Cüdo millisinin məşqçisi: “Yeniyetmə qızlar böyüklərin yarışında da sözlərini deyəcəklər”

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa Gənclər Olimpiya Festivalında (EYOF) və Portuqaliyada keçirilən Avropa çempionatının medal sıralamasında birinci olub.

Hər iki yarışda oğlanlarla yanaşı, qız idmançılar da medallar qazanıblar. Qitə çempionatında Vüsalə Hacıyeva (48 kq) qızıl, Xədicə Qədəşova (50 kq) bürünc medal əldə ediblər. EYOF-da isə hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov “Report”a müsahibəsində turnirlərlə bağlı təəssüratlarını bölüşüb və 23-27 avqustda Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq dünya çempionatındakı hədəflərdən danışıb.

– Yeniyetmə cüdoçular bu il həm Avropa çempionatında, həm də EYOF-da medal sıralamasında birinci olublar. Yarışlarla bağlı təəssüratlarınız necədir?

– 2022-ci ildəki Avropa çempionatında da nəticələrimiz olmuşdu. Qitə yarışında qızıl və gümüş medallara sahib çıxmışdıq. EYOF-da isə qızıl, gümüş və bürünc medallara yiyələnmişdik. Ötən il Aydan Vəliyeva və Fidan Əlizadə özlərini yaxşı tərəfdən göstərmişdilər, Avropa və dünya çempionatlarında, həmçinin, EYOF-da medallar qazanmışdılar. Bu il isə Vüsalə Hacıyeva və Xədicə Qədəşova iki yarışda medallar əldə ediblər. Ümid edirik ki, dünya çempionatında da nəticələri təkrarlayacaqlar, bizi və xalqımızı sevindirəcəklər.

– Vüsalə Hacıyeva və Xədicə Qədəşovanın çıxışlarını necə dəyərləndirirsiniz?

– Medalların əyarına baxsaq, bizim üçün sevindiricidir. Amma nəzərə almalıyıq ki, bunlar yeniyetmələrdir. Səhvlər var və bunun üzərində işlər gedir. Dayanmadan məşqlərimizi edirik, yarışlardan qayıdan kimi təlim-məşq toplanışına qoşuluruq. Hazırlıq proseslərində səhvlər üzərində işləyirik, növbəti turnir – dünya çempionatı üçün isə rəqibləri təhlil edirik.

– Ümumiyyətlə ölkəmizdə yeniyetmə və gənc yaşlarda bir çox idmançılar parlasa da, daha sonra ümidləri doğrultmurlar. Bunun səbəbini nədə görürsünüz?

– Yeniyetmə qızların gənclərə və böyüklərə keçidi bir az vaxt alır. Çünki gənclərdə güləş tərzi də fərqlidir. Böyüklərdə isə peşəkarlaşırlar. Hazırda qadınlardan ibarət əsas komandanın 70 faizi ötən il yeniyetmə və ya gənc olan qızlardır, əksəriyyəti 2004 və 2005 təvəllüdlü idmançılardır. Onların böyüklərdə medal qazanması üçün vaxt da lazımdır, çünki inkişaf etməlidirlər. Yeniyetmə və böyüklərin yarış səviyyəsi də çox fərqlidir. Bu səbəbdən bir az zaman lazımdır.

– Siz də belə hallarla rastlaşmamaq üçün hansı addımları atırsınız?

– İşimiz bir sistem üzərində qurulub və bu yöndə də davam edir. Cüdoçuların gənclərə, oradan da böyüklərə keçidi və özlərini göstərmək baxımından vaxta ehtiyacları var. Bu, 1-5 günə və ya 1-2 ilə həll edilən iş deyil. Addım-addım olan prosesdir.

– Qadın cüdoçularından yalnız Ukrayna əsilli İrina Kindzerska olimpiadanın medalını əldə edə bilib. Azərbaycanlı qadın cüdoçunun bunu bacarması üçün hansı işləri görmək lazımdır? Sizcə, Vüsalə və Xədicə irəlidəki dönəmlərdə ən azı bu uğuru təkrarlaya bilərlərmi?

– Bu gün demək olar ki, bütün ölkələrin favorit idmançıları 25-30 yaşındadırlar. Bizdə isə əsas yığmadakı qızlar 2004-2005 təvəllüdlüdürlər, çox gəncdirlər. Onların perspektivləri var. Amma inkişaf etməlidirlər və buna görə də zamana ehtiyac var. Nəzərə almalıyıq ki, Vüsalənin hələ 16 yaşı var. O, gələn ildə də yeniyetmə olacaq. Xədicə isə növbəti ildən gənclərdən ibarət komandada mübarizə aparacaq. Ümid edirik ki, bu qızlar gələcəkdə böyüklərin yarışında da sözlərini deyəcəklər.

– Yeniyetmə cüdoçular bir həftə sonra Zaqrebdə keçiriləcək dünya çempionatında iştirak edəcəklər. Komanda medal sıralamasında yenə birinci ola bilərmi?

– Bu turnirə hazırlaşırıq. Sınaq yarışlarında yaxşı çıxış etmişik, təlim-məşq toplanışlarına qatılmışıq. Avropa çempionatı və EYOF-dakı medallar ümid verir ki, burada da nəticələrimiz yaxşı olacaq. Amma bu, dünya çempionatı olduğundan ağır yarışdır. Ümid edirik ki, Vətənə əliboş qayıtmayacağıq.

Share: