Pul köçürmələri kəskin azalıb: “Bizim üçün ümumilikdə müsbət haldır”

Azərbaycanda pul köçürmələrində kəskin azalma müşahidə olunur. 2023-cü ilin yanvar-avqust aylarında ölkədə banklara sürətli pulköçürmə sistemləri vasitəsi ilə 1 milyard 694,8 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 415,8 milyon manata bərabər olub.

Ötən ilin yanvar-avqust aylarına nisbətən sürətli pulköçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 2,2 dəfə və ya 2 milyard 66,2 milyon manat, banklardan xaricə köçürmələr isə 64,2% və ya 267,1 milyon manat azalıb.

Bəs görəsən, pul köçürmələrinin azalmasının səbəbi nələrdir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı Emin Qəribli pulköçürmə dövriyyələrinin azalmasının bir neçə səbəbinin olduğunu bildirib:

“Pulköçürmə dövriyyələrinin azalmasının bir neçə səbəbi var. Həm bizim hökumət, həm də bir çox xarici ölkələr qlobal inflyasiya ilə mübarizə aparırlar. Onun üçün də müvafiq pul axınının və ya inflyasiyanın qarşısını almaq üçün tədbirlər görülür. Tədbirlər nəticəsində pulköçürmələr azalır. Qarşılıqlı olaraq bir çox ölkələr bu siyasəti həyata keçirirlər. Azərbaycan da bu siyasəti həyata keçirir”.

E.Qəribli qeyd edib ki, pul köçürmələrinin azalmasının neqativ təsirləri də ola bilər:

“Ticarət tərəfdaşlarımıza diqqət yetirsək, bunu aydın şəkildə görərik. Ən iri ticarət tərəfdaşımız Rusiyadır. Orada da devalvasiya baş verdi. Nəticədə iqtisadi artımda azalmalar oldu. Bu, ticarətdə azalmalara gətirib çıxardı. İkinci ticarət tərəfdaşımız Türkiyədir. Türkiyədə ilin əvvəlində zəlzələ oldu. Nəticədə daxili investisiyaları artırdı. Biz görürük ki, müəyyən problemlər yarandı. Bir neçə amil nəticəsində müvəqqəti olaraq pulköçürmələr azalıb.

Hesab edirəm ki, bu, təbii prosesdir. Xaricdə devalvasiya təhlükəsi varsa, Azərbaycan buna qarşı qabaqlayıcı addımlar atır. O da öz təsirini göstərəcək. Lakin pul köçürmələrinin azalmasının siyasətdə neqativ tərəfləri də ola bilər”.

“Dövriyyə, idxal və ixrac əməliyyatları azalırsa, bu öz növbəsində iqtisadi aktivliyə təsir göstərə bilər. Hər il dinamikaya baxsaq, görərik ki, həm neft, həm də qeyri-neft sektorunun həcmi artır. Azərbaycanın daha çox ixrac etdiyi neft və qazın qiymətləri stabildir. Qeyri-neft sektorun payı durmadan artır. Bizim üçün ümumilikdə müsbət haldır. İnflyasiyanın qarşısını alır, devalvasiya təhlükəsi olmur. Bu səbəbdən müsbətdir. Pul köçürmələrinin azalmasının mənfi tərəflərinin qarşısını almaq üçün hökumət qabaqlayıcı tədbir görəcək”, – deyə E.Qəribli əlavə edib.

Nəzrin Vahid

Share: