“Mədəkiçiltmə əməliyyatı bir çox ağır xəstəliklərə səbəb ola bilər”

Son illər artıq çəkidən əziyyət çəkən insanlar xilas yolunu cərrahi müdaxilədə görürlər. Xüsusən də xanımlar zərif görünmək üçün mədəkiçiltmə əməliyyatına daha çox maraq göstərirlər. Dünyada, o cümlədən Azərbaycanda da bu üsul ilə artıq çəkiyə son qoyanlar az deyil. Lakin bu əməliyyatların fəsadları bəzən faciəli nəticələrə gətirib çıxarır. Hətta bəziləri bu əməliyyatı keçirən insanların sonradan xərçəng xəstəliyinə düçar olduğunu deyirlər.

Bəs görəsən, mədəkiçiltmə (bariatrik) əməliyyat hansı xəstəliklərə yol aça bilər? Həmin şəxsin xərçəng xəstəliyinə tutulma riski neçə faizdir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən, qastroenteroloq-endoskopist Umud Mahmudovun sözlərinə görə, mədəkiçiltmə əməliyyatından sonra bütün xəstəliklər üzə çıxır:

“Qidalanma zəiflədiyi üçün bütün xəstəliklər üzə çıxa bilir. Fəsadları olur. Çünki qida mədədən düzgün sovrula bilmir. Lakin xərçəngin yaranma riskinin daha çox olduğunu söyləmək qeyri-mümkündür. Bu əməliyyatdan sonra xəstə daim nəzarət altında olmalıdır”.

U.Mahmudov qeyd edib ki, bariatrik xəstələrin ağırlaşması normal haldır:

“Elə şəxslər var ki, onlar əməliyyat olunmağa məcburdurlar. Lakin bəzi xəstələr var ki, onlar başqa yollarla arıqlaya bilərlər. Əməliyyat olunmaları şərt deyil.

Bütün əməliyyatlarda xəstə dünyasını dəyişə bilər. Bu təkcə bariatrik əməliyyata aid deyil. Lakin xəstəliyin ağırlaşma riskini də unutmamalıyıq”.

Tibb üzrə elmlər doktoru, cərrah Adil Qeybulla qeyd edib ki, mədəkiçiltmə əməliyyatı qan azlığına gətirib çıxarır:

“Artıq çəkinin qarşısını almaq üçün mədənin həcminin kiçildilməsi bir ideya olaraq ortaya atılıb. Bunun üçün müxtəlif üsullar var. Sağlam olmayan insanların bu əməliyyatı etdirməsi məqsədəuyğun deyil”.

A.Qeybulla əlavə edib ki, xəstənin xroniki anemiyası varsa, əməliyyat olunmamalıdır:

“Bariatrik əməliyyatdan sonra xəstədə xərçəng xəstəliyinin yaranacağı düzgün fikir deyil. Həmin xəstələrdə əməliyyatdan öncə onkoloji xəstəlik mövcud olub, əməliyyatdan sonra büruzə verib. Bunu bariatrik əməliyyatla əlaqələndirmək düzgün deyil”.

Terapevt Sübhan Hacıyev tənbəl insanların bu əməliyyata üz tutduqlarını qeyd edib:

“Tənbəl insanlarımız təbii yolla arıqlamaq əvəzinə mədəkiçiltmə əməliyyatına üz tuturlar. Bu sadə bir əməliyyat deyil. Dünyada bunu sadəcə orbit piylənməsi (yəni həddindən çox piylənməsi) olan insanlar edirlər. Onlar ölməmək üçün bu əməliyyata üz tuturlar. Əfsuslar olsun ki, bizim ölkəmizdə ciddi göstərişi olmayan insanlara da mədəkiçiltmə əməliyyatı icra olunur. Bu düzgün deyil”.

S.Hacıyev bariatrik əməliyyatın ağır fəsadlara yol açdığını söyləyib:

“Əməliyyatdan sonra mədədə olan aqressiv və qoruyucu faktorlar balansı pozulduğu üçün yaranmış disbalans qastrit, mədə xorası, hətta mədə xərçəngi kimi ağır xəstəliklərə gətirib çıxara bilir.

Bu əməliyyatlardan qısa müddət sonra mədədə maddələr mübadiləsi pozulur, xəstə B12 vitamini çatışmazlığından əziyyət çəkir. Orqanizmdə zəncirvari olaraq bir-birindən asılı olan bir çox xəstəliklər əmələ gəlməyə başlayır. İnsanlarımız bu əməliyyata getməzdən öncə mütləq şəkildə bir yox, bir neçə mütəxəssislə məsləhətləşməlidirlər. Bacardıqları qədər bu əməliyyatlardan uzaq dayansınlar”. 

Nəzrin Vahid

 

Share: