Sosial şəbəkələrdə vətəndaşları ucuz mobil telefon adı altında talayan şəxs saxlanılıb

“TikTok” və “Instagram” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin kiberüsullarla talanması barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı “n.n_telekom” adlı səhifə yaradaraq “ucuz qiymətə mobil telefonlar” başlığı altında sosial şəbəkələrdə yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşları aldadan 2000-ci il təvəllüdlü Telman Heydərov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Saxlanılan şəxs vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirib. Sonradan T.Heydərov izi itirmək məqsədilə “ucuz qiymətə mobil telefon” almaq üçün ona pul köçürən şəxslərin hesablarını bloklayıb. Həmin şəxs sonradan vəsaitləri şəxsi hesablarına köçürərək nağdlaşdırıb.

Hazırda T.Heydərov barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət edə bilərlər.

Share: