“Payız ətirli qadın” şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirildi

“Payız ətirli qadın” şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirildi

Avqustun 8-də “Central Park Hotel”in tədbir zalında həkim-şair Solmaz Qəribelin rus və azərbaycan dilli «Женщина с ароматом осени»  –  «Payız ətirli qadın» şeirlər kitabının təqdimat mərasimi və poeziya gecəsi keçirilib.

​Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər qonaqları salamlayaraq müəllifin yaradıcılığı haqqında qısa məruzə edib. A. Nəzər həkimlik peşəsi ilə şairlik təfəkkürünün vəhdətindən söhbət açaraq, Solmaz Qəribelin poetik dünyasının həm insan bədəninə, həm də ruhuna toxunan həssaslığından bəhs edib.
​Daha sonra söz kitabın tərcüməçisi Təranə Məmmədə və redaktor Rəfail Tağızadəyə verilib, ardından Solmaz Qəribelə “Türk Birliyi” sertifikatı və medalı təqdim olunub. Təltifdən sonra müəllif qonaqları salamlayaraq bir neçə şeirini səsləndirib.
​Çıxışlar hissəsində ilk söz dilçi alim Sevinç Əliyevaya verilib; o, Azərbaycan dilinin zəfər dili olduğunu vurğulayaraq kitabın dilimizin təbliğinə xidmət etdiyini və bu təqdimatın müəllifin yaradıcılıq zəfəri olduğunu qeyd edib. Ardınca dilçi alim Mərziyə Nəcəfova, şərqşünas alim Kəminə Havidova, şairlər Yusif Nəğməkar, Ayaz Arabaçı, Xaqani Abbasəli Öztürk, jurnalist Rüfət Muradlı çıxış edərək dəyərli fikirlərini bölüşüblər. Bədii qiraətçi, Vətən müharibəsi iştirakçısı Cəbrayıl Qəmbər müəllifin şeirlərini səsləndirib, müəllifin qızı Ayşə xanım anasını təbrik edərək onun “Qadınlar var…” şeirini oxuyub. Həmçinin Əli Yunisov, İdris Babayev, Zaur Ustaç, Tatyana Avand və Zərəngiz Qayalı çıxış edərək öz xoş arzularını çatdırıblar. Qeyd edək ki, rəsmi hissə boyunca çıxışlar arasında səsləndirilən bütün şeir qiraətləri tarın canlı və həzin müşayiəti ilə təqdim olunaraq gecəyə xüsusi poetik ruh bəxş edib.
​Tədbirin rəsmi hissəsindən sonra müəllif Solmaz Qəribel təşkilatçılara və gələn qonaqlara minnətdarlığını bildirib, oxucular üçün kitablarını imzalayıb. Sonda xatirə şəkilləri çəkilib və tədbir müəllifin təşkil etdiyi çay-kofe fasiləsi ilə səmimi mühitdə, ədəbi söhbətlərlə davam edib.

Adilə Nəzər

Share: