Nərimanovla eyni qadına aşiq oldular, qız onu seçdi, maşını gülləboran edildi, meyiti yoxa çıxdı – Baş nazirimizin dəhşətli həyatı

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəylinin doğum günüdür. Müstəqil.Az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Nəsib bəy Yusifbəy oğlu Yusifbəyli 1881-ci il iyulun 5-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə gimnaziyasında alıb. O, 1902-ci ildə Odessa şəhərindəki İmperator Novorosiyski Universitetinin hüquq fakültəsinə daxil olsa da, universiteti bitirə bilmir.

***

Odessadakı yarımçıq təhsilini Xarkovda davam etdirən Nəsib bəy Yusifbəyli 1907-ci ildə Baxçasaraya gəlir və Rusiya müsəlmanlarının milli oyanışı üçün böyük maarifçilik missiyasını həyata keçirən İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetində calışır. İsmayıl Qaspralı ilə aralarında ata-bala münasibəti yaranır. Nəsib bəy Yusifbəyli ilk sevgisini də elə burada “Tərcüman” qəzeti redaksiyasında tapır. İsmayıl Qaspralının qızı Şəfiqə xanımla tanış olur və aralarında böyük sevgi yaşanır. Nəriman Nərimanov da Şəfiqə xanıma evlənmək təklif edir. Lakin Şəfiqə xanım Nəsib bəyi seçir.

***

Nəsib bəyin bu evlilikdən Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlir. Çox keçmir ki, səbəbi indiyə qədər sirr olan bir ailə ixtilafı üzündən Nəsib bəylə Şəfiqə xanım ayrılır. Nəsib bəy sonradan başqa bir xanımla ailə qurur.

N. Yusifbəyli ailəsindən ayrılıb Azərbaycana dönsə də övladları ilə daima əlaqə saxlayır. Şəfiqə xanım da buna etiraz etmir. İsmayıl bəy Qaspralı da qızının ayrılmasına baxmayaraq, Nəsib bəyə böyük hörmət bəsləyir. 1914-cü ildə İ. Qaspralı ömrünün sonunu duyub Nəsib bəyi Baxçasaraya çağırır və vəsiyyətini də ona söyləyir.

***

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qurulduqdan sonra Nəsib bəy ailəsini Bakıya gətirir. Heç iki il tamam olmur ki, Azərbaycanın bolşevikləşməsindən dolayı ailə yeni bir faciə ilə üz-üzə qalır. N. Yusifbəyli 1920-ci ilin mayın 31-də Gürcüstana keçmək istərkən onun olduğu maşının qarşısını kəsib gülləyə tuturlar. Nəsib bəy ölür, amma sürücü ağır yaralansa da aradan çıxır. Qatillər Nəsib bəyin cənazəsini maşından çıxarıb bir tərəfə atırlar. Bolşeviklər elə bilirlər ki, Nəsib bəyin çamadanında qızıl, bahalı əşyalar, pul Cümhuriyyətin varidatı ola bilər. Açanda görürlər ki, orda çamadanda bir dəst köynək, diş fırçası yəni, gündəlik lazım olan bir iki əşya var. Məlum hadisə səbəbindən onun məzarının yeri də bilinmir.

***

Bu zaman Şəfiqə xanım, Niyazi və Zöhrə Nəsib bəyin qətlindən xəbərsiz olur. Və onun ölümündən çox sonralar xəbər tutur. Çünki qətl məxfi şəkildə həyata keçirilir. Onun meyitinin də tapılmamağının səbəbi bu olur. Şəfiqə xanım Qaspiralı axtarışa çıxır. Nəsib bəyi axtarır, məktublar yazır, ancaq onun məktublarına cavab gəlmir. Sonradan təsadüfən İstanbulda Nəsib bəyin sağ qalan sürücüsünü görür. O, Şəfiqə xanımla görüşdə bütün baş verənləri nəql edir.

***

Nəsib bəyin qızı Zöhrə xanım müsahibələrinin birində deyir: Aprelin 27-də Nəsib bəy pərişan halda rus millətindən olan sürücüsü Mitya ilə evə gəldi. Həyəcanla bildirdi ki, fəna bir zaman başladı. Hər yerdə tuthatutdu. Sonra cibindəki pulun bir hissəsini stolun üstünə qoyaraq bizimlə vidalaşdı. “Özünüzü qoruyun” – deyərək dərhal qapıdan çıxdı, hansısa istiqamətə getdi. Bu Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəylinin ailəsi ilə son görüşü olur.

Bir neçə gün sonra baş nazirin ailəsi Filarmoniya ilə üzbəüz binadakı mənzillərindən bayıra atılır. Şəfiqə xanım Qaspralı və iki övladı xeyirxah insanların köməyi ilə şəhərin kənarında kiçik bir daxmada yaşayır. İki il də belə gəlib keçir. Türkiyənin Bakı konsulu Məmduh Şövkət bəy, Nəsib bəy Yusifbəylinin ailəsinin ağır durumundan xəbər tutur. Gizlicə Şəfiqə xanımın yanına adam göndərir. Saxta sənədlər düzəldərək onları Türkiyəyə keçirir. Zöhrə xanım, Niyazi və Şəfiqə xanım çətinliklə Batumdan kiçik bir gəmiylə Trabzona keçə bilirlər. Trabzonda xoş bir təsadüf onları Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Şəfi bəy Rüstəmbəyli ilə rastlaşdırır.

***

Şəfi bəy Nəsib bəyin ailəsinə böyük hörmətlə yanaşır və onları İstanbula gətirir. Şəfiqə xanım İstanbulda Qaspralı nəslinin nüfuzlu nümayəndələrinin köməyi ilə ayaqda durmağı bacarır.

***

Niyazi Yusifbəyli isə atasının yolunu davam etdirir. Türkiyədə qurulan mühacirət təşkilatlarında və mətbu orqanlarda calışır. Niyazi Yusifbəylinin mühacirətdəki fəaliyyəti, demək olar ki, böyük bir araşdırmanın tədqiqatın mövzusudur.

Maddi sıxıntı içində iki övladı ilə tənha yaşayan Şəfiqə xanım, bir müddət İstanbulda “Hilali-əhmər” cəmiyyətində çalışır. Türkiyədə nəşr olunan “Şəfiqə Qaspralı və Rusiyada Qadın Hərəkatı (1893-1920)” kitabındakı məlumata görə, Nəsib bəydən ayrı yaşamasına baxmayaraq Şəfiqə xanım öz ilk sevgisinə ömrünün sonunadək sadiq qalıb. Nəsib bəyin yoxluğundan sarsıntı keçirən Şəfiqə xanımın gündəliyindəki qeyd olduqca ibrətamizdir: “Nəsib, hardasan? Suda, ya torpaqdasan? Heç nə bilmirəm. Harda olursan ol, ətrafın nurla dolsun. Səni çox sevirəm”.

***

Azərbaycan Cümhuriyyəti liderindən olan N. Yusifbəylini qətlə yetirənlər yanlış informasiyalar yaymağa başlayırlar. Onlar izi azdırmaq üçün guya N.Yusifbəylinin ac-susuz İstanbulda, sərgərdan gəzdiyi şayiəsini ortaya atırlar. Şəfiqə xanım isə övladlarının atası barədə həqiqətləri öyrənməyə çalışır. İstanbulda təsadüfən Nəsib bəyin sürücüsü ilə qarşılaşır, onu sorğu-suala çəkir və qətlin təfərrüatını öyrənir. N. Yusifbəyli Yevlaxda dostu Cümhuriyyət parlamentinin üzvü Qarxunlu Əşrəf bəyin evindən ayrılıb Gürcüstana keçmək istəyərkən Kürdəmir ətrafında bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir. Sürücü yaralı halda qaçmağa macal tapır.

***

Qətlin bolşeviklər tərəfindən deyil, Nəsib bəyin öz əqidədaşı, Qarxunlu Əşrəf tərəfindən tamah məqsədilə törədildiyi xəbəri yayılır. Tarixi araşdırmaçı Şəmistan Nəzirli uzun tədqiqatdan sonra, həqiqəti ortaya çıxarır. Qətlin Qarxunlu Əşrəf bəy tərəfindən törədilmədiyi ortaya çıxır.

Anası və bacısı ilə İstanbulda çətin şəraitdə yaşayan Niyazi Yusifbəyli atasının qətlə yetirildiyi Kürdəmiri çox sonralar özünə soyad seçir.

***

N. Yusifbəyli Kürdəmir 1964-cü ildə dekabrın 28-də Ankaradakı evində ürək tutmasından dünyasını dəyişib. Bu acı xəbər Türkiyənin “Hürriyyət” və “Milliyyət” qəzetlərində çap edilib, Azərbaycan mühacirlərinə vətənsevər türk xalqına başsağlığı verilib. N. Yusifbəyli Kürdəmir Ankara məzarlığında dəfn olunub.

N. Yusifbəyli Kürdəmirin iki övladı var. Şahika Qaspralı Kürdəmir Ankara kollecini bitirdikdən sonra Ankara Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Türkiyənin bir neçə bankın hüquq müvəkkili olub. Ailə qurmayıb.

***

Babasının adını daşıyan Nəsib bəy isə 1945-ci ildə doğulub. Ali iqtisadi təhsil alıb. Müxtəlif sahələrdə çalışıb, 1988-ci ildə ailə qurub. İzmirdə əczaxanada çalışıb. Övladı olmayıb. 2015-ci ilin dekabr ayında o, Türkiyədə qəfildən dünyasını dəyişib.

Kulis.az

Share: