Öz adı ilə böyüməyənlər

ARAZ GÜNDÜZ

(hekayə)

İki yoldaş avtobusla Bakıdan evə qayıdırdıq, yanaşı yerlərə bilet alıb oturmuşduq. Bir yandan isti bizi təntitmişdi, o biri yandan da, avtobusu dəli kimi sürən sürücü ürəyimizi üzürdü. Sözün düzü, evə tez çatıb sərinləmək istəyirdik, ancaq dəliqanlı sürücümüzün bir iş çıxaracağından qorxub ürəyimizi də yeyirdik.

Yolun yarısında sürücü avtobusu kölgəlik bir yerdə saxlayıb: yarım saata çaydan-çörəkdən yeyin, sonra gedək, dedi. Özümüzə ağac kölgəsində qoyulmuş masada yenicə yer eləmişdik ki, bizimlə yaşıd olan ortayaşlı bir kişi yaxınlaşıb: bu boş stulda oturmaq olarmı, deyə soruşdu. Oturun, dedik. Yeməkpaylayan gələndə nə yeyəcəyimizi dedik, tanımadığımız kişi isə yalnız bir çaynik çay istədi, yeməkpaylayan aralanandan sonra isə: çalışın, yolda yemək yeməyəsiniz, görürsən, boyat yeməkləri gətirib verirlər, yeyib altını çəkirsən, dedi.

Yeməyimizi dinməzcə yeyib çay içməyə başlayanda, mən danışığımıza körpü salmaq  üçün biraz qıraqda oturmuş sürücünü göstərib: ancaq yaman pis maşın sürür ha, dedim. Tanımadığımız kişi gülümsündü: düz deyirsən, yaman dəliqanlı adama oxşayır, dedi. Biraz susduqdan sonra yenidən dilləndi:

–Bu sürücünü görəndə, bizim kənddə bir Ağış vardı, onu andım: elə bil bir almanı yarıya bölüblər. Torpağı sanı yaşayasınız, mənim rəhmətlik nənəm deyərdi ki, insanlar bu dünyaya qoşa gəlir, yəni burada kimsə doğulursa, deməli, onun bir tayı, tən oxşarı olan birisi də, haradasa başqa bir yerdə doğulur. Yoxsa dünyanın dəngəsi pozular. Mən sonradan nənəmin bu sözünün üstündə çox düşünmüşəm, məncə, bu keçmişlərdə olmuş hansısa bir inancla bağlıdır, ancaq hansıyla, bax bunu tapa bilmirəm. Bayaqdan bu sürücüyə baxıram, elə bil, Ağışı itələyib durub yerundə: adam adama necə də bənzəyərmiş! Başağrısı olmasaydı, sizə biraz bu Ağışdan danışardım.

İkimiz də, bir ağızdan: başağrısı niyə olur, buyurun, danışın, dedik.

–Siz məndən yaxşı bilirsiniz, yaşadığımız indiki çağda yoxsul bir kişinin oğlu olub ötkəmlik etmək çətin məsələdir. Ötkəmlik deyəndə mən yetənə yetib, yetməyənə bir daş atmağı demirəm ha, yəni kiminsə qarşısında alçalmamağı, mənliyini qorumağı, düşündüyünü üzə deməyi nəzərdə tuturam. Ancaq sovet dönəmində belə işlər olurdu, görünür, onda adamları indiki kimi, çörək sınağı ilə sonacan sındıra bilməmişdilər, bir yandan da, necə də olsa, onda bu vəzifəlilərin nədənsə bir qorxub çəkinəcəyi də vardı, ortada dəvədən böyük fil vardı, yəni ən azından, başlarının üstündə Moskva vardı, oradan qorxub çəkinirdilər; ancaq deyəsən, ötən yüzilin 70-ci illərindən sonra bunlar, onların da dilini-ağzını bağlaya bildilər, necə deyərlər, Moskvanın da zayı çıxdı, dedilər, gedin nə bilirsiniz eləyin: can sizin, cəhənnəm tanrının, nə isə…

Tanımadığımız kişi biraz duruxdu, özünə çay töküb sözünün ardını gətirdi:

–Mən indi burada sizin üçün bir-iki ad çəkəcəyəm, bilirəm, döşünüzə yatmayacaq, deyəcəksiniz, çoban-çoluq adıdır: Əsi, Kələş, Əliş, Təriş, Kəriş, Ağış, Abı, Abış. Özümdən demirəm, oxuduğum kitablar deyir: Əsi – külək, Kələş – yaraşıqlı, Əliş – usta, Təriş – ağsaqqal, soyunu bir yerə toplayan, Kəriş – döyüşkən, Ağış – xəzinə, Abı – ruh, Abış – diz üstü deməkdir. Yoxsa, indi kimi dindirsən durub deyəcək: Kəriş, Kərimin, Abı, Abdullanın, Ağış, Ağahüseyinin çoban-çoluq dilində sayalaşmış şəklidir, o biri adlar da bunun kimi. O da düzdür ki, bizlər elə Ağahüseyinə – Ağış, Abdullaya – Abı, Kərimə – Kəriş deyirik, həmçinin, digər adları da el arasında başqa cür çağırırıq, ancaq bunun səbəbi yalnız və yalnız dilimizə yamaq olmuş bu yad adlara öyrəşə bilməməkdir. Deməyim odur, görün, öz kökümüzə, keçmişimizə necə yadlaşmışıq ki, belə gözəl adlar indi bizə bayağı və gülünc görünür.

Tanımadığımız kişi bu sözləri danışdıqca, biz iki kəndçi yerimizdə qurcalanıb altdan-altdan biri birimizə baxırdıq, bu vaxt ikimizin də üzündən, çox asanlıqla: “bu adam nə sayıqlayır” fikrini oxumaq olardı. Deyəsən, o da, nəsə anlamışdı, sözünə biraz ara verib dilləndi:

–Darıxmayın, indi bu adları niyə sadaladığımı deyəcəyəm. Bax, tutalım, yaxın bir tanışınızın, yaxud qohumunuzun övladı dünyaya gəlib, siz onunla qarşılaşanda bu münasibətlə nə deyirsiniz? İstəyirsiniz, mən deyim: əlbəttə, bu münasibətlə xeyir-dua verilir və ən çox da, “adı ilə böyüsün” deyilir. Yəni bu o deməkdir ki, keçmişlərdə insanlarımız övladlarına ad verəndə onların gələcəkdə hansısa bir yaxşı ada layiq olacağını arzulamışlar, buna uyğun ad qoymuşlar. Əlbəttə, indi baxanda, bu adətin çoxdan unudulduğu aydın görünür, ancaq yenə də düşünməyə dəyər: bizim xalq niyə son vaxtlar dəb düşmüş bu “doğum günü” sözünə alışa bilmir, yenə də buna “ad günü” deyir? Nə isə, qayıdıram söhbətimizə. Ağışın atasının adı Kəriş idi, ancaq necə deyərlər, lap mikroskopla axtarsan da, onda adına yaraşan heç nə tapa bilməzdin, olduqca yoxsul, dilsiz-ağızsız, başıqapazlının biriydi, işi-gücü də, kolxozun naxırını otarmaqdı. Baş ağrısı olmasın, Ağış evin böyüyü idi, ancaq kənddə bir kimsə onun işdəklərindən başa aça bilmirdi, onun oturuşu, duruşu hamı üçün dönüb olmuşdu bir tapmaca: görəsən, Kəriş kimi yazıq, başıaşağı bir kişini oğlu nədən belə ötkəm olmuşdu?

 

Düzdür, Ağışın da adı ilə yaşadğı həyat uyğun gəlmirdi, bir qarın ac, bir qarın tox yaşayırdılar, axtarsan, kənddə onlardan ac-yalavacı tapılmazdı. Bizim kənd adamı da, allah göstərməsin, bir kimsəni ayamasız qoymazdı qalsın, bu Kərişin də üzdə öz adını deyərdilər, ancaq daldada onu “sərçətutan” çağırardılar. Bu ayamanın da kökü Kərişin birinci evliliyinə gedib çıxırdı. İş belə olmuşdu, günlərin bir günü, kolxoz sədri kənddə bir kimsənin yiyə durmaq istəmədiyi ayağısürüşkən bacısını Kərişə sırımışdı. Toy gecəsi, gəlinin üzüqara çıxdığını görən yengə, Kərişi küncə qısnamışdı, o da evin damında yuva quran sərçələrdən tutub, ikisinin-üçünün boğazını üzüb, gərdək döşəyini qana bulamış, gəlinin üzünü ağ eləmişdi. Sonra elə o yengə də, bu hadisəni bütün kəndə yayıb, dilə-ağıza salmışdı. Kəriş də gəlini çox saxlamamışdı, kəndin başbilənlərindən kimsə onu başa salmış, o da gəlinin gününü göy əskiyə düyüb pisikdirmiş, başından eləmişdi.

 

 

Ağışın birinci igidliyi mənim gözümün qabağında olmuşdu… O günü kəndə hay düşmüşdü ki, ferma müdiri Ağaş Kəriş kişini nəyə görəsə bərk döyüb. Axşam üstü, hava qaralana yaxın, bütün kənd adamı fermanın yanına yığışar, örüşdən qayıdan sürüdən qoyunlarını ayırıb aparardılar. Biz də durub sürünün qayıtmasını gözləyir, altdan-altdan bizimlə yanaşı dayanmış Ağışa göz qoyurduq, atasının döyülməyinə görə, çoxumuzun ona ürəyi yanırdı, ancaq elə arsızlar da vardı ki, ona baxıb bığaltı qımışırdılar. Ağış da nəsə, yerində oyur-oyur oynayır, tez-tez fermaya sarı baxırdı, bir də onda gördük ki, Ağış yerə sinə-sinə fermaya sarı gedir, biz də nəsə anlamadan, ona göz qoyuruq: görəsən bu niyə belə eləyir, birdən Ağış bir göz qırpımında, pişik kimi sıçrayıb, özünü fermanın qabağında sağıcılarnan danışan ferma müdirinə yetirdi, yetirməyi ilə əlindəki çomağı var gücü ilə onun başına çalmağı bir oldu, ferma müdiri Ağaş guppultu ilə dəydi yerə, gəlib gördük, haçandı ürəyi gedib, başı-gözü də qan içində. Sağıcı qadınların qışqırığından qulaq tutulur, Ağaşın üzünə su səpib ayıldan kim, xısın-xısın gülən kim, Ağış isə gözə dəymirdi, qarışıqlıqda qaçıb aradan çıxmışdı. Bu hadisəni çox da açıb-ağartmadılar, kolxoz sədri Ağaşa demişdi ki, milisə şikayət verərsən, sənin Kərişi döyməyinin üstü açılar, onsuz da Kərişin nəyi var, ondan nə də alsınlar, ancaq girəvəyə salıb səni soğan kimi soyarlar, bu sistem işçiləri.

Bu hadisədən sonra Ağış bizim kənd uşaqlarının Koroğlusu oldu. Düzdür, Koroğlunun atası naxırçı yox, ilxıçı olmuşdu, onu Kəriş kişi kimi ferma müdiri döyməmişdi, Həsən xan götürüb kişinin gözünü çıxarmışdı, ancaq nə olsun, bizim üçün Ağış da elə Koroğluya tay olan bir igid idi, necə də olsa, atasının qisasını almışdı. Qaldı Koroğlunun Qıratına, sizə gülmək gəlməsin, Ağışın da öz “Qıratı” vardı, düzdür, bu Qıratdan çox balaca, boz bir eşşək idi, ancaq Ağış bu boz eşşəyin üstündə elə oturar, onu kənd yolunda toz qopara-qopara elə çapardı ki, onun bu boz eşşəyi bizim üçün elə Qıratın yerini verərdi. Onu da deyim ki, Ağışın biz yeniyetmələrdən iki “üstünlüyü” də vardı. Birincisi, bizim aramızda gizlində yox, göz qabağında papiros çəkən tək o idi, deyilənə görə, atası da bununla öyünürmüş, onun Ağışa: “oğul papruz(papiros) pulun qurtaranda, utanma de”, söylədiyini öz qulaqları ilə eşidənlər vardı. İkincisi, Ağış kənddə “toxunulmaz” eşşəyi olan tək yeniyetmə idi. Ağışın, “Qıratın” yerinə mindiyi boz eşşəyi özününkü idi, ondan başqası: nə atası, nə başqa biri olsun, bu eşşəyi minə bilməzdi.

Hamısını danışsam uzun çəkər, qısa eləyirəm, Ağışın kənddə istədiyi qız da vardı, burada da Ağış hamımızdan seçilərdi, utanıb-qızarmadan istədiyi qızın adını çəkər, “qoy bir özümə gəlim, atası verməsə götürüb qaçacağam”, deyərdi. Qız da kim olsa yaxşıdır, kolxozun baş aqronomu, kənddə hamının tük saldığı Kələşin qızı. Bu Kələş, müharibədə minaya düşmüşdü, sol ayağının barmaqlarını qəlpə aparmışdı deyin, çəliklə gəzərdi, veteran olduğuna görə, ondan çəkinərdilər, çəkinməyəni də, görərdin, çəliyini başına çaxıb, “qandırardı”. Bildiyimizə görə, qız Ağışı istəmirdi, Ağışın yoxsulluğu onu qızın gözündən elə salmışdı ki, necə deyərlər, fələk oğlu kələk də gəlsəydi, bu işi yoluna qoya biməzdi.

Ağış orta məktəbi qurtarıb Bakıya, peşə məktəbində oxumağa getdi, o çağlar rayonlarda peşə məktəbləri olmazdı. Üç-dörd ay sonra tətilə gələn Ağış, kənd arasında elə yeriyirdi ki, deyərdin, indi ayağı altında yer yarılacaq. İndiki kimi gözümün qabağındadır, peşə məktəbindən ona göy-bozumtul bir kostyum vermişdilər, onu geyinmişdi, boynuna da bir şarf dolayıb, bir ucunu çiyninə atmışdı, Ağış yeriyir, iki addım atandan sonra şarfın ucu çiynindən sürüşüb düşür, Ağış başını dik tutub dayanır, şarfın ucunu saymazyana çiyninə tolazlayır, yenə iki-üç addım atır, yenə də, şarfını düzəldir; mən moda sözünü ilk dəfə onda eşitdim, deyirdilər ki, Ağış “modalı” oğlan olub, Bakıda hamı onun kimi şarfla gəzir. Bir il keçmiş, kəndə hay düşdü ki, Ağış Bakıda evlənib; açığı, bu bizim üçün bir az anlaşılmaz oldu, biz evlənməyi toyla, zurna-qavalla görmüşdük, sonradan başı çıxanlar bizə dedilər ki, ora Bakıdır, orada kim-kimi bəyəndi, qurtardı getdi, çal-çağırsız, zurna-qavalsız, olurlar ər-arvad. Ağışın anası da başına yığışan kənd arvadlarına baxıb, üzünə bir az qayğılı, bir az qüssəli görkəm verib deyibmiş: Uşaq keçinə bilməyib də, neynəsin, bunun əyin-başı, yemək-içməyi var, gərək kimsə qulluğunu tuta da. Bir də bilirsiniz, uşağım beyniqanlıdır, özünü tutub saxlamayacaqdı ha, düyə him eləməsə, buğa sıçramaz… Ancaq bilənlərin deməsinə görə, Ağış orada ayağısürüşkənin birinə ilişibmiş, sonradan da ayrılıbmış.

Kişi çaydan bir qurtum alıb bizdən soruşdu:

–Sizi yormuram görəsən?

Biz ikimiz də: Oturmuşuq da onsuz, sözünüzü danışın, dedik.

–Ağış əskərliyini çəkib gələndən sonra kolxozda ona iş vermədilər, sürücü işləmək üçün Ağış gərək kolxoz sədrinə ən azı 5-6 yüz manat pul verib maşın gətizdirəydi, Ağışın pulu nə gəzirdi? Bir az sonra Ağış şəhərdə, Yol idarəsində işə düzəldi, bir sınıq-salxaq “Zil” maşın vermişdilər, iki gün işləyəndə beş gün təmirə dayanırdı. Ancaq deyilənə görə, Ağış orada idarənin müdiri ilə dil tapmışdı, onun “ürəkli oğlan” olduğunu görüb, adına yalandan iş yazıb, pulunun çoxunu özlərinə götürür, bir azını da ona verirdilər. Bu qalsın, onu deyim, onda mən Bakıda institutda oxuyurdum, yay tətilinə gələndə, gecə yarıya kimi oturub kitab oxuyar, aradabir qapıya çıxıb papiros çəkərdim, qapı qonşumuz rayonda, Statistika İdarəsində rəis müavini işləyirdi, gecənin hansı çağı papiros çəkməyə çıxsam, görürdüm ki, qapıda var-gəl eləyir. Bir dəfə mənə yaxınlaşıb, ürəyini açdı: Qonşu, sözün düzü, qorxudan gözümə yuxu getmir, bu köpəyuşağı elə işlər görürlər, mən elə kağızlara qol çəkirəm ki, birinin üstü açılsa, allah bilir mənə neçə il iş verərlər. Koxoz 100 litr süd verir, yazdırırlar 300 litr, min ton üzümü eləyirlər beş min ton, sənə hansını deyim, qalmışam içimdə qırıla-qırıla… Bax o dediyim, ötən yüzilin 70-ci illəri beləydi, Ağış da düşmüşdü bu alçaqların tələsinə, ömründə pul görməyən Ağış ola, boş yerdən cibinə pul qoyalar… Nə başınızı ağrıdım, Ağış oldu şəhərin ən yeyib-içən cayıllarından biri, sonu da o oldu ki, içki düşkünü olub getdi, sovet dağılandan sonra əlinə pul gəlmədi, qurşandı saxta araqlara, günlərin birində, elə bu əldəqayırma araqdan da partlayıb öldü…

Kişi susdu, bir az düşüncəyə daldı, sonra saatına baxıb, dilləndi:

 

–Deyəsən beş dəqiqəmiz qalıb getməyə. Mən mistikaya qapılan adam deyiləm, ancaq sonradan nənəmin dediyi o: “insan dünyaya qoşa gəlir” sözünün üstündə düşünəndə ağlıma bir şey gəldi, yaxşı, tutalım, insanlar dünyaya qoşa gəlib onun dəngəsini pozulmağa qoymurlarsa, onda bunlardan biri öləndə gərək o biri də ölsün, yoxsa dəngə pozulmazmı? Nənəm də sağ deyildi ki, soruşam, bu necə olur? Sonra, sizə gülməli gəlməsin, özüm bunun açmasını tapdım, qoşa gələnlərdən biri öləndə, sağ qalan onun da yükünü çəkməli olur, bunun başqa yolu yoxdur.

Bir az əvvəl dediyim kimi, birinin uşağı doğulub, başqaları bundan xəbər tutanda, ondan uşağın adını soruşar, sonra da belə deyərlər: adı ilə böyüsün! Yəni, bu uşaq ona qoyulan ada yaraşan bir ömür sürsün. İndi deyirəm, götürüb düzgün bir statistika aparasan, görəsən bu uşaqlardan neçəsi öz adı ilə böyüyür? Mənə elə gəlir, yüzdən onu öz adına uyğun böyüsə böyük işdir. Lap götürün elə bu, indi dilimizə yamaq olmuş ərəb-fars adlarını: görürsən birinin adını qoyublar Qüdrət, baxırsan, ölüvayın biridir, o birinin adını qoyublar İlham, düşünüblər bu “ilhamlanıb” şair olasıdı, sevgi şeiri yazasıdı, bir gün də bunun sorağı gəlir, hansısa kazinoda olan-qalanını uduzub, sevimli arvadını da girov qoyub! Biz tələbə olanda, kimsə götürüb bir satira yazmışdı, çoxunu unutmuşam, ancaq belə bir yeri vardı:

 

Babəkin – bazarda göyərti satır,

Koroğlun – Bayılda türmədə yatır,

Nəsiminin dərisi beş quruşadır,

Füzulin hallıdır, Vaqifin quldur,

Sabirin allahı qızıldır, puldur

Nə günə qalmısan, can Azərbaycan…

 

Aha, avtobus siqnal verir, yolçu yolda gərək, getdik…

 

Avtobus yola düşdü, ancaq məni də, elə yoldaşımı da, bu tanımadığımız kişinin danışığı elə bərk tutmuşdu ki, ikimiz də evə çatana kimi, qapıldığımız dərin düşüncələrdən ayrıla bilmədik… Yoldaşımın nə düşündüyünü deyə bilmərəm, ancaq mənə ən çox təəcüblü gələn bir də o idi ki, indiyədək heç kimdən belə sözlər eşitməmişdim, görəsən, o kişi bunları haradan bilirdi?!..

Avtobusdan rayon mərkəzinə çatmamış düşəcəkdik. Kəndimizə çatanda sürücünü haraylayıb, avtobusu saxlatdıq. Düşəndə, bizdən üç sıra qabaqda oturan tanımadığım kişi ilə əl verib sağollaşdım, özümü saxlaya bilməyib: Bağışlayın, sizin adınızı da bilmədik, dedim. Kişi gülümsədi: Adım Əməndir, qədim türkcədə palıd deməkdir, sonra isə, əli ilə cılız bədəninə işarə edib dedi: ancaq deyəsən, elə mən də adıma görə böyüməmişəm, görkəmimdə palıda az da olsa bir bənzərlik yoxdur…

 

Share: