Faiq Sücəddinov: “Anam məni ora aparmaqla həyatdan məhrum etdi”

Biz “Yaşıl Teatr”a çatanda ağ, qara dillərə toxunan barmaqların melodiyası səslənirdi. Ətrafa yayılan səsdən sevgini hiss etmək olurdu. Bu yeni bəstənin notları idi.

Lent.az-ın budəfəki müsahibi Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinovdur.

Onunla müsahibəni təqdim edirik:

– Salam, Faiq müəllim, necəsiniz?

– Mən həmişə yaxşıyam. Sevdiyim işdə çalışıram. Demək ki, əlayam.

– Dünənki və bugünkü Faiq Sücəddinov. Arxaya baxanda nələr gəlir ağlınıza?

– Mən bir söz deyim. İstəyir bəstəkarlar, istəyir kimsələr, bəlkə, arxaya baxırlar. Amma mən baxmıram. Keçmişdə nə olubsa, olub. Bunları düşünmək mənasızdır. İrəliyə baxmaq lazımdır. Səhər, biri gün nə edəcəyini düşünməlisən.

– Uşaqlığınız nadinc keçib?

– Nizami metrosundan dörd tin yuxarıda yaşayırdım. Qabaqlar “Qubanov” küçəsi adlanırdı, indi bilmirəm. Çox maraqlı bir həyat keçirdi orada. Bilirsiniz, o vaxtlar musiqiyə böyük sevgi vardı. Hər evdə pianino olardı. Bakıda pianonu çox mükəmməl çalardılar.

Anam da məni 6 yaşımda musiqi məktəbinə yazdırdı. Məktəbə başladığım gündən sanki, həyatdan məhrum oldum. Bir gözüm həyətdə idi. İstəyirdim baxım nə var, nə yox. Meydan adamı olduğum üçün ağlım futbolda qalmışdı. “Mənsiz necə oynayırlar?”, deyə düşünürdüm.

Belə-belə musiqi məktəbini bitirdim. Təbii ki, məktəbdə bir az soyuqluqla baxırdım fənlərə. Ona görə ki, gələcəyimin musiqi ilə bağlı olduğunu bilirdim.

– Həyatdan məhrum olduğunuzu dediniz. Bəs, musiqini necə sevdiniz?

– Musiqini duyurdum. Hiss edirdim. Zamanla sevgimin olduğunu öyrəndim. Musiqi məktəbini bitirib, 18 yaşında Asəf Zeynallı Texnikumunun Fortepiano şöbəsinə daxil oldum. O vaxtlar daxil olmaq çox çətin idi. Çünki hər bir ixtisas üçün 15 yer verilirdi. Oranın diplomu insana yol açırdı. Əgər bitirdinsə, sən dərs deyə bilərdin. Dörd il böyük bir zövqlə dərsə gedirdim.

O zamanlar bizim müdirimiz Azər Abdullayev idi. Azər Abdullayev o vaxt məni Asəf Zeynallıya qəbul etdi. Baxmayaraq ki, mən qulaqdan çalırdım, bir az nadinc idim. Amma mənə yol göstərdi. Sonrakı illərdə biz onunla görüşdük. Mənə “İndi sənə baxıram və heyifsilənmirəm” dedi. Məni qəbul etdiyi üçün ona çox təzyiqlər olmuşdu.

– Peşman olub, nə zamansa özünüzdən üz döndərmisiniz?

– Mən şərəfli həyat sürmüşəm və dönüb arxaya baxanda heyifsiləndiyim heç nə yoxdur. Nəyə peşman olacaqsan? Bu həyatdır. Qarşıya baxmaq lazımdır.

– Övladınızın sizin davamçınız olmasını istəyərdiniz?

– Davamçılar yoxdur. Çünki musiqini sevmək lazımdır. Hərdən bir oğlum mənə deyir ki, sən nahaq yerə məni musiqiyə yönləndirməmisən. Dedim sən bir addım atsaydın qabağa, mən təbii ki, səni götürərdim və öz ardımca aparardım. Musiqi elə bir şeydir ki, valideyn uşaqlıqdan göz qoymalıdır övladına. Onun həvəsinin necə olmasına fikir verməlidir. Ola bilər ki, 50 ildən sonra bizim də ailəmizdən nəvələrim, nəticələrim, kimsə ola musiqiyə getsin. Amma düzgün deyil. Bəstəkarın oğlu bəstəkar olmalıdır deyə bir şey yoxdur.

– Musiqinizin son vəziyyəti necədir? Ən son bəstələdiyiniz mahnınız hansıdır?

– “Zəfər” simfonik poemasını yazmışam. 3 hissəlidir, 22 dəqiqə davam edir. Daha sonra “Şuşa” oratoriyasını yazmışam. Son əsərim isə rekvim, xordur. İnşallah, bir gün səslənəcək. Cabir Novruzun sözlərinə romans yazmışam. Təbii ki, indi istəyirəm kamera orkestr üçün bir əsər yazım. Gündəlik isə yaradıcılıq prosesini davam etdirirəm. Xor üçün sözsüz, səslə vokaliz əsər yazmışam, notlar oradadır. Beləcə davam edirəm yaradıcılığıma.

– Xoşbəxtsiniz?

– Bəli, xoşbəxtəm. Çünki sevdiyim sənətlə məşğulam. Zamanla ayaqlaşmaq lazımdır.

– Sizin fikrinizcə, mahnılar müasirləşə bilir?

– Musiqi müasirləşmir. O hər zaman yerində qalır. Yaxşı musiqi isə illər keçsə də, dinlənilir. Sən mahnını zamanla ayaqlaşdıra bilsən, müasir adlandıra bilərsən. Amma əsas odur ki, onun materialı düzgün olsun.

– Son dönəmlər bayağı mahnı ifa edən müğənnilərin sayı artıb. Maraqlısı isə bu bayağı mahnıların qısa müddətdə trendə çevrilməsidir. Buna səbəb nədir, sizcə? İnsanların zövqləri niyə bu qədər dəyişib?

– İnsanlar azaddır. Görürsən, bu mahnı sənin zövqünü oxşamır, qulaq asma. Bu çox sadədir. Televiziyada yayımlanan mahnılarla bağlı mən sizinlə razıyam. Elə bu yaxınlarda bir yığıncaqda da bu məsələ müzakirə olundu. O mahnılar Azərbaycan musiqisi deyil. Mən toya gedirəm, elə mahnı çalınan kimi çıxıb foyedə dururam. İnsan xoşlamadığı şeyləri deməlidir. Bu böyük bir bəladır. Bizim gözəl xalq mahnılarımız var, heç bir xalqda bizim mahnılar kimi gözəl bəstələr yoxdur. Bizim babalarımız, atalarımız o mahnılarla yaşayıblar.

Mənə elə gəlir ki, özünə hörmət edən müğənni elə ifalar oxumaz. Ona görə ki, bunların hamısı müvəqqətidir.

– Azərbaycanda mahnı bazarı varmı?

– Mən buna bazar deməzdim. Əlbəttə ki, müraciət edib mahnı alanlar olur. Hər zaman olub bu. Sadəcə bazar deməyək. Gəlib bəstə istəyirlər, danışırıq, anlaşırıq. Sifarişlər olur.

– Builki “Avroviziya” mahnı müsabiqəsində bizi təmsil edən əkizlərin həm mahnısı, həm də geyimləri ciddi müzakirələrə səbəb oldu. Maraqlı olardı, bu müsabiqəyə hansı seçim meyarları aiddir?

– Səs toplamaq üçün şans lazımdır. Avropalı bir şəxsin bizə səs verməyi üçün tək mahnının yaxşı olması vacib deyil. Meyarlar və insanlar müxtəlifdir. Səs verən insanın mahnı xoşuna gələ bilər, paltar seçimini sevdiyi üçün səs verə bilər.

Əkizlərdən danışsaq, mən onlarla görüşdüm. Zaqataladan gələn iki gəncdir. Mahnı eşqi ilə yavaş-yavaş gəlib bu yerə çıxıblar. Əsas məsələ bu gündən sonra onlara dəstək olmaqdır.

– Bəstələrinizi necə yazırsınız?

– İşə gələn kimi oturub not yazıram. Bəstəkar pianonun arxasında olmalıdır. Mütləq qələm də əlində. Bu həyat tərzimdir. İnsan var ki, işə gəlib kompüterə baxır, kimisi texnika düzəldir. Mən də ancaq piano arxasında oluram. Evdə də eyni vəziyyətdir.

Bir də görürsən ki, gecə saat 2-dir, sənin ağlına fikir gəlib. Yata bilmirsən. Buna “ilham pərisi” deyirlər. Amma elə deyil. Bu yaşam tərzidir. Bu sənin sənətindir. Gecə durub yazırsan, qoyursan qırağa. Səhər açıb baxırsan. Nələrisə dəyişirsən.

– Faiq Sücəddinov boş vaxtlarında nə etməyi xoşlayır? Musiqidən başqa hobbiniz varmı?

– Mənim həyat tərzimin 60-70%-i yaradıcılığımdır. Çox çətin bir sənətdir. Amma boş zamanlarımda yürüşə üstünlük verirəm. Hava alıram. Bu çox vacibdir.

– İnsanlıq üçün dünyada ən dəyərli şey nədir?

– Sevgi. Həyat. Yaşaya-yaşaya nə isə edirsən. Qəlbdə sevgi varsa, yaradırsan. Siz heç sevgiyə aid duyğuları olmayan mahnı görmüsünüz? Fidan xanım, həyat sevgi üzərində dayanıb.

– Hazırda gənc bəstəkarların yaradıcılığı qənaətbəxş hesab edilə bilərmi? Ümumiyyətlə, gənc bəstəkarlara nə nəsihət etmək istərdiniz?

– Bəstəkarlığı bitirən hər bir şəxs yazıb, yaratmaq istəyir. Amma elə olur ki, müəllimliyə keçir. Mən gənclərə yalnız sənətlərini sevməklərini deyə bilərəm. Çalışdığın sənəti sevməlisən. Sevdinsə, yazıb-yarada bilərsən. Musiqi istəyir ki, onu tam sevəsən, orada yarımçıq nə isə ola bilməz.

Share: