SEPAH-ın terror əməliyyatlarında əli olan üç zabiti İFŞA EDİLDİ

İran İnqilab Keşikçiləri Korpusunun əks-kəşfiyyat bölməsinin müavininin, həmçinin SEPAH-ın keçmiş və hazırkı xüsusi kəşfiyyat əməliyyatı bölməsinin iki zabitinin İsrail hədəflərinə qarşı uğursuz əməliyyatlarda rolları üzə çıxıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

SEPAH-ın əks-kəşfiyyat xidmətinin müavini Ruhullah Bazqəndi İsrailin İstanbuldakı keçmiş konsulu Yusuf Levi Səfari və üç israilli qadın turistə qarşı uğursuz sui-qəsd əməliyyatına başçılıq edib. Bazqəndinin Türkiyədə qeyri-peşəkar qüvvələri cəlb etməklə SEPAH-ın kəşfiyyatına böyük ziyan vurduğu bildirilir.

Məlumatlı mənbənin bildirdiyinə görə, Ruhullah Bazqəndi “Mossad”ın İrandakı təsirinə etinasızlıq edərək, SEPAH-ın yüksək rütbəli komandirlərinin və İranın raket və pilotsuz təyyarə proqramında nüfuzlu şəxslərin bir-birinin ardınca öldürülməsinə səbəb olub.

SEPAH-ın “Qüds” qüvvələrinin polkovniki və xaricdə terror əməliyyatlarına cavabdeh olan 840-cı bölmənin başçısı polkovnik Həsən Səyyad Xudayinin mayın 22-də Tehranda öldürülməsi Bazqəndinin səhlənkarlığı nəticəsində baş verib.

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən sui-qəsd planının aşkarlanması SEPAH-ın kəşfiyyat idarəsinə böyük zərbə vurub. İsrailin ovaxtkı xarici işlər naziri, indiki Baş naziri Jair Lapid bu sui-qəsdin üstünü açdığı üçün Türkiyəyə təşəkkür edib.

SEPAH-ın Kəşfiyyat idarəsinin 4000-ci bölməsinin müavini Mustafa Cavad Qaffari də İsrail vətəndaşlarına qarşı hücumlarda ardıcıl uğursuzluqların yaranmasında rol oynayıb.

Məlumatlı mənbəyə görə, ötən ilin dekabrında Suriyadan qovulmuş və İranın bu ölkədəki silahlı birləşmələrinin yüksək rütbəli komandirlərindən olmuş Mustafa Cavad Qəffari son 9 ayda terror hücumlarının icrasına cavabdeh olub və bu əməliyyatların hamısı uğursuzluqla nəticələnib.

Cavad Qəffaridən öncə, SEPAH-ın Xüsusi Əməliyyatlar üzrə müavini İsrailin Kiprdəki hədəflərinə qarşı uğursuz sui-qəsd planına görə vəzifəsindən uzaqlaşdırılan Rza Sirac idi.

Qeyd edək ki, SEPAH-ın kəşfiyyat bölməsinin davamlı uğursuzluqlarından və onların bir neçə ölkədə həyata keçirmək istədikləri sui-qəsd planlarının ifşa edilməsindən sonra, bölmənin başçısı Hüseyn Taib 23 iyunda vəzifəsindən uzaqlaşdırılıb.

 

Share: