Oxu.az – DÇ-2022: Braziliyanın büdrədə bilmədiyi avropalılar, Van Qalın uduzduğu yeganə komanda

Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında üz-üzə gələcək Xorvatiya və Braziliya yığmaları daha əvvəl dörd dəfə bir-birilərinə rəqib olublar.

“Report” xatırladır ki, son olaraq 2018-ci ildəki yoldaşlıq oyununda 2:0 hesablı qələbə qazanan Cənubi Amerika təmsilçisi indiyədək bu komandaya (3 qələbə, 1 heç-heçə) uduzmayıb.

Mundiallarda bu qitənin yığmaları ilə beş dəfə görüşən Xorvatiya dörd qarşılaşmadan məğlub ayrılıb. “Damalılar” yalnız 2018-ci ildə Argentinanı üç cavabsız qolla üstələyiblər.

“Sambaçılar” çempion olduqları DÇ-2002-dən sonra turnirlərdə məhz Avropa milliləri ilə görüşlərdə mübarizəni dayandırıblar. Braziliya seçməsi 2006-cı ildə 1/4 finalda Fransaya, 2010-cu ildə Niderlanda, 2018-ci ildə Belçikaya yenilib. Komanda DÇ-2014-də yarımfinalda Almaniya ilə dueldə tarixi məğlubiyyət almışdı – 1:7.

Xorvatların böyük turnirlərdə (Avropa və dünya çempionatları) qrup mərhələlərindən sonrakı səkkiz matçın yeddisi əlavə vaxta gedib. Yığma DÇ-2018-in finalında Fransaya əsas vaxtda 2:4 hesabı ilə uduzub. Mundialdakı dörd oyundan qələbə ilə ayrılan komanda bunların 3-nü penaltilər seriyasında əldə edib.

1/4 finalın ikinci qarşılaşmasında Niderland və Argentina milliləri münasibətlərə aydınlıq gətirəcəklər. Tərəflər mötəbər yarışda 6-cı dəfə üz-üzə gələcəklər. Hərəyə iki qələbə əldə edən seçmələr bir dəfə qrup matçında heç-heçəyə razılaşıblar.

DÇ-2014-ün yarımfinal mərhələsində Cənubi Amerika təmsilçisi əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşan görüşdə penaltilər seriyasında rəqibini məyus edib. Bu isə Niderlandın baş məşqçisi Lui Van Qalın dünya çempionatlarında mütəxəssis kimi yeganə məğlubiyyətidir. “Narıncılar” onun rəhbərliyi altında 9 qələbə və 1 heç-heçə əldə ediblər.
 

2006-cı ildə qrup oyununda da qolsuz heç-heçə qeydə alınıb. 1930-cu ildə ilk turnirin finalında Uruqvay millisinə uduzan “tanqoçular” mundiallarda qrup mərhələsindən sonra yalnız Avropa komandalarına məğlub olublar.

Niderland yığması isə qatıldığı yarışlarda əvvəlki üç 1/4 finalda (1998, 2010 və 2014) mərhələ adlayıb. Köhnə qitə təmsilçisi 1998-ci ildə bu mərhələdə Braziliya ilə bacarmayıb.

Qeyd edək ki, Xorvatiya – Braziliya oyunu Bakı vaxtı ilə saat 19:00-da, Niderland Argentina matçı ilə saat 23:00-da başlayacaq.

Share: