Son günlərin meşə yanğınları: Azərbaycanda turizm sektorunu hansı təhlükələr gözləyir?

Bir neçə gündür ki, Azərbaycanın şimal və şimal-qərb rayonlarında meşə və meşəətrafı ərazilərdə yanğınla davam edir. Bu müddət ərzində ölkənin flora və faunasına ciddi ziyan dəyib. Həmçinin yaşayış yerinə keçdiyi üçün bir neçə ev də yararsız vəziyyətə düşüb.

Yanğının görünən fəsadları hələ ki bunlardır. Amma hadisənin bir də görünməyən tərəfi var. Bu isə turizm, bütövlükdə isə ölkə iqtisadiyyatı ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan turizmi uzun müddət qonşu Türkiyə və Gürcüstanla müqayisədə inkişafdan geri qalıb. Son dövrlər isə aradakı fərqi azaltmaq məqsədilə zəngin meşəsi olan bölgələrimizə dövlət səviyyəsində diqqət ayrılır, o cümlədən sahibkarlar tərəfindən investisiya qoyulur. Turizmin yeni-yeni dirçəlməyə başladığı vaxtda isə meşə yanğınları közərən ümidləri bir növ puç etdi.

Maraqlıdır, yanğınların turizmə, ümumilikdə iqtisadiyyata vurduğu ziyan hansı həcmdədir? Turizmin inkişafdan qalmaması üçün hansı addımların atılması nəzərdə tutulur?

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva Oxu.Az-a açıqlamasında bildirib ki, turizmə dəyən ziyanı müəyyənləşdirmək üçün yanğınlar tamamilə bitməlidir:

“Təəssüf ki, yanğınlar hələ davam edir. Turizmə və turizmin infrastrukturuna dəyən zərəri ancaq yanğınlar tamamilə söndürüləndən sonra müvafiq dövlət qurumları ilə birlikdə araşdırma apararaq müəyyənləşdirə bilərik. İndi heç nə demək mümkün deyil”.

İqtisadçı-ekspert Fuad İbrahimov də yanğınlar səbəbi ilə iqtisadiyyata dəyən ziyanın dəqiq həcmini deməyin hazırda mümkünsüz olduğunu qeyd edib:

“Çünki biz hansı infrastrukturların yanğından zərər gördüyünü bilmirik. Burada söhbət rabitədən, elektrik enerjisi infrastrukturlarından, su, qaz xətlərindən də gedə bilər. Hamısı hesablanıb dəqiqləşdirilməlidir”.

Ekspert turizmə mənfi təsir göstərən digər faktorlardan da söz açıb:

“Turizmimizin qonşu ölkələrdən geridə qalmağının obyektiv və subyektiv səbəbləri var. Buna ilk növbədə pandemiya təsir göstərib. Amma biz nəzərə almalıyıq ki, pandemiya qonşu ölkələrin turizminə də eyni səviyyədə zərər vurmuşdu. Bundan əlavə, quru sərhədlərin bağlı qalması, ölkəmizə viza məsələsində ciddi baryerlərin olması, məsələn, əlçatanlığı şəffaf olsa belə, prosesin çoxpilləli olması da turizmin cazibədarlığını pozan səbəblərdir. Belə bir vəziyyətdə yanğının baş verməsi problemi daha da qəlizləşdirir”.

İqtisadçı yanğınların onsuz da kövrək olan Azərbaycan turizminin daha da məhdudlaşmasına yol açacağını deyib:

“Keçən il qardaş Türkiyədə də yanğınlar turizmə ciddi fəsadlar törətdi, iqtisadiyyatına milyonlarla ziyan vurdu. Əgər bizdə də yanğınların miqyası böyüyərsə, cazibədar infrastrukturlara, əyləncə mərkəzlərinə ziyan gələrsə, turist axını kəskin zəifləyəcək. Dediklərim baş verəcəyi təqdirdə turizm sektorunun bərpası çətinləşəcək və bu sektora sərmayə qoyuluşu məhdudlaşacaq. Çünki investorlarda fobiya yaranmış olacaq. Yəni əlverişsiz, riskli mühit yaranır. Ümid edək ki, aidiyyəti dövlət orqanları, FHN bu faciənin öhdəsindən gələcək və dediklərimiz elə proqnoz olaraq qalacaq”.

Turizm üzrə ekspert Ceyhun Aşurov isə turizm sektorunun xüsusilə təhlükəsizlik məsələsinə çox həssas olduğunu vurğulayıb:

“Hazırda turizmin pik mövsümüdür. Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Regionlardakı hotellər, evlər turistlərlə dolub, qiymətlər də bu səbəblə qalxıb. Bunlar isə gözləniləndir. Gözlənilməz hal təbii fəlakətlər, meşə yanğınları, ümumiyyətlə, ekoloji problemlərlə bağlıdır. Bunlar turistlərin istirahətini pozur, təhlükəsizlik məsələlərini gündəmə gətirir. Xüsusilə təhlükəsizlik məsələsinə turizm sektoru çox həssasdır. Belə ki, hər hansı xoşagəlməz hadisə baş verərsə, dərhal insanlar reaksiya göstərir. Bu isə turistlərin məkanı dəyişməsinə səbəb olur”.

Həmsöhbətimiz hesab edir ki, insan faktorundan asılı olan hadisələr yaranmamasına diqqət göstərilməlidir:

“Dəfələrlə informativ məlumatlar paylaşılır ki, insanlar meşəyə plastik qablar, siqaret kötükləri atmasın, ocaq qalayanda diqqətli olsunlar. Amma görünür, bu istiqamətdə maarifləndirici işlər daha da genişləndirilməlidir. Çünki yaşananlar xoşagələn deyil, Ərazinin təhlükəsizliyi qısa müddətdə bərpa olunmalı, vəziyyət nəzarətə götürülməlidir”.

Sayad Həsənli

 

Share: