QHT-lər fəaliyyətində nələri meyar seçsin – JEM sədrindən görüş qənaəti

“Media sahəsində ixtisaslaşmış bir qrup təşkilat sədr ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyində keçirilən görüş səmərəli oldu. Aydınlıq gətiriləsi xeyli suallarımız vardı, açıq cavablar aldıq. Vətəndaş cəmiyyəti institutunun inkişafına danılmaz səy göstərən cavabdeh qurumların nümayəndələri, xüsusən Adminstrasiya təmsilçisi hardan gəlirik, hara gedirik, necə gedirik və necə getməliyik mövzusunda şəfaf mənzərə yaratmış oldu(lar). Ümumiləşdirsək, qənaətimiz belədir ki, qarşıda bizi böyük işlər gözləyir. Bu işlərin dövlətimizə fayda verməsi üçün fəaliyyətimizi riyazi dəqiqliklə qurmaq, məsuliyyəti əsas meyar seçmək, peşəkarlığa söykənmək, qalib dövlətin adına layiq davranmaq əsas və danılmaz şərtdir”.

Müstəqil.Az Mediaekspert.az-a istinadən xəbər verir ki, bu fikirləri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu yanvarın 26-sı QHT-lərə Dövlət Dəstəyi Agentliyində media sahəsində ixtisaslaşmış bir qrup QHT sədrləri ilə keçirlən görüşlə bağlı şəxsi “Facebook” səhifəsində yazdığı statusda bildirib.

JEM sədri daha sonra yazıb: “Yolumuz açıq olsun. Bağlı yollarısa açmağı bacaraq. Bütün yollar gələcəyə aparır. Büdrəmədən addımlayaq ki, izimiz əyilməsin, arxadan gələnlər rahat yerisin deyə onlara düz xətt boyunca cığır aça bilsin”.

Xatırladaq ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Elşən Ağayev, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova  və Agentliyin digər məsul şəxsləri iştirak edib.

Aparılan müzakirələrdə 30-a yaxın QHT təmsilçisi media sahəsində QHT-lərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, müxtəlif təkliflərlə çıxış edib. Prezident Administrasiyasının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının nümayəndələri sualları cavablandırıblar.

Müstəqil.Az

Share: