QƏLƏMƏ VERİLƏN DƏYƏRİN İFADSİ – Cavanşir Paşazadəyə təşəkkür məktubu

QƏLƏMƏ VERİLƏN DƏYƏRİN İFADSİ – Cavanşir Paşazadəyə təşəkkür məktubu

Söz zamanın yaddaşıdır, qələm isə o yaddaşı gələcək nəsillərə əmanət edən ən müqəddəs körpüdür. Həqiqətə xidmət edən qələm heç vaxt susmur.

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır. Bəzən bir qələm, bir fikir, bir publisistik yazı bütöv bir dövrün mənəvi mənzərəsini canlandırmağa, xalqın keçdiyi yolu və gələcəyə baxışını ifadə etməyə kifayət edir. Belə yazılar zamana bağlı olmur; onlar yazıldığı günün hüdudlarını aşaraq uzun müddət öz dəyərini və aktuallığını qoruyur.
Milli Mətbuat Günü münasibətilə Milli Məclisin deputatı, hörmətli Cavanşir Paşazadənin qələmə aldığı məqaləni yalnız bu gün mütaliə etmək imkanım oldu. Etiraf edim ki, vaxt fərqi bu yazının təsirini nəinki azaltmadı, əksinə, onun hər cümləsinin üzərində daha dərindən düşünməyə imkan yaratdı. Məqaləni oxuduqca bir daha əmin oldum ki, burada təkcə peşə bayramı münasibətilə deyilmiş xoş arzular deyil, Azərbaycan milli mətbuatının tarixinə ehtiram, jurnalist əməyinə yüksək qiymət, dövlətçilik təfəkkürü və Vətən sevgisi böyük ustalıqla ifadə olunub. Elə buna görə də bu yazıya münasibət bildirməyi və dəyərli fikirlərinə görə müəllifə təşəkkür etməyi özümə mənəvi borc bildim.
Milli Mətbuat Günü münasibətilə qələmə alınmış bu sanballı məqalə milli mətbuatımıza göstərilən ehtiramın, söz adamlarına verilən yüksək qiymətin və dövlətçilik düşüncəsinin parlaq ifadəsidir. Müəllif hadisələrə yalnız tarixi prizmadan baxmır, keçmişlə bu gün arasında məntiqi və ideoloji körpü quraraq medianın cəmiyyət və dövlət həyatındakı əvəzsiz rolunu dolğun şəkildə təqdim edir. Məhz bu xüsusiyyət yazını adi təbrik mətnindən fərqləndirərək sanballı publisistik nümunəyə çevirir.
Məqalədə Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolu böyük məhəbbət və ehtiram hissi ilə təqdim olunur. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın xalqın maariflənməsində, milli özünüdərk prosesində və dövlətçilik ideyalarının formalaşmasında oynadığı tarixi rol dolğun şəkildə əks etdirilir. Müəllif göstərir ki, Azərbaycan mətbuatı bütün dövrlərdə yalnız xəbərləri çatdıran vasitə olmayıb, həm də milli kimliyi qoruyan, ictimai fikri formalaşdıran və xalqı işığa aparan mənəvi məktəb funksiyasını yerinə yetirib.
Yazının diqqətçəkən cəhətlərindən biri də müstəqillik dövründə Azərbaycan mediasının inkişaf mərhələsinə obyektiv və ardıcıl yanaşmadır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılan mühüm addımlar, demokratik medianın inkişafı üçün yaradılmış hüquqi baza, eləcə də bu siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müəllif tərəfindən faktlara söykənərək təqdim edilir. Son illər media sahəsində aparılan islahatların, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin və peşəkar medianın inkişafına göstərilən dövlət qayğısının vurğulanması yazının aktuallığını daha da artırır.
Məqalənin ən təsirli hissələrindən biri isə 44 günlük Vətən müharibəsi dövründə aparılan informasiya mübarizəsinin geniş təhlilidir. Müəllif haqlı olaraq qeyd edir ki, həmin günlərdə mübarizə yalnız döyüş meydanlarında deyil, informasiya cəbhəsində də gedirdi. Ermənistanın illərlə formalaşdırmağa çalışdığı saxta təbliğatın iflasa uğramasında Azərbaycanın həyata keçirdiyi məqsədyönlü informasiya siyasəti həlledici rol oynadı.
Bu kontekstdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın nüfuzlu televiziya kanallarına və aparıcı informasiya agentliklərinə verdiyi müsahibələrin xüsusi əhəmiyyəti diqqətə çatdırılır. Tarixi faktlara, beynəlxalq hüquqa və məntiqə əsaslanan qətiyyətli çıxışlar Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı və informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi.
Müəllif eyni zamanda Azərbaycan jurnalistlərinin həmin dövrdə göstərdikləri peşəkarlığı və fədakarlığı yüksək qiymətləndirir. Cəbhədən operativ məlumatların çatdırılması, dezinformasiyaların ifşası, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər böyük ehtiram hissi ilə təqdim olunur. Vəzifə borcunu yerinə yetirərkən şəhid olan media nümayəndələrinin xatirəsinin ehtiramla yad edilməsi müəllifin jurnalist peşəsinə və bu müqəddəs missiyaya olan hörmətinin bariz ifadəsidir.
Məqalədə diqqəti cəlb edən digər mühüm məqam müasir dövrdə informasiya təhlükəsizliyi məsələsinə verilən yüksək qiymətdir. Bu gün informasiya məkanı dövlətlərin təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Belə bir dövrdə jurnalistin məsuliyyəti daha da artır. Müəllif haqlı olaraq vurğulayır ki, media nümayəndələri cəmiyyəti operativ və obyektiv məlumatlandırmaqla yanaşı, milli maraqların qorunmasına, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə və ictimai həmrəyliyin gücləndirilməsinə də xidmət edirlər.
Yazıda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış proqramının, Azərbaycanın artan beynəlxalq nüfuzunun və ölkəmizin davamlı inkişafının media vasitəsilə ictimaiyyətə çatdırılmasının əhəmiyyəti də xüsusi vurğulanır. Bu yanaşma bir daha göstərir ki, peşəkar media cəmiyyətlə dövlət arasında etibarlı körpü olmaqla yanaşı, milli inkişaf prosesinin də fəal iştirakçısıdır.
Hörmətli Cavanşir Paşazadənin bu məqaləsi bir daha göstərir ki, milli mətbuat haqqında yazmaq üçün təkcə tarixi bilmək kifayət etmir. Bunun üçün qəlbində dövlətinə bağlılıq, milli dəyərlərə sədaqət, söz adamına hörmət və Vətən sevgisi yaşamalıdır. Müəllif bütün bu keyfiyyətləri öz publisistik üslubunda uğurla birləşdirərək oxucunu düşündürən, maarifləndirən və qürurlandıran bir yazı ortaya qoyub.
Belə məqalələr jurnalist əməyinə verilən qiymətin, milli mətbuat tariximizə göstərilən ehtiramın və dövlətçilik ideyalarına sədaqətin ən gözəl ifadələrindən biridir. Bu cür yazılar yalnız media nümayəndələri üçün deyil, bütövlükdə cəmiyyət üçün dəyərli mənəvi mənbədir. Çünki onlar keçmişimizi xatırladır, bu günümüzü dəyərləndirir və gələcəyə inam hissini daha da möhkəmləndirir.
Fürsətdən istifadə edərək hörmətli Cavanşir Paşazadəyə Milli Mətbuat Gününə həsr etdiyi bu dərin məzmunlu, yüksək publisistik səviyyədə qələmə alınmış məqaləyə görə səmimi təşəkkürümü bildirirəm. Arzu edirəm ki, dövlətçilik düşüncəsini, milli-mənəvi dəyərləri və Vətən sevgisini tərənnüm edən belə sanballı yazıları bundan sonra da oxumaq nəsibimiz olsun.
Çünki həqiqətə xidmət edən sözün ömrü uzun olur. O sözlər zaman keçdikcə köhnəlmir, əksinə, yeni mənalar qazanaraq cəmiyyətin yaddaşında yaşayır. Cavanşir Paşazadənin bu məqaləsi də məhz belə yazılardandır. Oxunduqca düşündürən, düşündürdükcə dəyəri daha yaxşı anlaşılan publisistik nümunələrdən biri.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: