“Dəniz kuboku” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

“Report” xəbər verir ki, yarışda 4 komanda – Azərbaycan, Rusiya, İran və Qazaxıstan komandaları iştirak ediblər.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov çıxışında yarışda qalib gələn hərbçiləri təbrik edib: “Müsabiqədə ən böyük qələbəmiz dostluqda, hərbi əməkdaşlıqda yeni zirvələr fəth etməyimiz oldu. Mən müdafiə naziri general-polkovnik Zakir Həsənov və öz adımdan qalibləri, qonaqları, media nümayəndələrini təbrik edirəm. Vurğulamaq istəyirəm ki, iki il öncə 30 il həsrətində qaldığımız tarixi torpaqlarımızı da geri qaytardıq. Arzu edirəm ki, dünyada hər zaman sülh və əmin-amanlıq hökm sürsün. Əminəm ki, biz tək döyüşlərdə deyil, bu cür müsabiqələrdə, yarışlarda da qələbə qazanacağıq”.

Tədbirin sonunda qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsi artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə ve xilasetmə hazırlığı və dəniz hazırlığı olmaqla üç mərhələdə keçirilib.

Xatırladaq ki, müsabiqənin açılış mərasimi avqustun 15-də baş tutub.

 

Share: