OĞULLARINLA QÜRUR DUY, VƏTƏN! – Əntiqə Qonaq yazır…

Hərbçi həyatı
İKİ CƏBHƏNİN QƏHRƏMANI

Şamxal da mənim adlarını, qəhrəmanlıqlarını eşidib özünü görmək fürsətim olmayan yüzlərlə igid döyüşçü qardaşlarımdandı. Hələ birinci Qarabağ savaşı dönəmində OMON əfsanəsini yaradanlardan biriydi. Şəxsən tanıdığım və ünsiyyətdə olduğum döyüş yoldaşlarından mövcud vəziyyəti öyrənərkən Şamxal və onun silahdaşları haqqında bilgi ala bilirdim. Bu gün Füzulidən gəlirdi soraqları, sabah isə Ağdərədə mühüm bir döyüş tapşırığını uğurla yerinə yetirdiklərini eşidirdim. Beləcə quş kimi, şahin kimi sanki Qarabağ səmasında uçur, döyüş əməliyyatlarını qüsursuz başa çatdırırdılar. Bizim fəxrlə, qürurla öyündüyümüz OMON-çular, ermənilərin isə adları eşidiləndə qorxudan ürəklərinin partladığı igid şahinlər… Bu əfsanə döyüşçünü oxucularımıza yaxından tanıtmaq istəyirəm:
Məmişzadə Samxal Əli oğlu 1970-ci il dekabrın 3-də Qərbi Azərbaycanın Qarakilsə rayonunun Gözəldərə kəndində doğulub. Orta məktəb illəri adı kimi özü də əsrarəngiz gözəlliyə malik Gözəldərə kəndində keçib. 1988-1989-cu illərdə Ukraynanın Xarkov şəhərində texniki peşə təhsili alaraq çilingərlik peşəsini öyrənib. Əsgəri xidmət illəri isə kecmiş sovet ordusu sıralarında Almaniyada keçib (1989-1991). Hələ əsgərlikdə ikən Qarabağın dağlıq hissəsində ermənilərin törətdiyi iğtişaşlardan az-çox xəbərdar idi. Qarabağ od tutub yanırdı. Bu yetməzmiş kimi, valideynləri, doğmaları, qohum-əqrəbası və ümumilikdə eli-obası doğma yurd yerlərindən qovulmuşdular. Onlar qaçqınlıq həyatı yaşamaq zorunda qalaraq Azərbaycana pınah gətirmişdilər. Bütün bunlar Şamxalın onsuz da gərilmiş sinirlərini daha da tarıma çəkmişdi. Özünə yer tapa bilmirdi. Bu utanc gətirən ləkəni silmək üçün silaha sarılıb erməni quldurlarına tutarlı cavab verməkdən ötrü səbirsizliklə gözləyirdi. Xidmətinin bitəcəyi günlərin, saatların hesabını tuturdu. Bir an öncə xidməti borcumu bitirim və doğma Vətənimə dönərək silaha sarılıb yağı düşmənə qarşı vuruşum, – deyə xəyallar qururdu. Və belə də edir. 1991-ci ildə Azərbaycana gəlir və OMON-nun sıralarına yazılır. Goranboyun Şəfəq və Todan kəndlərindən başlayan döyüş yolu Füzulinin Arış, Hoğa, Xırmancıq, Xələfşə, Qarğabazar, Cəmilli, Veysəlli kəndlərində, Ağdamın Əmirallar kəndində, Şuşada, Ağdərədə, Qubadlının Xanlığında, Tərtərin Qapanlı və Marqoşevan-Qırmızı kəndlərində…daha sadalamadığım neçə-neçə qaynar döyüş bölgəsində davam edir. Şamxal (1992-1993) 778 saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində Kəlbəcərin İstisu, Laçının Ərikli, Yenikənd, Qozlu, Ayıbazar, İpək1, İpək2 kəndlərində və Sarıbaba dağında döyüş yoldaşları ilə birlikdə misilsiz şücaətlər göstərmişdir. 1992-ci il noyabrın 10-da Sarıbaba dağı uğrunda gedən döyüşlərdə sağ ayağından yaralanır və Biləcəri Dəmiryolu xəstəxanasında müalicə olunur. 1993-cü ildə Şamxal sağalar-sağalmaz yenidən ön cəbhəyə geri dönür və bu dəfə xidmətini 776 saylı hərbi hissədə 2-ci taqımın 2-ci bölüyünün komandiri kimi davam etdirir. Çəkinmədən, tərəddüd belə etmədən birincilər sırasında döyüşlərə atılır. Bir cox qaynar nöqtələrdə düşmənə amansız zərbələr vuran Şamxal və bölüyün döyüşçüləri ölümün gözünün içinə dik baxaraq torpaqlarımızın müdafiəsində durmuşlar. 1994-cü ildə Ağdərədə, Səhləbad və Qlobus dağında ağır döyüşlər keçirən Şamxal yanvarın 30-da ikinci dəfə ayağından ağır yaralanır. Hərbi Hospitalda müalicəsini davam etdirmək zorunda qalır. Burada öncə ayağını amputasiya etmək istəsələr də, Şamxalın qəti etirazından sonra xəstəliklə mücadilə etmək əzmində olduğunu görən həkimlər fikirlərini dəyişirlər. Çox çətin və dəhşətli ağrılı olsa da Şamxal hərbçi dözümü və qətiyyətilə xəstəliklə mücadilə edir. Ayağında qüsur qalsa da, sonunda sağlamlığına qovuşur. Amma səhhəti hərbçi kimi xidmətini davam etdirməyə imkan vermir və ordudan tərxis olunur. Amma əlil kimi deyil. Əlillik vermirlər. Bu da Şamxal Məmişzadənin 1991-1994-cü illər arası Şamxalın Azərbaycanın müqəddəs torpaqları uğruna apardığı mübarizəsinin qısa və yığcam bir tarixi.
Şamxal müalicəsini Ukraynada davam etdirmək üçün ora getməyi qərara alır və uzun müddət ayağının sağalması üçün mücadilə aparmaq zorunda qalır. Çox şükürlər olsun ki, Şamxalın dözümü və ukraynalı həkimlərin peşəkarlığı öz bəhrəsini verir və o, əvvəlki sağlamlığına sahib ola bilir. Amma onu gecəli-gündüzlü düşündürən, bir an da olsun rahatlıq verməyən bir fikir vardı. O da həyatının davamını hərbçi kimi xidmətdə keçirmək. Mən özümü hərbdə tapıram, bundan başqa bir sahədə çalışmaq mənlik deyil, – deyə düşünürdü. Elə bu fikirlə də 2016-cı ilin oktyabrından Ukrayna Müdafiə Nazirliyinin A1815 saylı hərbi hissəsi ilə 3 illik müqavilə bağlayır. Müddəti başa çatandan sonra müqaviləni bir daha yeniləyir. Artıq altıncı ildir ki, starşina kimi Ukrayna ordusunda hərbi xidmət keçir. Bu illər ərzində intizamına və nümunəvi xidmətinə görə ordu rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür alıb, mükafatlandırılıb. Müharibə veteranı medalı, vətən uğrunda medalı, çoxlu təşəkkürnamələr və pul yardımları.
Şamxal silahdaşları ilə birgə fevralın 24-dən Rusiya Federasiyasının Ukraynaya hücumlarının qarşısını almaqdan ötrü qanlı döyüşlərə girmişdir. Müharibənin üçüncü günü Çernıqovı ətrafında gedən döyüşlər zamanı rus hərbçilərinin bombardman etdiyi binanın uçqunları altında qalmış, onurğasından və çanaq sümüyündən ağır zədə alaraq hospitala yerləşdirilmişdir. Hazırda orada müalicə olunur.
Şamxal müharibə şəraitində, ağır döyüşlərdə ölüm-qalım savaşları apardığından ondan və döyüş yoldaşlarından çox nigaran qalırdıq. Gün ərzində dəfələrlə onunla telefonla əlaqəsi yaratmağa çalışır, mövcud vəziyyətdən xəbər tutmağa can atırdıq. Heç yadımdan çıxmaz, çünki stressini indi də ata bilməmişəm: savaşın ikinci günü bacı, deyəsən biz mühasirəyə düşmüşük, dua edin, haqqınızı halal edin,- demişdi. Göz yaşları içində can dostum, Qarabağ savaşı başlayan gündən hərbçilərimizin, qazi və şəhid ailələrinin, ehtiyac içində olanların yanına tələsən və onlara maddi, mənəvi dayaq duran vətənpərvər xanım Aminə Vəliyevanın yanına tələsdim. Çünki Aminə xanıma Şamxalı qiyabi olaraq mən anlatmışdım. Onun qəhrəmanlıqla dolu döyüş yolu barədə dəfələrlə uzun-uzadı söhbətlər etmişdik. Hıçqırıqlar içində zorla olsa da Şamxalın son durumunu ona anlatdım. Hər ikimiz çox məyus olduq, nigarançılığımızı, keçirdiyimiz təlaşı, həyəcanı sözlə ifadə edə bilmərəm. Əsir düşərlər, işgəncələrə məruz qalarlar, ya da əsir düşməmələri üçün canlarına qəsd edərlər, Allahım sən qoru günahsız oğulları,- deyərək təlaş edirdik. İnanın yaralanması xəbərini eşidəndə belə sevinc göz yaşlarımı saxlaya bilmədim. Şükür ki, mühasirədən çıxmışlar deyə təskinlik tapırdım. 3 ay əvvəl Şamxal telefon danışığımız zamanı oğlunun yaralanaraq hospitalda müalicə aldığını söyləmişdi. Mən də ən tez zamanda gedib oğluna baş çəkəcəyimi bildirmişdim. Təbii ki, Aminə xanım məni tək buraxmadı. Onunla birlikdə bir neçə dəfə Şamxalın Kəlbəcərdə hərbi xidmət keçən, Bakıdakı hospitalda müalicə olunan oğlu Əlinin yanına getmişdik. Əlini müalicə edən həkimlə, tibb bacıları ilə görüşərək real durumu öyrənməyə çalışmış, həm də həkimə minnətdarlığımızı bildirmişdik. Əliyə də ürək-dirək vermişdik, Şamxal kimi qəhrəman atası ilə hər zaman öyünüb fəxr etməsini tövsiyə etmişdik).
…Şamxal və döyüşçü yoldaşları bu günlər savaşın ən qaynar nöqtəsi olan Ukrayna cəbhəsində xidməti börclarını şərəflə yerinə yetirirlər. Uca tanrı sizi qorusun, hifz etsin ədalətin, haqqın yanında olan igidlər. Tezliklə qələbə sevincinizlə sülhsevər insanların hamısını sevindirin. Gözəl xəbərlərinizi, müjdəli soraqlarınınzı gözləyirik.

Əntiqə QONAQ

Əməkdar jurnalist

Müstəqil.az

Share: