Hər bir bölgənin, hər bir elin xalqına, torpağına şərəflə xidmət edən, öz mənəvi saflığı və dərin ziyalılığı ilə seçilən nümayəndələri olur. Lənkəran torpağı da əsrlər boyu elmə, tibbə, mədəniyyətə bədii və mənəvi töhfələr verən dəyərli şəxsiyyətlər yetirmişdir. Belə parlaq, el-oba içində sonsuz hörmətə və sevgiyə layiq görülmüş insanlardan biri də ömrünü insanların sağlamlığına, cəmiyyətin mənəvi yüksəlişinə həsr etmiş təmənnasız xidmət sahibi, gözəl həkim və xalqını qəlbdən sevən ziyalı Telman Zülfüqarovdur.
İnsan ömrünün dəyəri onun yaşadığı illərin sayında deyil, o illərə sığdırdığı xeyirxah əməllərdə, qazandığı dualarda və geridə qoyduğu silinməz izlərdə ölçülür. Telman Zülfüqarovun həyat salnaməsinə nəzər salarkən zəhmətkeşliyin, yüksək mədəniyyətin və insani nəcibliyin kamil bir vəhdətini görürük. Onun həyat yolu həm də təməli möhkəm mənəvi dəyərlər üzərində qurulmuş şərəfli bir ocağın davamıdır. Atası Zülfüqarov Firudin Nəsrulla oğlu 1910-cu ildə Lənkəranda doğulmuş, ali təhsilli mühəndis kimi müxtəlif vəzifələrdə çalışmış, 1941-ci ildə Böyük Vətən müharibəsinə zabit, bölmə komandiri kimi yollanaraq ağır yaralanmış və 1943-cü ildə müharibə əlili kimi tərxiz olunmuşdur. Anası Zülfüqarova Şükufə Bayram qızı isə 1917-ci ildə anadan olmuş, ömrünü ocağının istiliyinə və övladlarının tərbiyəsinə həsr etmiş evdar bir qadın kimi nümunəvi ana ömrü yaşamışdır. Məhz belə vətənpərvər, zəhmətkeş və ziyalı bir ailə mühitində böyümək gənc Telmanın gələcək şəxsiyyətinin və insanpərvər xarakterinin formalaşmasında müstəsna rol oynamışdır.
1953-cü il sentyabrın 26-da Lənkəran şəhərinin Əli Bayramov (indiki Şəhidlər xiyabanı) küçəsində anadan olan Telman Zülfüqarov hələ uşaqlıq illərindən daxili intizamı, iti zəkası və mütaliəyə olan dərin həvəsi ilə yaşıdlarından fərqlənmişdir. 1960-cı ildə Lənkəran şəhər 6 saylı sekkizillik məktəbin birincisinə qədəm qoymuş, 1970-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Məktəb illərində təkcə dərs əlaçısı kimi deyil, həm də gənclər arasında nümunəvi təşkilatçılıq bacarığı, liderlik keyfiyyəti, səmimiyyəti və təşəbbüskarlığı ilə məktəb kollektivinin və müəllimlərinin dərin rəğbətini qazanmış, hətta IX sinifdə oxuyarkən məktəbin komsomol komitəsinin katibi seçilmişdir. Onun fəallığı, mədəniyyətə və idmana olan böyük marağı hələ gənc yaşlarından gələcəyin hərtərəfli formalaşmış ziyalı simasından xəbər verirdi. Lakin bütün bu keyfiyyətlərin fövqündə dayanan əsas amil onun insanlara kömək etmək, zəiflərin, xəstələrin dadına çatmaq istəyi idi.
Bu ali məqsəd və dərin arzu onu 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakultəsinə gətirib çıxardı. Tələbəlik illərində elmin incəliklərinə dərindən yiyələnən, peşənin sirlərini yorulmadan öyrənən, institutun komsomol təşkilatının katibi (komsorq) və Fakultə Təlim-Təslım komitəsinin üzvü kimi ictimai işlərdə fəal olan gənc Telman hələ IV kursdan etibarən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında gecə növbələrində feldşer işləyərək gələcək peşəkarlığının əsasını qoymuşdur. 1977-ci ildə ali təhsilini bitirib Bakı şəhər 12 saylı birləşmiş uşaq xəstəxanasında bir illik internatura kursunu uğurla başa vurduqdan sonra tərəddüd etmədən doğma elinə, Lənkərana qayıtdı. Çünki onun qəlbi doğulduğu torpağa, boy-başa çatdığı mühitə, Lənkəran insanına xidmət etmək eşqi ilə döyünürdü.
1978-ci ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına təyinatla göndərilən Telman həkim əvvəlcə Şağlaser kənd sahə xəstəxanasında həkim-pediatr və şəhər Təcili və Təxirəsalınmış Yardım Stansiyasında fəaliyyətə başladı. İlk günlərdən etibarən gərgin, məsuliyyətli və gecəsi-gündüzü olmayan bir iş rejimində böyük fədaicəsinə çalışdı. Təcili yardım həkimi olmaq sadəcə yüksək tibbi biliyə malik olmaq demək deyil, həm də soyuqqanlılıq, cəsarət, anında düzgün qərar vermək qabiliyyəti və ən əsası xəstənin ağrısını öz qəlbində hiss edə bilmək həssaslığı tələb edir. Telman müəllim bütün bu mürəkkəb imtahanlardan ləyaqətlə çıxdı. Qısa müddət ərzində sakinlərin dərin etimadını qazandı, ailələr öz körpələrinin, ahıl valideynlərinin sağlamlığını arxayınlıqla yalnız ona etibar etməyə başladılar.
1979-cu ildən MRX-nın baş həkiminin əmri ilə şəhər uşaq poliklinikasında sahə pediatrı kimi fəaliyyətini davam etdirən Telman həkim yüksək idarəçilik bacarığı ilə də seçilirdi. Artıq 1986-cı ildə Respublika Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Lənkəran MRX-nın ana və uşaqların mühafizəsi üzrə baş həkim müavini və rayonun baş pediatrı təyin edildi. Həmin illərdə rayonda uşaq ölümü və evdə doğuşların sayı çox yüksək idi. Telman Zülfüqarov daxili gücünü, təşkilatçılıq qabiliyyətini və rayon ictimaiyyətinin təbliğat imkanlarını səfərbər edərək, evdə doğuşların maksimum dərəcədə qarşısını aldı, hamilə qadınları doğum şöbələrinə cəlb etməklə ana və uşaq ölümlərinin səviyyəsini minimuma endirməyə müvəffəq oldu.
Həkimlik peşəsi Telman Zülfüqarov üçün sadəcə bir peşə, gündəlik iş fəaliyyəti olmadı. Bu, onun üçün müqəddəs bir həyat fəlsəfəsinə, insanlara təmənnasız xidmət missiyasına çevrildi. Beşikdəki körpədən tutmuş ömrünün ahıl çağlarını yaşayan yaşlı insanlara qədər minlərlə Lənkəran sakini onun şəfalı əllərinin, mülayim sözünün, xoş rəftarının şahidi oldu. Yüksək intellekti, dərin savadı və insanlarla səmimi ünsiyyət qurmaq bacarığı onu təkcə savadlı bir həkim kimi deyil, eyni zamanda kamil bir xalq loğmanı kimi tanıtdı.
Telman Zülfüqarov üçün həkimlik şərəf, vicdan və ləyaqət məsələsi olmuşdur. Həyatın müxtəlif dönəmlərində rast gəldiyi çətinliklər, ədalətsizliklər qarşısında o, heç vaxt öz prinsiplərindən dönməmiş, mənəvi bütövlüyünü və insanpərvərliyini hər şeydən uca tutmuşdur.
2000–2010-cu illərdə Lənkəran MRX-da Qan köçürtmə şöbəsinin müdiri işləyən Telman həkim, 2010-cu ildən aparılan səhiyyə islahatları ilə əlaqədar bu qurum B.Eyvazov adına ET Milli Hematologiya və Transfuziologiya İnstitutunun tabeliyində olan Mərkəzi Qan Bankının Lənkəran bölməsinə çevrildikdə də onun rəhbərliyini uğurla davam etdirdi. Bu bölmə bütövlükdə 7 rayona – Astara, Lənkəran, Lerik, Yardımılı, Masallı, Cəlilabad və Biləsuvara xidmət edirdi. Cənub zonasında təcili qana ehtiyacı olan yüzlərlə xəstənin, xüsusən Talassemiya və Hemofiliyalı uşaqların vaxtında qan və qan preparatları ilə təmin olunmasında, “Qan ver, Yaşat!” devizi altında təmənnasız donorluq aksiya və təbliğatlarının təşkilində onun müstəsna xidmətləri oldu. O, fəaliyyəti dövründə Bakı və Sankt-Peterburq şəhərlərində təkmilləşmə kursları keçmiş, 2013 və 2019-cu illərdə Hematologiya ixtisası üzrə sertifikasiya almışdır. Şərəfli xidmətlərinə görə “Əmək veteranı” adına, Lənkəran MRX-nın və Milli Hematologiya və Transfuziologiya İnstitutunun rəhbərliyi tərəfindən defələrlə “Fəxri fərman” və “Təşəkkürnamələrlə” təltif olunmuş, 2023-cü ilin oktyabrında yaşla əlaqədar (70 yaşında) təqaüdə çıxmışdır. Təkcə səhiyyə deyil, 1985-ci ildən 73 saylı (indi 77 saylı) Lənkəran rayon seçki dairəsinin 3 saylı məntəqə seçki komissiyasının üzvü, 2001-ci ildən isə həmin məntəqə seçki komissiyasının sədri kimi içtimai-siyasi proseslərdə də məsuliyyətlə yer almışdır.
Telman həkimin xarakterini səciyyələndirən ən başlıca cəhətlərdən biri onun yüksək insani mədəniyyətə, aristokrat duruşa və dərin vətənpərvərlik hissələrinə malik olmasıdır. O, xalqının şad günündə sevinən, çətin anında isə onun dərdini öz şəxsi dərdi kimi yaşayan əsl ziyalıdır. Xüsusilə Vətənimizin taleyüklü sınaq qarşısında olduğu 44 günlük Vətən müharibəsi günlərində Telman həkimin malik olduğu böyük vətənpərvərlik ruhu bir daha parlaq şəkildə büruzə verdi. Müharibə dövründə cəbhədən gələn hər bir xəbəri böyük həyəcanla izləyən, şəhidlərimizin acısını, analarımızın göz yaşını qəlbində böyük nisgillə daşıyan Telman müəllim əsgərlərimizin hər bir Zəfər müjdəsinə uşaq səmimiyyəti ilə sevinirdi. O, Vətənə, torpağa, xalqa sevgini sözdə deyil, bütün varlığı ilə yaşayan, hər bir ana acısını öz acısı bilən nəcib bir qəlbin sahibidir.
Telman Zülfüqarov həm də gözəl, nümunəvi bir ailə başçısıdır. Həyat yoldaşı Zülfüqarova (Rəhimova) Gülgəz Dadaş qızı da Azərbaycan Tibb İnstitutunun məzunu, uzun illər MRX-nın poliklinika şöbəsində həkim-oftalmoloq və Lənkəran Tibb Kollecində müəllim işləmiş dəyərli bir mütəxəssisdir. Bu nurani ocaqda böyüyən 3 övlad və 5 nəvə cəmiyyətimiz üçün faydalı şəxsiyyətlər kimi yetişmişlər. Qızı Nəbahət Zülfüqarova həkim-oftalmoloq kimi Bakı şəhəri 1 saylı poliklinikada çalışır. Atasının həkimlik yolunu seçən oğlu Murad Zülfüqarov 8 saylı Stomatoloji poliklinikada yüksək ixtisaslı həkim-stomatoloqdur (həyat yoldaşı Xədicə Axundova Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialının müəllimi, həkim mama-ginekoloqdur). Kiçik qızı Mehin Zülfüqarova isə Türkiyədə 4 illik rezidentura keçmiş, genetik-laborant kimi hazırda Bakı şəhəri Respublika Qan Bankında fəaliyyət göstərir. Həmçinin Telman həkim 30 il boyunca Lənkəran Tibb Kollecində (keçmiş tibb məktəbi) və 1995–2018-ci illərdə Lənkəran Özəl Türk Liseyində həkim işləyərək tələbələrə dərs demiş, yüzlərlə gənc kadrın yetişməsinə misilsiz töhfə vermişdir. Bu, bir ziyalı ailəsinin cəmiyyətə bəxş etdiyi ən böyük mənəvi sərvətdir.
Hazırda təqaüddə olmasına baxmayaraq, Telman həkim Lənkəranın ictimai-mədəni həyatında fəal iştirak edir, öz müdrik məsləhətləri, ağsaqqal duruşu, ziyalı mövqeyi ilə gənclərə hər zaman doğru yol göstərir. O, sosial şəbəkələrdə, maarifləndirici layihələrdə və xeyriyyəçilik təşəbbüslərində aktivliyi ilə fərqlənir, enerjisini və zəngin hayat təcrübəsini elin-obanın rifahı üçün əsirgəmir.
Əllərində şəfa, qəlbində məlhəm,
İnsana mərhəmət ömrünə bəsdir.
Nəcib xarakterin, saf niyyətinlə,
Uca bir məramdır, uca bir səsdir.
Elin dayağısan, elin ziyası,
Ömür çırağısan darda qalana.
Şəfqət nəfəsinlə olarsan dəstək,
Çağırışa qaçan hər bir xəstəyə.
Təlaşlı baxışa sakitlik verən,
Niyyəti nur saçan gözəl ürəksən.
Qəlbin kövrək olsa, dözümün dağdır,
Sən bu el-obaya arxa, gərəksən.
Böyük bir ömürdür arxada qalan,
Bu mübarək yaşın şərəfli, uca.
Yetmiş üç yaşındır, mübarək olsun,
Xeyirxah ürəyin fərəhlə dolsun!
Ad günü günləri insanın geridə qoyduğu mənalı ömür yoluna nəzər salması, qazandığı dostların, təmiz adın və səmimi sevgilərin təntənəsidir. Bu gün doğma Lənkəranımızın Telman Zülfüqarov kimi ləyaqətli, saf, vətənpərvər və xeyirxah bir övladı ilə fəxr etməyə tam haqqı vardır.
Telman doktoru ad günü münasibətilə qəlbən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti və xalqımızın rifahı naminə atdığı hər bir addımda yeni-yeni müvəffəqiyyətlər arzulayırıq! Qoy onun xeyirxahlıqla nurlanmış ömür yolu gələcək nəsillər üçün hər zaman parlaq bir örnək olsun.Var olun doğma insan!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru






















