismən tanış olub kitabın əsas məzmununa maraqlı bir keçid əldə edir.
“Qarabağ – həsrətdən zəfərə” kitabının yazılma üslubu da maraqlıdır. Müəllifin həm nəzm, həm nəsrdə öz sözünü demək bacarığı oxucunu yormadan gah maraqlı təhkiyə ilə, gah da hər misrası bir dərin fikir ifadə edən şeirlərlə oxucunu cəlb edir.
Kitabda Rəfail Tağızadənin müxtəlif vaxtlarda yazılmış həsrət dolu və zəfər sevincli yazıları yer alıb. Təbii ki, bütün yazıların əsas mövzusu Qarabağdır. 30 ilə yaxın yurdundan, elindən, obasından ayrı düşənlərin dərdini öz dərdi hesab edən Rəfail Tağızadə hər gün, hər saat bir cümlə də olsa yazdı. Həsrətini, dərdini, qəmini ağ kağızla bölüşdü. Bölüşdü ki, biz oxucular həmin dərddən, həsrətdən halı olaq və ən əsası, Qarabağ dərdimiz unudulmasın.


Rəfail Tağızadənin Qarabağ mövzusunda yazıları haqda çox yazılıb, çox deyilib. Hər dəfə də hamının və Rəfail müəllimin son sözü o olub ki, Qarbağ həsrəti mütləq Zəfərlə bitəcək və biz öz torpaqlarımıza qayıdacağıq.
Hər dəfə Rəfail Tağızadə yaradıçılığına müraciət edəndə deyirdik: Gün o gün olsun ki, zəfərdən, qələbədən yazasınız!
44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi Zəfər hər bir ədəbiyyat nümayəndəsinin yaradıcılığına yeni nur, yeni işıq saçdığı kimi Rəfail Tağızadənin də yaradıcılığında bir dönüş yaratmış oldu. Yazıçı, şair, publisist Rəfail Tağızadə silsilə yazılar yazdı, şeirlər qoşdu. O, illərdir həsrətində olduğu doğma Ağdamı ziyarət edir və nəticədə “yoxluqdan var olan” şəhərə həsr edilmiş yazılar yazılır. Sonra Şuşa səfəri…
Beləliklə, Rəfail Tağızadə yaradıcılığının yolu həsrətdən keçib Zəfərə yönəldi və Xankəndidə bayrağımız dalğalanan zaman Rəfail müəllim Qarabağ mövzusunun “son kadansına” imza atdı. “Qarabağ – həsrətdən zəfərə” kitabının əsasını da məhz bütün bu qeyd edilən yazılar təşkil etdi. Bu maraqlı, lazımlı, çox əhəmiyyətli kitabın ərsəyə gəlməsi münasibəti ilə Rəfail müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Oxuculara isə kitabı oxumağı tövsiyə edirəm.

Təranə Məmməd
05.01.2024

Share: