Nazir Mikayıl Müşfiqlə bağlı TAPŞIRIQ VERDİ: qalıqlarının tapılması ilə əlaqədar… – YENİLƏNDİ

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Publika.az-a bildirib ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı nazirliyə heç bir müraciəti daxil olmayıb:

“Lakin mediada bu barədə məlumat yayıldıqdan sonra nazirlikdə məsələnin diqqətdə saxlanılması, araşdırılması üçün ciddi tapşırıq verilib. Mikayıl Müşfiq (1908-1938) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Bu il nakam şairin 110 illiyi dövlət səviyyəsində qeyd edilir və onunla bağlı yayılan məlumat olduqca həssas mövzudur”.

İ.Hümbətov onu da bildirib ki, bu məsələyə dair yekun sözü və məlumatın dürüstlüyü barədə hər hansı fikri yalnız mütəxəssislərin müvafiq araşdırmasından sonra söyləmək mümkündür.

Mövzu ilə əlaqədar yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.

***

“Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim”.

Bunu virtualaz.org-a açıqlamasında məşhur Rusiya milyarderi Fərhad Əhmədov deyib.

Xatırladaq, hələ bir neçə il əvvəl Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.

F.Əhmədova axtarış işlərinin aparılmasında “NKVD” və Bayıl türməsinin keçmiş “ölüm korpusunun” tibbi xidmətinin əməkdaşları kömək edirdilər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları F.Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstərmişdilər.

Sonralar F.Əhmədov M.Bağırovun qohumlarından biri – sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. Virtualaz.org bununla bağlı oxuculara hələ keçən ilin qışında, sabiq nazirin özünə istinadən xəbər çatdırmışdı. 2017-ci ildə Londonda keçirilmiş genetik ekspertiza – DNK analizi “NKVD”nin sabiq əməkdaşlarının informasiyasını təsdiq etdi. Tapılmış qalıqlar M.Bağırova məxsus idi. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn etdilər.

Mikayıl Muşfiqin qalıqlarına gəlincə, F.Əhmədovun sözlərinə görə, o, Qaradağ rayonunda aşkar edilmiş və M.Muşfiqə aid olduğu ehtimal olunan qalıqlar haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib. Bu ilin 5 iyununda isə böyük Azərbaycan şairinin anadan olmasının 110 ili tamam olub.

Share: