Ömrünü xalqına həsr edən rəhbər heç zaman unudulmaz…

Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümündə onu ən xoş xatirələrlə, böyük qürur və sonsuz minnət hissi ilə anırıq. Çünki ulu öndərimizin Azərbaycan xalqı qarşısında böyük və əvəzedilməz xidmətləri olub. İllər öncə cansız bir dövlətə nəfəs verən Heydər Əliyev bugünkü müstəqil və demokratik dövlətə sahib olmağımızı təmin etdi. Ümummilli liderimizin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Bu danılmaz bir faktdır ki, Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Dövlətimizə, xalqımıza, bayrağımıza, milli-mənəvi dəyərlərimizə sədaqətini hər zaman ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tuturdu və o bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmirdi. Torpaqları təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan, iqtisadiyyatı dağılmış, ordusu olmayan bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Bütün bu çətinliklərə baxmayaraq bu ağır məsuliyyətin öhdəsindən bizim dahi şəxsiyyətimiz, unudulmaz liderimiz Heydər Əliyev gəldi. O, Azərbaycan xalqına hər zaman arxalandığını ifadə edirdi. Xalqımız da ona dəstək verərək və onun ətrafında həmrəylik nümayiş etdirərək müstəqil dövlətin qurulmasına nail oldular. Heydər Əliyevin dövlətimizə rəhbər gəlişindən sonra Azərbaycanda xalq-iqtidar birliyi yarandı.

Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işlər də bugünkü müsair Azərbaycanın güclü ordusunun olmağını təmin etdi. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən H.Əliyev əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə – gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. 2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmizi ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndiririk. Məsələn, Cocuq Mərcanlının alınması, 24 ildən sonra insanların həmin yurda qayıdışı məhz Ümummilli liderimizin siyasi kursunun təntənəsidir. O ömrünü xalqına, dövlətinə həsr etdi. Hər zaman millətinin rifahı üçün çalışdı. H.Əliyev elə bir şəxsiyyət idi ki, o öz dərin məntiqi, zəkası və fəaliyyəti ilə dünya miqyasında diqqəti cəlb edirdi. Və bunun nəticəsidir ki, Azərbaycan bu gün dünya dövlətləri sırasında öz nüfuzu ilə fərqlənir. Dövlətimizin bütün zəfərləri və eləcə də Azərbaycanın adı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərimizlə bağlı uşaqlıq xatirələrimdən qısa da olsa yazmaq istəyirəm. O tez-tez Gəncə şəhərinə səfər edirdi. Təbii ki, biz o illərdə orta məktəbdə oxuyurduq.

Xatırlayıram, bizi məktəbdən aparırdılar H.Əliyevi qarşılamağa. Bütün şagirdlər əllərində gül dəstələri yol kənarına düzülüb onun gəlişini gözləyirdik. Bəzən maşınla yavaş-yavaş keçib bizlərə əl edirdi, bir-iki dəfə də maşından düşüb biz şagirdlərlə görüşmüşdü. Biz də “Heydər baba” şeirləri söyləyərək onun qarşısında çıxış edirdik. Bizim başımıza sığal çəkib, “afərin” deyib bizi şeir söyləməyə həvəsləndirdiyini xatırlayıram. Əlbəttə o illərdə qarşımızdakı insanın böyük şəxsiyyət olduğunu uşaq ağlımızla dərk etmirdik. Lakin illər keçdikcə bunu dərk etdikcə ki, biz necə böyük dahi bir şəxsiyyətlə ünsiyyətdə olmuşuq, qəlbimizi, ruhumuzu böyük bir xoşbəxtlik, qürür hissi bürüyür.

Nə qədər ki, bu dövlət, bu millət var, hər zaman da Heydər Əliyev adı qəlblərdə yaşayacaq, ən xoş xatirələrlə anılacaqdır. Azərbaycan xalqı öz xilaskarını illər keçsə də unutmayacaq, daim onu ehtiramla yad edəcəkdir.

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri,
Prezident Təqaüdçüsü

Share: