Novruz gəlir, yaz…gəlmir

Yəqin şair Ramiz Rövşən uzun illər əvvəl məşhur “Novruz gəlir, yaz gəlir” şerini yazanda qlobal iqlim dəyişikliyinin sonradan onun şerinin sözlərini baş-ayaq çevirəcəyini heç ağlına da gətirməzdi.

Çünki təqvimdə yaz, Novruz gəlib yetişsə də yazdan hələ əsər-əlamət yoxdur. Əksinə, indi Novruz gəlib, amma yazın əvəzinə sanki qış gəlib-əksər bölgələrdə qarlı-şaxtalı hava şəraiti hökm sürür, Bakıda isə soyuq, yağışlı, küləkli hava insanlarda yazın gəlişi ilə bağlı əhval-ruhiyyə formalaşdırmır.

Bəlli olduğu kimi, mart ayı başlayandan havalar fevral ayına-əslində daha soyuq keçməli olan, amma əvəzində mülayim hava şəraitinin müşaiyət olunduğu qış ayına nisbətən kəskin dəyişib, temperatur aşağı düşüb. Doğrudur, mart ayı ənənəvi olaraq dəyişkən havası ilə seçilib, amma mütəxəssislər də təsdiq edirlər ki, indiki hava şəraiti heç mart ayının ənənəvi xüsusiyyətinə də uyğun gəlmir və anomaldır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva  deyir ki, mart ayı hər zaman sürprizlərlə dolu olur və  hava proqnozlarını vermək baxımından ən çətin aydır. Bu ayda hava çox dəyişkən olur. Ancaq bu mart son onilliklərdə müşahidə edilən ən soyuq mart ayı deyil.

 

“Mart ayı başlayandan hava qeyri-sabit keçir, neçə gündür aramsız yağıntılar müşahidə edilir. Bakıda və Abşeronda son dövrlər ərzində düşən yağıntı aylıq normadan çoxdur. Respublikanın bir sıra bölgələrində – Quba, Zaqatala, Altıağac, Balakən, Mərkəzi Aran rayonları, Biləsuvar, Lənkəran-Astarada yağıntı 65 faizdən- 87 faizə yüksəlib. Martda havanın temperaturu çoxillik norma göstəricilərindən dörd dərəcə aşağıdır”, – Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, yaxın günlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Martın 19-da yağışın intensivliyi azalacaq. Ancaq martın 20-də gözlənilən yağıntı ilə bərabər, külək də güclənəcək. Paytaxda havanın temperaturu 3- 5 dərəcə arasında olacaq. Martın 21-i səhər saatlarında külək zəifləyəcək. Gündüz saatlarında fasilələrlə yağış yağacaq.

U.Tağıyeva əlavə edib ki, son onilliklərdə mart ayının ən soyuq vaxtı  2012-ci ildə qeydə alınıb. Həmin vaxt Bakıda və Abşeron yarımadasında 2,2 dərəcə şaxta müşahidə edilib. Həmçinin həmin vaxt paytaxtda qar örtüyü də əmələ gəlib. Buna görə də havanın soyuq keçməsinə baxmayaraq, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti rekord

 

Mütəxəssisin sözlərinə görə, qlobal iqlim dəyişikliyi fəsillər arasında sərhədləri də dəyişdirib, o cümlədən son illər mart ayı həmişə süprizlərlə dolu olub. Məsələn,  2013-cü ilin mart ayında Bakıda 28 dərəcə isti də qeydə alınıb. 2012, 2013, 2014, 2018 və 2021-ci ildə paytaxtda mart ayında sulu qar yağıb. Buna görə də mart ayı hava proqnozlarını vermək baxımından ən çətin ay hesab edilir. Yaxın günlərdə də hava şəraiti dəyişməyəcək, fasilələrlə yağıntılar davam edəcək. Belə hava şəraitinin martın sonlarına qədər davam edəcəyi gözlənilir.

 

Novruzun gəlişi, amma yazın hələ gəlib çıxmaması təkcə insanların bayram əhval-ruhiyyəsinə təsir etmir, eyni zamanda kənd təsərrüfatı işlərində də müəyyən çətinliklər yaradır. Bir çox bölgələrdə yaz əkinləri gecikir, erkən çiçəkləyən meyvə ağacları zərər görür. Amma havaların bu cür keçməsinin faydası da var-Kür çayında sululuğun nisbətən artması gözlənilir. Hansı ki, Kür qurumaqda idi və nəticədə Neftçala, Salyan rayonlarında çox ciddi ekoloji fəlakət təhlükəsi yaranmışdı. Çünki Kürə axıb tökülən kiçik çayların mənbəyini götürdüyü dağlıq bölgələrdə qış aylarında yağıntı normadan dəfələrlə aşağı olmuşdu.

Ü.Xudiyeva

Share: