Quşlar qayıtdısa… – Yaşar Bünyadın hekayəsi

Kulis.az “Hekayə müzakirə”si layihəsindən Yaşar Bünyadın “Quşlar qayıtdısa…” hekayəsini təqdim edir. Qeyd edək ki, bu hekayə Kulisin keçirdiyi “İlin hekayəsi” müsabiqəsində ikinci yerin qalibi olmuşdu.

üstümə düşmüş əzrayıl kölgəsi qorxutdumu

çırpıldı qübbəyə sabahın göyərçinləri

artıq quşlara deyil

yaşanmamış bir günün tarlasına səpiləsi

bir ovuc dənin hesabı qaldı məndə

Zahid Sarıtorpaq

…Usulluca örtsəm də, qapının paslanmış həncaması elə cırıldadı, ətim ürpəndi. Bir az eyvanda dayanıb göyə baxdım, “yağacaq” deyib elə qapıtəhər cırıldayan taxta pilləkənlə həyətə düşdüm. “Sənün də zayun çıxıb” – pilləkənə deyindim. Əvvəllər deyinməzdim, mismardan-zaddan tapıb ələngə pilləkənin əgər-əskiyin düzəldərdim. Deməli, mənim də zayım çıxıb…

Yaz bithabitdə, indi fikir verirəm ki, qaranquşlar ötənilki kimi gözə dəymir.

“Demək, bu yaz da dönmədilər. Toplar hürkütdü qaranquşları… Yaxşı, olar gəldi-gedərdi, hər yerə isinişməzlər, bəs sərçələrə nə olub qəhətə çıxıblar, elə bil yer üzünün bütün sərçələri qırılıb. Dədəm rəhmətlik deyərdi ki, qaranquşlar kənddən bezib qaçan cavanlar kimidi – biri dönər, beşi yox… Sərçə başqa, sərçə özümüzünküdü, vəfalıdı, heç hara getməz… Hanı bəs?”

…Fikirləşdim ki, hara gedim? Özümə gülməyim gəldi. Əslində, heç fikirləşib eləmirdim. Özüm də getməsəm, sovxaya qalmış ayaqlarım bilir məni hara sürütdəyəcək – Əbdülgilə, ya da qəbristanlığa… Gör havaxtdan dünya boşalmışdı mənimçin. Qocalıqdandı, yoxsa təklikdən, arada başıma gic-gic fikirlər dolur: bəlkə, dünya yerli-dibli olmayıb, heç mən də mən deyiləm – havayam, toz dənəsiyəm, ya da yerin süni peykinin bir qəlpəsiyəm, kosmosda fırranıram özümçün?!..

İki dünya arasında mən qalmışam, bir də yarımcan Əbdül.

Havaxt Əbdülün doqqazına ayaq basıram, onda özümü hiss edirəm, deməli varammış. Əbdülə baxanda mənim canım bir az suludu, arada meşəyə gedirəm, dərədən – “Sısqabulaq”dan su da gətirirəm, noolsun, nə meşənin havası havadı, nə bulağın suyu su. Dad-tam qalmayıb, ya ağzımın zayı çıxıb?..

Yazıq Əbdül dəqiqəsini, bəlkə də, saniyəsini sayır, hər aldığı nəfəsə zəm-zəm suyu içirmiş kimi “ox-xaay!” deyir, zarıya-zarıya uzana qalıb, daxmasından çölə çıxmır, çıxa bilmir; boğazından da heç nə keçmir, Əzrayılın yoluna göz qoyur. Tez-tez getmirəm ki, qapının cırıltısından diksinər, elə bilər ölümüdü gələn. Bəlkə də, sevinər, nə bilim… Əbdülünkü çəkiləsi dərd deyil…

Ürəyim sıxılır. Boğuluram. Əvvəllər şəhər avtobusları kimi basaraq idi kənd, adam çox, boğanaq, onmetrədən də bir çətir-çətir qoz ağacları Allahın havasına qənim kəsilərdi. “Ceviz ağacı insan kimi nəfəs alır, düşər-düşməzi var, alma, heyva əkin həyətinizdə” demişdi kəndə gələn professor. Desəm ki, qələt eləyib, qanacaqsız olaram, amma professor Allah deyilki, vallah, burda nə ağacı əksən, bitmir, quruyur, bitən də əməlli məhsul vermir. Havanı ağırlaşdırsa da, bu kəndin camaatı qozun hesabına var idi…

Hanı indi o ağaclar?.. Hökumət adamlara qənim kəsildi, adamlar da ağaclara… İşə bir bax sən Allah, vaxtıyla əl-ətəyinə selbə atıb, əlçatmazına budaq-budaq dırmaşıb qoz çırpmasaydım, havaxtsa burda ağac olduğuna inanmazdım…

Axırıncı qoz ağacının kötüyünə havaxt balta vurdular, yadımdan çıxıb. Hər selbə atanda havaya yüz qarğa qalxardı, onlar da yox olub. Elə bil səhralıqdı, küllükdü, xarabalıqdı… Adamlar da köçdü, ağaclar da… İndi havasızlıqdan yox, havanın çoxluğundan boğuluram… Dəli oluram, deyəsən…

Ağaclar boy atdıqları kimi təmkinlə “köçdü” qarış-qarış, budaq-budaq, qol-qol… Adamlar isə bircə günün içində… Adamlar ağacları diri-diri mişarladı, dəhrələdi, qəlpə-qəlpə tikələyib sobalara, təndirlərə basdılar, yandırıb külünü yelə verdilər, öldürdülər özləri ölməsin deyə.

***

Dünyanın axırında deyildi bu kənd. Heç əvvəlində də deyildi. Yazı dizəcən palçıq, yayı tozanaq, qışı da qar-çovğun, özü də dağın lap kəlləsində! Mən bu səy ağlımla fikirləşirdim, görəsən, burda yurd salmağa dədə-babalarımızı nə vadar edib?

Mənə elə gəlirdi ki, bunu dədəm də, lap dədəmin dədəsi də fikirləşib. O fikirnən müharibəyə də gediblər, amma ölən ölüb, qalanları ki qayıdıb?! Qayıdıb, ev tikib, uşaq böyüdüb, amma burdan köçməyib… Biri mən, əsgərlikdən dönməyə də bilərdim; sevdiyim qız da vardı, qalsaydım, burdakından yaxşı iş-gücüm, evim-eşiyim də olardı, bəlkə…

Başqaları oxumaq, ya əsgərlik adıyla ilim-ilim itdilər, daha kəndin adını tutmadılar, geri dönmədilər. Qızlar ata evində qarıdı, qocalar həsrətdən, nisgildən öldülər… Ha fikirləşirəm, axırıncı kərə kənddə mağar qurulub toy çalındığını, andıra qalmış yadıma sala bilmirəm. Mağar qurulurdu, amma ölənlərin doqqazında…

Beş-on evlik kəndi sonuncu Mərdan kişi tərk eləmişdi. Daha doğrusu, şəhərdə yaxşı mənsəb sahibi olan kürəkəni aparmışdı kişini. Nə vaxt idi, huşumdan düşüb, amma maşına minməmiş dediyi qulağımdadı:

“Daha burda ot da bitməz!”

Elə bil Mərdan kişinin ahı tutdu buraları, bulaqlar qurudu, torpaq çat verdi, yarğanlar cadar-cadar elədi el düzünü.

Mərdan kişidən əvvəl Cabbarın külfəti daşındı paytaxta. Özü yox, külfəti. Qisməti beləymiş. Yazıq Cabbar, ahıl vaxtında iyirmi kilometrlik yolu basa-basa, payi-piyada gedib raykoma yalvar-yaxar eləmişdi ki, bilirəm, bu kəndin adı it dəftərində də olmayıb, olmayacaq da! Bu gün-sabaha salıb allahın qazına, işığına həsrət qoyduz, yol çəkməyə ayrılan pula da göz dikdiz, haram xoşunuz. Nə qədər sən burda katibsən, quyruqbulayanın da kənd soveti Şəmildi, nəinki biz, heç qotur keçimiz də gün görməyəcək, heç olmasa qışı yola verin, sovxaya qalmış meşədən quru ağac qırmağa icazə olsun, bu fağırlar soyuqdan qırılmasın, beş-altı evdi, yaza çıxsalar, rədd olub gedəcəklər bu viranədən!.. Katib də kişiyə nə cavab vermişdisə, evə qayıdanı üç gün yerindən dura bilmədi, dili tutuldu, elə üçüncü gecə də köçdü bu dünyadan. Dinməzcə…

Dinməzcə ölməyi Cabbar kişi “dəb” saldı kəndə…

O gündən Şəmil də kəndə dönmədi. Elə o gündən də kənd seyrəkləşdi.

Sən demə, o günlər sovetlərin ələyi ələnirmiş!

Sonradan bildik ki, katib Cabbar kişini guya yola gətirmək istəyibmiş, deyib:

– Ay ağsaqqal, a sağ olmuş, oturmusan dağ başında, udursan təmiz havadan, dünyadan xəbərin yox, ayə, bu gədə-güdə, şura hökumətinin mitilinə vurullar ee! Nə partiya olacağ, nə raykom, nə də… heç zad! Ayə, ölən günümüzdü ee!..

Dili-ağzı qıfıllanmasaymış, bəlkə, “sinənə belə dağ havası düşüb, gəl, yayda zoğal arağıyla kabab yeməyə yox ee, payızın lıqqasında, qışın zəlozəlosunda gəl, gör camaatun nə zillət çəkir, nə müsibətə dözür” deyərdi. Amma deyə bilməyib. Cabbar kişi əvvəlcə döyüküb, udqunub, özgə vaxt zəhmi qayaları əridən kişinin cınqırı da çıxmayıb, başa düşməyib raykomun, partiyanın ölən günüdü, yoxsa dünyanın.

Belə vecsiz raykomu, Şəmil kimi kənd soveti olan partiyanın ölməsinə sevindiyindənmi dili tutulmuşdu Cabbar kişinin, yoxsa sabaha naümidliyindən – bunu da bir Allah bilirdi…

***

…Hava proqnozu mənlik deyilmiş; yağış-zad yağmadı…

…Səhərəcən gözümü yummadım. Ürəyimə dammışdı, gözümü yumsam, day açmayacam. Gözlərimi tavana dirəyib zülmətdə bir iynə ucu işıq axtarırdım. İşıq nə gəzirdi!. Qarğa ömrü yaşayasan, yada düşəsi işıqlı xatirən də olmaya…

Hamı köçün sürdü, getməyə yeri olan getdi… Kimə pənah aparacaqdım ki? Şəfiqənin ölümündən on il keçib, elə bil yüz ildi onun qəbrinə gedib-gəlirəm… Allah verən candı, gəzdirirəm…

Səhəri diri açdım. Ağzımı tutdum qəbristanlığasarı ki, sakitləşəm. Kimsə çağırdı elə bil. Qanrıldım səsə. Əvvəl elə bildim yenə atırlar. Dağların o üzündən çoxdan səs-səmir gəlmirdi… “Bismillah!” Heç kimsə yox idi. Ürəyim sancdı. Qayıtdım Əbdülün doqqazına. Barmaqucu eyvana çıxdım, hörümçək toru basmış ara pəncərədən içəri göz qoydum; Əbdül bərəli gözləriylə pəncərənin şəklini “çəkirdi”. Əsas odu ki, gözləyir… “Bu gün bitirəcəm, allah qüvvət versə, peşiman etməsə…”

Ölülərlə dil tapmaq asandı. Kənd boşalandan qəbristanlıqda onlarla söhbət edirəm. Sağlığında zəhmli, qəddar, əzazil, kobud, yaltaq, zırrama, dəli – burda yazıq, sakit, üzüyola… həm də xoşbəxt! Qəbir daşlarıyla salamlaşdım, hal-əhval tutub əlimdəki dəhrəylə qaratikan kollarını qırmağa başladım.

“Gözləyin, indi hamınızı xilas edəcəm bu zəhrimarın caynağından!..”

Torpaq bir ara nəm çəkdi deyə qaratikan basıb hər yeri, elə bil qurbanolduğum dünyanın bütün qaratikanlarını bir gecədə ting eləyib basdırıb bura, qəbirləri ayırd eləmək olmur… Yaxşı ki cavan zoğlar hələ bərkiməyib, dəhrənin ağzı dəyən kimi üzülür…

Tək-tük baş daşında əl boyda şəkil var, o da bozarıb, yazıları korraşıb, tanınmaz olub. Eehh, onsuz da, hamısını tanıyıram; kim necə, hansı dərddən öldü, neçə gün can verdi, üstünə gələni, gəlməyəni də yadımda…

…Bu da Şəfiqə! Gözləri elə gülür. Zalım qızı, o boyda dərdin içində bir dəfə də gileylənmədi…“Sağlığında qədrini bilmədim, Şəfi… İncitdim səni. Ürəyim, həyatım demədim, deyə bilmədim… Züryətimizin olmamasını səndən bildim, səni qınadım… Üzə vurmadın, doxtura da getmədin, dərdinlə birgə əridin, o gecə… o gecə gülə-gülə bircə bunu dedin: Özündən muğayat ol… Görüşərik… Yanında olmaq istəyirəm, Şəfi…”

Şapkamı çıxardıb Şəfiqənin bozarıb çat vurmuş şəklini sildim, barmaqlarımla tellərini, gözlərini, burnunu, dodağını oxşadım. Bir dəfə də öpmədiyim dodaqları azca aralıydı, sanki deyəcəyi vardı. İmkan vermədim, “gəlmə!” deyəcəyindən qorxub nəm dodaqlarımı dodağına dayadım…

Handan-hana toxdayıb yarımçıq qəbrimə baxdım. Əbdülün qəbrini aralıda qazmışdım. Maşallah, saf torpağı vardı, daşsız, kəsəksiz! “Sağlığına qismət” dedim, deyəsən. Vallah, dəli olmuşam… Özümə Şəfiqənin sağında qəbir qazmışam. Azca qalıb, lap on-on beş bel ağzı. Dərinə getdikcə daş-kəsək çıxırdı, qazımaq ağır idi, taqətim kəsilirdi deyə yarımçıq saxlamışam. Axı Əbdülü dəfn edəndən sonra bayquş kimi tək qalsam məni yerdən kim götürəcək?..

“Bu gün gərək bitirəm.”

…Qəbrimi qazıb geri dönəndə axşam düşürdü. Keçdim Əbdülgilə ki, muştuluqlayam, deyəm qəbirlər hazırdı, day rahatca yola çıxa bilərik. Qapını araladım, içəri keçib onun yatağına yaxınlaşdım. Əbdül yola mənsiz çıxmışdı – çoxdan ölmüşdü, çənəsində gömgöy köpük qurumaqdaydı…

İri dəmir boçkada su qoyub altını qaladım, evə qaçıb sabun, iki ağ mələfə gətirdim. Əbdülü soyundurdum. Yazığın yanbızları döyənək olmuşdu, qapqara qartmaq bağlamışdı uzanmaqdan. İsti suyla yuyundurdum, dəsmalla qurulayıb mələfəyə bükdüm. Ölü yumamışdım, amma elə bildim ömrü boyu mürdəşirlik eləmişəm, heç qorxub eləmədim.

“Bu da axırın, Əbdül, day rahat ol. Amma əclaflıq elədün, məni qabağladun, haramzada!..”

Zillətnən böyütdüyü altı oğuldan biri də qalmadı yanında, baş götürüb gedər-gəlməzə üz tutdular…

“Dağıl, necə dağılmısan, a dünya! Altı oğlun ola, sən züryətsizin biri kəfənləyə, yerdən götürə, torpağa tapşıra…”

Qəhər məni boğurdu. Eyvana çıxdım. Könlümə papiros yandırıb tüstüsünü ciyərimə çəkmək düşdü. Hardan o bəxtəvərlik?! Bir də fikirləşdim ki, gərək Allah məni xəstə salıb öldürəydi, Əbdül məni kəfənləyəydi, basdıraydı, bax o dikdirin üstündə oturub gözləyəydi, gözləyəydi… Bəlkə, altısından birinin yuxusu qarışar, vicdanı oyanar, yığışıb qayıdardı ata yurduna, bu yazığın da gözləri yollardan yığışardı…

“Allah bilən məsləhətdi.”

Gün doğhadoğda Əbdülün cəsədini köhnə əl arabasına qoyub qəbiristanlığa gətirdim. Bir müsibətlə cəsədi qəbrə endirib yerini rahatladım. “Bu dərinlikdə qazmasaydım, əlləşməzdim, rahatca çıxardım qəbirdən” – deyə özümü danladım. Birdən ağlıma gəldi ki, ətrafımda boş, uçuq daxmalar, soyuq qəbirlərdən özgə heç nə olmadığı dörd yanı uçurum zirvənin başında tək-tənha bir gün, lap beş gün yaşayaram, girməyinə girmişəm, bəlkə, uzanıb qalım Əbdülün yanında? Tez də fikrimdən qaçdım, qəbirdən çıxıb beli götürdüm, Əbdülün üstünü torpaqladım.

Haldan düşmüşdüm. Ağır-ağır evə üz tutdum. Zirzəmidə inişildən qalma buğda vardı.Yarımlitrlik bankaya buğdadan doldurdum, it ilindən qalma “Fanta” butulkasında su götürüb qayıtdım Əbdülün üstünə. Buğdanı sinəsinə səpib üstünə su çilədim.Hava qaralana kimi çömbəlib Əbdüllə dərdləşdim.

***

Bu boyda dünyada tək qaldığımı bayquş ulamamış gecənin, xoruz banı eşitməyən səhərin yetimliyindən duya bildim. Ətrafımda sükut qışqırırdı…

***

…His basmış samovara od saldım. Qaynamağını gözləyə-gözləyə onun qaramat duruşuna nəzər qoydum – illərlə çimməyən qaraçı uşağına oxşayırdı samovar.

Dızıldadı, zoqquldadı, pıqqıldaya-pıqqıldaya qaynayıb “fısı” yatdı. Dəmir qəfədanı yaxalayıb kəklikotu çayı dəmlədim. Zoğal qurusuyla isti çaydan içib üz tutdum qəbristanlığa. Doğmaca qəbrimdə uzanıb bu boş dünyanın baş örtüyünə baxıb uyumaq istədim. Əbdülün qəbrinə çathaçatda qulağıma qəribə səslər dəydi. Dedim, yəqin, oğlanlarının yuxusu qarışıb, qayıdıblar.

“Belə tez? Bəs ölməyini hardan biliblər? Burda məndən özgə kim vardı xəbər göndərə yox olmuş dünyanın o başına?”

Fikirləşə-fikirləşə yastı təpəni aşdım, qəbri görəndə yerimdəcə qurudum. Əbdülün sinəsindəki təpəciyin torpağı görünmürdü, yüzlərlə boz sərçə cikkildəşərək, qanadlarını yumşaq torpağ dənələrinə çırpa-çırpa srağagün səpdiyim buğdaları dənləyirdilər.

“Bular haçan gəldi? Axı sərçələr də buralardan bezar düşmüşdü?.. Allah, sənə şükür! Nəhayət ki!…”

Uşaq kimi sevindim. Onları hürkütməmək üçün astaca geri çəkilib daxmama tərəf tələsdim. Zirzəmiyə girdim. Taxıl çuvalını açıb buğdadan ciblərimə, şapkamın içinə doldurub geri döndüm. Dəni ovuclayıb ətrafa səpələdim. Ac sərçələr buğdaları dənlədikcə elə civildəşir, elə qanad çalırdı ki! Şükürlər olsun, daha tənha deyildim! Qınayan olmasaydı onları bir-bir tutub öz balam kimi başını, boynunu tumarlayardım. Elə bil ürəyimdən keçənləri başa düşdülər, çox keçmədi ki, yan-yörəm sərçəylə doldu. Sərçələr hey çoxalırdı…

İnanırdım ki, o quşların biri Əbdülün ruhudu, qarışıb sərçələrə. Yəqin, sevindiyimi də görür. O da sevinərdi. Ürəyimdə qarasına deyindim: “Niyə tələsdin, a üzü pis?!”

Qəfildən göy guruldadı. Az keçdi, bir-bir atmağa başladı. Tələsik beli qapdım, zülümlə qazdığım qəbrimi doldurmağa başladım. Eşitmişdim ki, ağzı açıq qəbrə yağışın yağması pis əlamətdi. Bəlkə də, bunu özüm uydurdum, çünki daha ölmək istəmirdim. Yağış gurlaşdıqca qollarıma güc gəlirdi, suluqlamış ovcum göynəyirdisə də, mənim vecimə deyildi… Yağış gurlaşırdı… Qəbrimi doldurub beli kənara tullayanda nimdaş paltarlarım dərimə yapışmışdı.

“Əgər sərçələr qayıdıbsa, görərsən, qaranquşlar da dönər, yağışı canına çəkən ceviz kötükləri cücərər, boy atıb qol-budaqlı ağac olar, zəhləm getmiş qarğalar da qayıdar? Bilmək olmaz, birdən, Əbdülünkülərdən biri döndü, qənşərinə çıxan olmalıdı axı…”

Sanki Əbdül ordaymış kimi əllərimi göyə açıb bağırdım:

– Əb-düüülll!.. Əbdül, eşidirsən, sərçələr qayıtdı. Sənə demişdim axı… Qa-yıt-dıııııııı!..

Share: