Orxan ARAZ: Başqa dili yaxşı bilsəm də, ürəyimdəki hissləri yalnız ana dilimdə istədiyim kimi çatdırıram

Orxan Araz Türkiyədə, İqdır vilayətinin Quzugüdənlər kəndində anadan olub. Erkən yaşlarından Almaniyada mühacir kimi yaşayır. Tanınmış yazar, tərcüməçi və naşirdir. Elə ilk əsəri də ayrılıqla, həsrətlə bağlıdır- “Ayrılığın Rəngi Hüzn”. Ürəyi və yaradıcılığı böyük Türk dünyası, xüsusən də Azərbaycanla bağlıdır. Onunla sosial şəbkə üzərindən həmsöhbət olduq. Həmin söhbəti olduğu kimi yayınlayırıq.

–  Orxan bəy, sizi bir daha xoş gördük, deyin, necəsiz, nə var nə yox?

– Çox sağ olun. Yaşamaq özü bir mübarizədir. Bu mübarizədən sağ-salamat və xəsarətsiz çıxmaq qələbədir. Yaşayıram və mübarizə aparıram.

Açıklama yok.

– Uzun illərdir qürbətdə yaşayırsız, qürbətin havası ilə nəfəs alır, imzanı dünyaya tanıdırsız. Deyin, qürbətdə olmağın yaradıcılığınızda təsiri oldumu?

-Demək olar ki, bütün xalq mahnılarımız ayrılıqdan, qurbətdən bəhs edir. Bilirsiniz, Türkiyədə məşhur bir xalq mahnısı var:

“Yarim İstanbulu mesken mi tuttun, gördün gözəlləri biz unuttun!”.

Asiyanın içindən Anadoluya, oradan da Avropaya gələn türkmən tayfaları qurbət haqqında yüzlərlə xalq mahnıları, şeirlər və deyimlər ifa ediblər. Biz də nə qədər yaxşıyıq desək də, vətənimizin kədərini, həsrətini həmişə içimizdə daşıyırıq.

Açıklama yok.

 

Almaniyaya gəldikdən sonra yazdığım ilk əsərlərdən biri “Ayrılığın Rəngi Hüzn” adlanır. O kitab şeir kitabı deyil, ayrılığın, qurbətin ruhuma üfürdüyü cümlələrin şeirləşmiş halıdır. Bu, ən çox satılan və tanınmış əsərlərimdən biridir. 2002-ci ildə İstanbulda nəşr olundu və daha sonra “Net Kitaplık” bu yaxınlarda  ikinci dəfə o kitabı nəşr etdi. Üsküdar Universiteti Sosiologiya Bölümü professoru Prof. Əbülfəz Süleymanlı hər semestr “köç və yadlaşma” mövzusunda bu kitabı tələbələrinə oxutdurduğunu və tövsiyə etdiyini televiziya kanalında həm deyib, həm də yazıb. Ən çox onun tələbələrindən bu mövzuda məktublar alıram. Digər əsərlərimdə də qürbətin izləri görünür. “Aşklar Daha Ölmədi” adlı şeir kitabımdakı şeirlər təkcə sevgidən deyil, ayrılıq,  qurbət üzərinə yazılan şeirlərdən ibarətdir.

Çox gənc yaşda ölkəmi tərk etsəm də, ölkəmin bütün xüsusiyyətlərini beynimdə daşıdım. Özgələşmənin böyük bir xəstəlik olduğunu və insan faciəsinə səbəb olacağını çox erkən anladım. Bu səbəbdən də hər yerdə, hər zaman içimdə xalqımın, yurdumun ocağı yandı. Bu ocaq məni qorudu və dilimi daha da təsirli etdi.

 

-Demək, uzun illər Almaniyada yaşasanızda, Alman ədəbi mühütinin sayılanlarından olsanız da, türkcə yazmaq, yaratmaq sizi bir an da tərk etmədi.

– Elədir. Mən almanca yayınlanan əsərlərimi əvvəlcə ana dilimdə yazıram, sonra alman dilinə tərcümə edirəm. Başqa dili nə qədər yaxşı bilsəm də, ürəyimdəki hissləri yalnız ana dilimdə istədiyim kimi çatdıra biləcəyimi düşünürəm. Dil insanın bəxtinin tərcüməçisi və rəhbəridir. Onu nə qədər yaxşı bilsəniz və sevsəniz, yolunuz bir o qədər aydın olar.

Açıklama yok.

-Türkiyədə İqdırda anadan olmusunuz. Kəndinizin də adı çox xoş gəlir, Quzugüdən kəndi. Burada yaşayanlar əsasən Azəri türkləridir, deyəsən.

İğdır çox fərqli bir şəhərdir. Osmanlı dövründə İğdır kimi sərhədçilərə “Uç bəyləri” deyirdilər. İğdır çox maraqlı yerdir. Ağrı dağının ətəyindəki bu düzənliyin adı Sürməli çuxurudur. Araz çayı Azərbaycana doğru axdıqca, sanki İğdırın hisslərini ora aparır. Əvvəllər İğdır çoxmədəniyyətli şəhər olub. Burada ermənilər, ruslar, almanlar, yunanlar da yaşayırdılar. 1970-ci illərdə İğdırda fransız və rus dillərində danışan insanlar var idi. Hətta özlərinin mətbuatı,  karikatura qəzetləri çıxaranlar da olub. İğdırlılar ya Xoydan, ya da Qazaxdan və onun ətraflarından gəlmişdilər. Hətta bəziləri Təbriz və Qarabağdandır. Bizim Quzugüdən kəndimiz bir Türkmən kəndidir. Quzugüdənli camaatının bir qismi Orta Anadoluda yaşayır. Kəndimizdən başqa Sivas, Kayseri, Konya, Kirşehir bölgələrində də Quzugüdəndən olanlar var. Onların soyadları bizimki kimi Aras deyil, Kuzugüdənlidir. Prof. Faruk Sümər “Oğuzlar” kitabında Kuzugüdənlilərdən bəhs edir. Babalarımız 1600-cü illərdə Şah Abbasın ordusunu tərk edərək Anadoluya qayıdırlar. Kuzugüdənli tayfasının adı Osmanlı sənədlərində tez-tez çəkilir. Mən bu yaxınlarda yeni bir sənəd oxudum və bu, 1887-ci ilə aid idi, Kuzugüdənli tayfasının Çərkəzlərə basqın etdiyi yazılmışdı.

Bizim İğdırın Quzugüdən əhalisi Azərbaycan türkcəsində danışır. Başqa bölgələrdə yaşayan Quzugüdənlilər Anadolu türkcəsində danışsalar da, onların adət-ənənələri,  atalar sözləri və bəzi deyimləri Azərbaycan türkcəsinə bənzəyir.

– Sizin yaradıcılığınıza fikir verəndə də bu qənaətə gəlinir ki, Azərbaycana daha çox bağlısız. Səhv etmirəmsə elə ilk şeirlər kitabınızı da Qarabağla bağlı adlandırmısız.

-Kuzugüdənlilər Təbrizdən gəlsələr də, nədənsə ailəmizdə, kəndimizdə Qarabağla bağlı sözlər çox olurdu. Bu mövzu haqqında çox düşündüm. Bəlkə də bu tayfanın Təbrizdən sonra ilk yaşayış yeri Qarabağ olub. Mən anamdan çoxlu Qarabağla bağlı söz və şeirler dinləmişdim. 1988-ci ildə Azərbaycanda Qarabağ hadisələri başlayanda burada çox narahat olurduq. Ona görə də 1991-ci ildə “Qarabağın göz yaşları” adlı şeir kitabımı çap etdirdim. Bundan sonra Azərbaycana olan hisslərimizi təsvir edən “Azərbaycan davası” adlı kitabımı yazdım və İstanbulda nəşr olundu.

– Azərbaycanda kifayət qədər tanınırsız. Bunun elə bir sirri yoxdur, əlbəttə. Azərbaycana,  Türk dünyasına sevgi, kökə, ulusa möhkəm tellərl bağlı olmanız buna əsasdır. Başqa nə ola bilər?

– 1990-cı ildə ilk dəfə Azərbaycana getmək şansım oldu. 20 Yanvar hadisələri bizə çox təsir etdi. Bakıya enən kimi şok duyqulandım və bir uşaq kimi ağlamağa başladım. Bütün o duyğularımı və hadisələri yeni çapdan çıxmış “Biz Azərbaycanı çox sevdik” kitabımda ətraflı izah etdim.

Azərbaycan bizim üçün bir məmləkətdən daha çox bir sevgili idi. Ulaşa bilmədiyimiz bir sevgili… Bilirsən, əlçatmaz sevgilər qara sevgiyə çevrilir. Biz də belə idik. O ki qaldı tanınmağa… Bunun səbəblərindən biri də Tofiq Abi (Abdin) və “525-ci qəzet”idir. 2004-cü ildən həmin qəzetdə yazılarım dərc olunur. Sonra başqa jurnallar, qəzetlər də yazılarımı da çap etdilər. Bəlkə də  mənim ədəbi həyatımın mərkəzinə Azərbaycanı qoyduğum üçün orda daha çox tanınmağıma səbəb oldu. Bunu hər dəfə eşidəndə çox emosional oluram. Bilirsiniz, insan nə qədər uğur qazansa da, həmişə bunun valideynləri tərəfindən bilinməsi,  təqdir olunması arzulanır… Türkiyədə, Almaniyada nə qədər tanınsam da, Azərbaycanda tanınmaqdan, sevilməkdən, bunu ifadə etməkdən xüsusi zövq alıram. Elə bilirəm ki, məni qiymətləndirən valdeynlərim Azərbaycandır.

Açıklama yok.

Qəzetlərdə, jurnallarda məqalələrim, hekayələrim barədə Rusiyada, Amerikada, Avropada yaşayan azərbaycanlılardan məktublar almaq məni çox sevindirir. Bu o deməkdir ki, bizim insanlarımız harda yaşamasından asılı olmayaraq ortaq bir duyğuya malikdir və məni də o hissləri paylaşmağa vadar edir. Bu həm də millət olmağın əlamətidir və mən bununla fəxr edirəm. Oxucunun hisslərinə müraciət etmək, onları yazdıqlarına yaxınlaşdıra bilmək müəllif üçün ən böyük mükafat və tərifdir. Buna nail ola bildiyim üçün xoşbəxtəm və daha çox çalışıram.

– Orxan bəy, siz Almaniyada da kifayət qədər tanınan, oxunan, müraciət olunan qələm adamısız. Dərgilərə rəhbərlik edirsiz. Alman oxucuları ilə türk dilli oxucular arasında bir körpü rolunu oynayırsəz. Çətin deyil ki?

-Təbii ki, bunun da öz çətinlikləri var. Avropada həmişə türklərə, türk mədəniyyətinə qarşı bir fikir olub. Əslində, bəzən yazarlarla bir araya gələndə onların türk ədəbiyyatına türk dilinə mənfi münasibət bəslədiklərinin çox şahidi oluram. Amma biz ruhdan düşməməli və yorulmamalıyıq. Biz onlara öz dillərində gözəl nümunələr təqdim etdikcə və bu artdıqca gələcək nəsillərin də fikirləri dəyişəcək.

Almaniyada üç jurnal nəşr etdim. Kitablarım üstündə işləməyə başladıqdan sonra jurnallara ara verdim. Mən o jurnallarda həmişə Azərbaycan yazıçılarını, şairlərini tanıtmağa çalışdım. Əslində bu məsələdə məni çox tənqid edənlər də olub. “Referans” adlı jurnal alman və türk dillərində nəşr olunurdu.  Jurnalın bir nömrəsində bir yazıdan başqa hamısı Azərbaycan yazıçılarının yazıları ilə dolu idi. Dostlardan biri bir az paxıllıqla dedi: “Yaxşısı jurnala almanca-türkce jurnalı deyil, Azərbaycanca almanca jurnalı desəydin!” “Belə də ola bilər, narahat olma”, dedim gülərək.

Azərbaycanda yaşamadığım üçün oradakı ədəbi cərəyanları çox yaxından izləyə bilmirəm. Bu səbəbdən də həmişə bəyəndiyim, mənə göndərilən və ya sosial şəbəkələrdə gördüyüm yazıları, şeirləri dərc edirəm. Bəzən məndən inciyən dostlar olur. Hətta bunu e-mail və ya mesaj göndərərək, dərc etdiyimiz hekayə və şeirin zəif olduğunu bildirənlər də var. Bu da doğru ola bilər. Bəzi uzaq məsələlərdə ədalətli olmaq çətindir. Biz həmişə Azərbaycana həsrətlə baxdığımız üçün oradan gələn hər şey bizə başqa cür və ya daha gözəl görünür. Mən daha çox gənclərin yazılarına, şeirlərinə yer verirəm. Amma  kollektiv bir çalışma mümkün olsaydı, təbii ki, daha dəyərli, gözəl əsərlər tərcümə, nəşr oluna bilərdi. Təəssüf ki, indiyə qədər həmişə onları mən təkbaşıma etmişəm. Azərbaycanla kollektiv iş nədənsə mümkün deyil.

Açıklama yok.

İndi almanca-türkce şeir antologiyası hazırlayıram. Sizin də orada iki şeiriniz var. Digər şeirlər sosial şəbəkələrdə və ya qəzet-jurnallarda rast gəldiyim, bəyəndiyim şeirlərdir. Yəni xahişə və ya dostluğa görə seçim etmirəm. Bütün bunlar məni yormur, mən bunu sevə-sevə, həvəslə edirəm. Əslində Türkiyədən bəzi jurnallar üçün rast gəldiyim gözəl bir şeiri və ya hekayəni Türkiyə türkcəsinə uyğunlaşdırıb göndərirəm.

-Ümumiyyətlə alman oxucu daha çox hamsı janra, yaxud mövzuya üstünlük verir?

– Bu sualınıza bir cümlə ilə cavab vermək mümkün deyil. Məsələn, gürcü yazıçısı Nino Haratişvilini Almaniyada yaxşı tanıyırlar. Müəllifin cəmi 38 yaşı var, lakin kitabları bestsellerlər siyahısındadır. Onun iki əsərini oxumuşam. Məncə o, böyük bir yazıçı deyil, bəlkə də Şərqi təsvir etdiyi üçün burada sevilir. Orxan Pamuk da belədir. Nobel aldığı üçün yox, Şərqi başqa cür təsvir etdiyi üçün çox oxunur. Qurban Səidimiz (Əsəd Bəy) üçün Prof. Gerhard Höpp bir məqalə yazmışdı. Həmin məqalə “Avropa üçün Şərq” adlanırdı. Yəni Qurban Səid öz ağlından, xəyalından romanlarında Avropa üçün işıqlı bir şərq yaratmışdı. O şərq reallıqda olmasa da, Kafkanın, Tomas Mannın qaranlıq, yorucu hekayələrini oxuyanlar, o real olmayan şərqin sirli işığını da görmək istəyirdilər.

Deməli bizim yazıçılar Avropa üçün yox, öz xalqımız üçün yazmalıdırlar. Yerli mövzularda yazan yazıçının bəxt və ya hər hansı bir uğurla beynəlxalq yazıçıya çevrilməsinə dair çoxlu nümunələr var.

Təbii ki, hər ölkədə olduğu kimi burada da dəyərli və gözəl əsər və ya müəllifin istedadı diqqəti cəlb edə bilər. Bu istedaddan başqa həm bəxti gətirməyi, həm də tanınmağı bilmək lazımdır. Hərdən Almaniyada keçirilən kitab sərgilərində elə kitablara rast gəlirəm ki, həqiqətən heyrətlənirəm. Çox da yaxşı olmayan bir hekayə və ya roman təsadüfən və ya uğurlu reklam nəticəsində minlərlə satılır. Tanınma, reklamçılıq kimi işlər kapitalist ölkələrində ayrıca peşədir. Hətta universitetdə oxuyan və bu məsələdə ixtisaslaşan insanlar var. Nəşriyyat məndən yazdığım bir roman üçün ədəbi agent tapmağımı istədi. Bir neçə agent tapdım, lakin onlarla işləməyin şərtləri çox ağırdır. Belə şirkətlərlə işləyən yazıçılar var. Onların adamları müəllif üçün oxuma günləri təşkil edərək onları daha yaxşı tanıdırlar.

-Azərbaycanla bağlı da çox böyük işlərə imza atırsız. Yazarlarımızdan əsərlərinin tərcüməsi, kitablarının dərci də sənin adınızla bağlı olanları az deyil. Bu seçimi hansı kriteriyalara əsaslanıb edirsiz? Sizi özünə çəkən, Türk dünyasının tanıtımı üçün əsas verə biləcək müəllif və əsərlər, yoxsa burada bir biznes marağı da var?

-Əslində burada nəşriyat işi çox riskli və yorucu bir işdir. Bu yaxınlarda Türkiyənin ən böyük nəşriyyat və yayım şirkəti olan “Kitapyurdu” üçün beş kitabı (“Əli və Nino”, “İstanbullu qız”, “Şərqdə Qan” və “Nəft, Səlahəddin Əyyubi, İnkalar”) türk dilinə tərcümə etdim. Bu məni çox yordu. Azərbaycan ədəbiyyatından qısa tərcümələrim də təbliğat üçündür. Bəzən hansısa jurnal, qəzet şeir, hekayə göndərir, deyirlər ki, bunu bizə tərcümə edin, mən də tərcümə edirəm.

Azərbaycandan gələn kitabları daha çox burada tanış olan türkoloq dostlar tərcümə edir. Çünki alman dilini yaxşı bilsəm də ədəbi əsəri tərcümə etməkdən çəkinirəm. Mən həmişə tərcümələrimin alman redaktoru tərəfindən  redaktə olunmasını istəyirəm. Təbii ki, onlar da bunu pulsuz etmirlər. İşin ölçüsünə görə pul istəyirlər. Azərbaycan və ya Türkiyədən əsərlərin tərcüməsi üçün türkoloq dostlar yazıçı və ya şairlərlə rəsmi müqavilə bağlayır və həmin müqaviləyə uyğun olaraq tərcümə edirlər. Bu, bütün dünyada belədir. Bu müqavilələr bağlanarkən mən zamin olduğum üçün xeyli maddi itkilər də yaşadım.

Əgər yazıçı və ya şair Avropada tanınmış, məşhur adamdırsa məsələn, Yaşar Kamal, Orxan Pamuk kimi müəlliflərin əsərləri nəşriyyatlar tərəfindən tərcümə olunur. Digər yazıçı və şairlər tərcüməçilərlə müqavilə bağlayır və əsərlərini buna uyğun tərcümə edirlər. Heç bir nəşriyyat Almaniyada naməlum müəllifin əsərini çap etdirmək istəmir. Bu çox baha başa gələn riskdir və heç bir kapitalist belə riskə getməz.

Mən ədəbiyyatımızı təbliğ etmək üçün Nizami haqqında üç əsər yazdım. Kitablardan birinin adı “Alman Ədəbiyatında Nizami” idi. Höte, Şiller, Homer kimi yazıçı və şairlərin Nizami haqqında yazdıqlarını topladım. Heç bir nəşriyyat onu pulsuz çap etmək istəmirdi. Kölndəki “Azərbaycan Evi” maliyyə dəstəyi verdi və kitab çap olundu. Nizami haqqında digər kitabım “Nizaminin alman dilində aforizmləri” holland dilindədir. O da Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə Den Haaq şəhərində nəşr olundu. Yəni, Nizami bizim üçün nə qədər böyük alim olsa da, bunun burada əhəmmiyəti yoxdur və buradakı nəşriyyat ondan qazanacağı pulu nəzərə alır.

Mənim rədaktoru olduğum, Səriyye Müslümqızının Xocalıda şəhid olan uşaqlardan bəhs etdiyi “Üzü olmayan uşaqlar” adlı kitabı bir iş adamı dostumuzun dəstəyi ilə işıq üzü gördü.

Ermənilərin və başqa xalqların iş adamları hər il mədəniyyət işləri üçün müəyyən məbləğdə pul ayırır, yazıçılara dəstək olurlar. Anadoludan Kölnə gələn erməni memar Albert Sevinç Hadodo 60 yaşında Almanayda vəfat edib. Onun yaratdığı xeyriyyə fondu həm kasıblara, həm də Ermənistan haqqında yazan yazıçılara ildə bir milyon avro verir. Təəssüf ki, bizdə bu ənənə yoxdur. Hətta məni çox sevən, “Hər zaman xidmətinizdəyəm, Orxan abi” deyən bəzi iğdırlı iş adamları da yardım və kitab sözlərini eşidəndə kömək etmək istəmirlər. Yaxşı, ədəbiyyat istedad işidir, amma bu istedadı kim dünyaya tanıtdıracaq? Bu çox maraqlı bir sualdır.

Ramiz Rövşənin “Başı kəsilmiş gözəl kötük” şeirini alman dilinə tərcümə etdim, çox bəyənildi. Amma heç bir nəşriyyat onun şeirlərini kitab şəklində çap etdirməkdə riskə getmək istəmirdi. Azərbaycanda şeirlərini sevə-sevə oxuduğum şairlərin şeirlərini tərcümə edib nəşr etmək istərdim, amma təəssüf ki, bu mövzuda hər yerdən dəstək tapmaq çox çətindir. Bu səbəbdən də əsərlərini yalnız öz imkanları ilə çap etdirən insanlar var ki, bunlar da çox azdır.

– Demək ədəbiyyatı həm də biznes kimi düşünmək olar…

-Ədəbiyyatla, sənətlə məşğul olan insanların ağlına ən son gələn şey puldur. Çünki onların dünyası normal bir insanın dünyasından çox fərqlidir. Amma indi Qərbdə nəşriyyat işi sənət və sənət həyatından çox böyük iqtisadçıların pul yatırdıqları nəhəng şirkətlərə çevrilib.

“Kapitalist ağacın kölgəsindin pul qazanacağını bilsəydi, onu da satardı” ifadəsinin Karl Marksa aid olduğunu deyirlər. Almaniyada Suhrkamp, ​​Pipper və Ulstein kimi böyük nəşriyyatlar artıq nəşriyyat evləri deyil, nəhəng şirkətlərdir.

Bunların xaricində dövlət, bələdiyyələr, uşaq kitabları, cəmiyyətin xeyrinə bəzi kitabların nəşrinə dəstək verir. Bu, həm də biz yazarlar üçün müəyyən imkanlar yaradır. Məsələn, bizi tez-tez mütaliə günlərinə dəvət edirlər və oradan pul alırıq. Əslində bu pandemiya dövründə fotoqraflara, rəssamlara, yazıçılara, şairlərə, musiqiçilərə maddi sıxıntı yaşamamaları üçün maddi yardımlar edilirdi.

Bələdiyyələr, kilsələr, məktəblər, universitetlər həmişə yazıçıları dəvət edir, onlara dəstək olurlar. Əgər radio, televiziya, qəzet bizim əsərlərimizdən sitat gətiribsə, bizim hesabımıza pul göndərirlər. Azərbaycanda gənç yazıçı Mövlud intihar edəndə Əflatun Amaşova açıq məktub yazdım. Yazmışdım ki, Almaniyadakı bu nümunəni orada da tətbiq etmək olar ki, yazıçılara, şairlərə dəstək olsun. Bizim yazıçılar da bu yolla pul qazana bilirdilər.

Təbii ki, biz yazıçılar, şairlər ədəbiyyatı biznesmen kimi düşünə bilmərik. Düşünsəydik iş adamı olardıq. Amma əsərlərimizi çap etmək və təbliğ etmək üçün bizə əlaqələr və imkanlar lazımdır. Bunu kim təmin edəcək? Almaniya Höte İnstitutuna milyonlarla avro ayırır. Onlar düz 80 ölkədə fəaliyyət göstərirlər. Höte İnstitutunun 2006-cı ildəki büdcəsi 250 milyon avro idi. Onlar hər ölkədə filmlərin çəkilməsinə, kitabların nəşrinə dəstək verirlər. Fondlar da var. Bu il Gürcüstandan tərcümə təklifi almışdım. Tərcüməni maliyyələşdirən alman fondu idi. Almaniya mətbuatında məşhur Xalid Hüseyn haqqında yazılanları desəm, heyrətlənərsiniz. Bəzi jurnalistlərə görə, Amerikan Mərkəzi Kəşfiyyat İdarəsi onun ilk romanını özəl olaraq bütün dünyaya yaymışdı. Təbii ki, onun romani yaxşı romandır. Bəs bütün yaxşı romanlar bu cür tanınıb satılıbmı?

Açıklama yok.

Təbii ki, Çingiz Aytmatov- Araqon hekayəsi kimi məsələlər də var. Yəni təsadüf, mühüm bir jurnalistin, yazıçının diqqətini cəlb etmək kimi hallar var. Bəzən yazıçının, şairin yaxşı bər əsəri təsadüfən oxunur və çox qısa müddətdə tanınır. Belə misallar da var. Kitabın təbliği üçün ancaq pul və reklam lazımdır demək də yanlışdır. Bununla bağlı müxtəlif nümunələr və uğur hekayələri çoxdur.

– Orxan bəy, sizə işlərində müvəffəqiyətlər arzu edirəm. Çox sağ olun ki, Müstəqil.az-ın suallarnı cavablandırdız, oxucularımnızın marağına səbəb olacaq müsahibə verdiniz.

-Mən də sizə çox təşəkkür edirəm. Uzaq ölkədə yaşasam da, bilirəm ki, siz yaxşı şair, yaxşı ata və yaxşı babasınız. Ayrıca qəhrəman bir dənizçisiz. Hardasa oxumuşdum ki, 1990-cı il yanvarın 20-də Xəzər dənizində rus gəmilərinə qarşı dostlarınızla  birlikdə qəhrəmanlıq göstərmisiniz və o vaxtdan da sizi həmişə müsbət hisslərlə qiymətləndirmişəm.

Mən də “Müstəqil.Az”-ın oxucularına salam və ehtiramımı çatdırıram. Qoy bu gözəl xalqımız gələcəkdə daha da gözəl günlər yaşasınlar.

Söhbətləşdi: Faiq Balabəyli

Share: