Qərarlı valideynlər və qərarsız gələcək: İfrat qayğı kimə lazımdır?

Uşaq hüquqlarının qorunması da, pozulması da ailədən başlayır. Lakin valideyn bunu hüquqpozma kimi anlamır. Ata-anaların ifrat qayğısı bəzən uşaqların hüquqlarının pozulmasına gətirib çıxarır. Valideynlər bir çox hallarda övladlarının istəklərini nəzərə almayıb, onların həyatına təsir edəcək qərarlar verirlər. Uşaqları o qədər alışdırırlar ki, onlar müəyyən yaşa çatdıqdan sonra da qərar qəbul etməkdə çətinlik çəkirlər. 

Maraqlıdır, uşaqların həyatına təsir edən qərarları kim verməlidir? İfrat qayğının hansı fəsadları ola bilər? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlının sözlərinə görə, valideyn uşağına öz ayaqları üzərində dayanmağı öyrətməlidir:

“Heç şübhəsiz, hər bir valideyn öz övladını yaxşı görmək istəyir. Bunun yollarını da fərqli görür, onunla bildiyi kimi davranır, bəzən uşağa hökm edir, adından qərarlar qəbul edir. Nəticəsi isə arzuolunmaz olur. Övladları yaşca böyüsələr də, düşüncə, təhlil, nəticə çıxarma və qiymətləndirmə baxımından uşaq qalırlar, geriləyirlər, qərar qəbul edə bilmirlər. Valideyn uşağına öz ayaqları üstə dayanmağın, müstəqil düşünməyin, sərbəst fəaliyyətin və yaşamağın yollarını öyrətməyə çalışmalıdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə əlavə edib ki, istənilən hal, hərəkət ifrat həddə çatanda fəsadları ağır olur:

“Valideynlərin ifrat qayğısı uşaqlara ciddi zərər vurur. Uşağın şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaq müstəqil qərar qəbul edə bilmir, asılılıq yaranır. Cəmiyyətə adaptasiya olunmur. Bu baxımdan hesab edirəm ki, çox fəsadlı davranışdır. Valideynlər çalışmalıdırlar ki, uşaqlarını cəmiyyətə hazırlasınlar, şəxsiyyət kimi formalaşdırsınlar”.

M.Zeynalov qeyd edib ki, ifrat qayğı görən uşaqlar riskli davranışlara meyilli olurlar:

“Uşaqlar qurbana çevrilə bilərlər. İstənilən asılılıq onlar üçün cəlbedici olub, riskli davranışa meyilli olurlar. İfrat qayğıdan can qurtarmağa çalışırlar.

Əksəriyyət elə bilir ki, uşaq bu qayğını yüksək qiymətləndirir. Amma elə deyil. O qayğıdan qaçmağa daha çox cəhd göstərir. Müxtəlif qrupların təsirinə düşə bilir. Cəsur hərəkətlər edib, özünü valideynə göstərmək istəyir. Özünü sübut etməyə çalışır. Nəticədə ağır fəsadlar olur. İfrat qayğı metodundan əl çəkmək lazımdır”.

Övladlarının hüquqlarını qoruduğunu deyən Sevda Əliyevanın fikrincə, valideyn övladlarının düşünmə qabiliyyətini uşaqlıqdan formalaşdırmalıdır:

“İki övladım var – oğlan və qız. Hər ikisi fərqli düşüncələrə malikdir. Mən onları uşaqlıqdan elə böyütmüşəm ki, mənim qayğım ucbatından onların hüquqları pozulmasın. Övladlarımdan hər zaman adi bir məsələyə belə, münasibət bildirməklərini tələb etmişəm. Çünki onların düşünmə, qərar qəbul etmə, fikirlərini qarşı tərəfə çatdırmaq qabiliyyəti olmasa, onlar üçün gələcəkdə böyük çətinliklər yaradacaq. Hər şeyin öz yeri var”.

S.Əliyeva bildirib ki, valideynlər uşaqların istəklərini nəzərə almayıb, onların həyatına təsir edəcək qərarlar verirlər:

“İfrat dərəcədə qayğı göstəririk. Onda biz uşağa yaxşılıq etmirik. Onun hüquqlarını pozuruq. Valideynlər uşaqların istəklərini nəzərə almayıb, onların həyatına təsir edəcək qərarlar verirlər. Lakin bu, doğru deyil. Unutmayaq ki, uşaqların neçə yaşının olmasından asılı olmayaraq hər biri bir şəxsiyyətdir. Onları düzgün formalaşdırmağı bacarmalıyıq”.

Övladlarına ifrat qayğı göstərdiyini etiraf edən Vaqif Abbasov isə uşaqlarının qərar vermək yaşının çatmadığını bildirib:

“Övladlarımın qərar verəcək yaşda olmadıqlarını düşünürəm. Ümumiyyətlə, valideynin əli hər zaman uşağın üstündə olmalıdır. Neçə yaşı olur-olsun o, övladına hər şeyi izah etməli, dəstək olmalıdır. Çünki onlar səhv qərarlar verə bilərlər, təcrübələri çox azdır. Valideynin isə həyat təcrübəsi kifayət qədərdir”.

V.Abbasov əlavə edib ki, valideyn-övlad münasibətlərini adət-ənənələrimizə uyğun qoruyub-saxlamalıyıq:

“Valideynin uşağın yerinə qərar qəbul etməsi nə vaxtdan hüquq pozuntusu hesab olunub? Hər şeyi, valideyn-övlad münasibətlərini də dəyişdirməyə çalışırlar. Belə şey olmaz. Bura Avropa deyil. Bizim adət və ənənələrimiz var. Onları qoruyub-saxlamalıyıq. Uşağın da, valideynin də öz yeri var. Özümüzdən nəsə kəşf etməməliyik. Valideyn, onsuz da, övladının arzuladığı hər şeyi edir. Lakin qərarı valideyn verməlidir. Hər şeyi psixologiya ilə bağlayırlar. Guya valideyn uşağına söz deyəndə psixologiyası pozulur. İndiki dövrdə bunlar ortaya çıxıb. Əvvəllər belə deyildi”.

Nəzrin Vahid

Share: