Müharibə dəhşətlərini xalqa çatdıran operator: “Güllə kameramı deşib, boğazıma girdi” – MÜSAHİBƏ + FOTO

Onu hamı boğazından vurulan jurnalist kimi tanıyır. Bəlkə də sağ ikən ən çox rəhmət qazananlardandır. Çünki hər dəfə onun çəkdiyi 1-ci Qarabağ Müharibəsinin kadrları yayımlananda 200 nəfərdən 195-i “Allah rəhmət eləsin” deyir.

Söhbət AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, müharibə reportyoru Ədil Arifoğludan gedir.

“Kaspi” qəzetinin müxbiri Ədil Arifoğlu ilə həmsöhbət olaraq keçmişə səyahət edib.

1968-ci ildə İmişlidə anadan olub. İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1991-ci ildən indiyədək Azərbaycan Televiziyasında fəaliyyət göstərir. Birinci Qarabağ döyüşlərindən, qəhrəmanlarımızdan, xalqımızın başına gətirilən bəlalardan məhz o və onun kimi reportyorların əməyi sayəsində xəbər tutmuşuq. Digərləri kimi o da ölümlə üz-üzə gəlsə də, müharibənin dəhşətlərini bizə göstərib. Rejissorluqdan hərbi jurnalistikaya gedən yoldan danışanda isə deyir ki, o dövrdə ölkədəki vəziyyət ağır idi və hər peşə sahibi öz üzərinə düşən vəzifəni icra etməli idi: “1991-ci ildə “215KL” studiyasına dəvət olunanda ölkədə vəziyyət çox ağır idi. Kəndlərimiz yandırılır, torpaqlarımız işğal olunurdu. Həmin ərəfədə başqa materiallar hazırlamaqdansa, müharibəni üstün tutdum və çəkilişlər aparmağa başladım. Qısa müddət Çingiz Mustafayevlə çiyin-çiyinə işlədik. Sonra o, şəhid oldu. Xoş münasibətlərimiz var idi. Hər ikimiz Qarabağ döyüşlərini çəkirdik, amma bir-birimizi çox az görürdük. Çünki fərqli döyüşlərə gedirdik. Bizdə ölüm qorxusu yox idi. Amalımız müharibəni işıqlandırmaq idi”.

– Şəhidlik zirvəsinin 1 addımlığından geri qayıtmısınız. Yaralanma anını necə xatırlayırsınız?

– 4 il müharibə çəkmişəm. İlk dəfə 2 kamera ilə getmişdik. Operator Fikrət Qafarov və mən. Məni həmişə çəkən Fikrət olub. O məndən böyük idi. Füzulinin Qorqan kəndi ilə Seyidəhmədli arasında döyüş gedirdi. Biz də çəkirdik. O vaxt səngərlər balaca olduğu üçün başını qaldırmaq mümkün deyildi. Çəkəndə başımın üstündən 2-3 güllə gedirdi. Mənə dedilər ki, düşmən səni gördü, vuracaqlar. Ən çox qorxduğum snayper gülləsinə tuş gəlmək idi. Kameranın obyektivi işığı əks etdirir. Bu zaman da snayper üçün rahat hədəfə çevrilirsən. Yanımda döyüşçümüzü vurdular. Mən onu yerdə çəkərkən yuxarı qalxdım və güllə mənə dəydi. 200 metr uzaqlıqdan atılan snayper gülləsi kameramı deşib, boğazıma girdi. 2 əməliyyat keçirtdim. Şükürbəyli səhra hospitalında əməliyyat zamanı öz-özümə dedim ki, bu da axırı. Ölürsən… Baxın, izi qalıb (əməliyyatın izini göstərir – A.Ə). Ağrını çox hiss etmirdim, donmuşdum. 2 əməliyyat keçirmişəm. İlkində güllə ilə vurulduğumu bilmədilər. Düşündülər ki, qəlpədir.  Bir müddət sonra başım dəhşətli dərəcədə ağrımağa başladı. Elə bildilər, qan itirmişəm, ondandır. Daha sonra boynumda güllə qaldığının fərqinə vardılar. O güllə ikinci əməliyyatla çıxarıldı. Çapı 7,62 mm olan snayper gülləsi idi.

– O gülləni saxlayırsınız?

– Bəli, indi də məndədir. Hətta bir müddət o güllədən boyunbağı düzəldib boynuma asırdım. Çünki onunla fəxr edirdim.

– Müharibə kadrlarını tez-tez sosial şəbəkələrdə paylaşırsınız. Efirə vermədiyiniz, ümumiyyətlə, yaymadığınız kadrlarınız varmı?

– Çoxdur. O qədər dəhşətli kadrlar var ki, nəinki efirə vermək, özüm belə baxa bilməmişəm. Tamaşaçı üçün bunu izləmək çox ağırdır. Təsəvvür edin ki, Kəlbəcərdə Murovdağ ilə yollar bağlanıb. İnsanlar vertolyotla çıxa bilirlər. Saat 4-dür, ermənilər vaxt qoyub ki, saat 7-yə qədər çıxmalısınız. 7-yə qədər vertolyot nə qədər adam daşıya bilər ki? Çıxa bilməyənlər düşmənə əsir düşməli idi. Üstəlik, ondan 1 il öncə Xocalı faciəsi olmuşdu. Bu faciəni görən xalq təbii ki, orada qala bilməzdi. Oradakı dəhşəti təsəvvür belə etmək çətindir, nəinki baxmaq. Məndə bir kadr var ki, 3 yaşlı uşağı qaldırırlar ki, vertolyota mindirələr. Uşaq ananın əlindən yerə düşür. Anası qışqırır ki, uşaq qaldı. İnsanlar öz canlarının hayında idilər və o uşaq heç kimin vecinə deyildi. Xaos idi. Sən görürsən ki, millətin çətin vəziyyətdədir və ona kömək etməyə gücün yoxdur. Torpağın əldən gedir. Amma sən sadəcə çəkirsən. Təəssüf ki, bu arxivlər indi qorunmur. Onlar kasetlərdə çox qalmayacaq. 

– Kəlbəcərdən sonuncu gələn vertolyotun sərnişinlərindən biri də siz olmusunuz…

– Müharibəyə gedən insan 95 faiz öləcəyini bilir. Yəni sağ qalmaq ehtimalı 5 faizdir. Hamı onsuz da ölümü gözə alır. Vertolyotda pilotlar bir-birinə işarə edirdilər ki, bizdən əvvəl bir vertolyot vurulub. Bizim vertolyotun da vurulma ehtimalı çox idi. Ona görə hər kəs ölümü gözləyirdi. Biz ilk olaraq Yevlaxın işıqlarını gördük. Pilotlar sevindilər ki, təhlükə sovuşdu. Sonra hər kəs sevinirdi ki, ölmədik. Təsəvvür edin, Kəlbəcərdən çıxıblar, evlərini, isti yuvalarını, kimisi həyat yoldaşını, oğlunu geridə qoyub, amma həmin an sevincli idilər ki, ölmədik.

– 29 il sonra Kəlbəcərə qayıtdınız. Həmin meydana getdiniz?

– Kəlbəcərə getdik. Vertolyot meydanına 1 km məsafəmiz qalmışdı. Dedik, çəkilişi edib gedərik. Amma mümkün olmadı. Mart ayı idi və qar yağmışdı. Dedilər ki, ora getmək mümkün deyil. Amma o əraziyə mütləq gedəcəyəm. 

– Milli qəhrəman Allahverdi Bağırovla müsahibəniz tez-tez paylaşılır. Ümumiyyətlə, milli qəhrəmanlarla tez-tez həmsöhbət olmusunuz. Onları necə xatırlayırsınız?

– Çəkdiyim kadrların içində çox qəhrəmanlar var idi. Allahverdi Bağırovu, Fred Asifi (Asif Məhərrəmov), Şirin Mirzəyevi, Əliyar Əliyevi çəkmişdim. Allahverdi Bağırov mənə “balaca, gəl görüm” deyə müraciət edirdi. 22 yaşım var idi, ona uşaq kimi görünürdüm. 1992-ci ilin mart ayında Ağdamda Allahverdi Bağırovla maşında müsahibə edirdim. Dedim ki, maraqlı material hazırlamaq istəyirəm. Dedi ki, ermənilərlə görüşəcəyəm, gedək, amma gizlin çəkərsən. Allahverdi Bağırovun Vitalik Balasanyanla məşhur əsir dəyişmə görüşlərini lentə ala bildik. Balasanyan Allahverdi Bağırovdan çox qorxurdu. Biz bunu hiss edirdik. Onlar əsasən Xocalıdan gələn əsirləri dəyişirdilər. Siz təsəvvür belə edə bilməzsiniz ki, o əsirlər hansı vəziyyətdə idilər. Biz həmin müddətdə erməni əsrilərini də çəkmişik. Bizdə erməni əsirlərinə su, yemək, siqaret verirdilər. Amma bizim əsirlər çox ağır vəziyyətdə gəlirdilər.

– Tanıdığınız, ünsiyyətdə olduğunuz qəhrəmanların ölüm xəbəri necə təsir edirdi?

– Biz müharibəni belə qəbul edirdik. Vətən uğrunda ölmək hamı üçün fəxr idi. Hətta operator Fikrət Qafarova deyirdim ki, kim yaralansa, ölsə, onu mütləq çək, sonra kömək edərsən. Ona görə də mən yaralananda Fikrət məni çəkdi. Mənə kömək etmək yox, çəkmək lazım idi, o da çəkdi. Əlbəttə, hər ölümdən sarsılırdıq. Məsələn, müsahibə alırdım, 1 saat sonra şəhid xəbəri gəlirdi. Ümumiyyətlə, mənim kadrlarımda gördüklərinizin 70 faizi şəhid oldular.

– 30 il sonra atasını sizin kadrlarınızda tanıyan gənclər var.

– Bəli. Bu hadisə məni həm qürurlandırdı, həm də kədərləndirdi. Qazaxda döyüşləri çəkmişdik. Mən onu sosial şəbəkələrdə yerləşdirdim. Bir nəfər mənə yazdı ki, sizin kadrlarınızdan şəhid atamı tapmışam. Atası müharibəyə gedəndə 3 yaşı olub. Ata cəbhədə olduğu üçün övladını görmürdü. Uşaq atasını anasının göstərdiyi şəkillərdən tanıyıb. Atasını görmək üçün Qazax döyüşlərinin hamısına baxıb və görən kimi tanıyıb. O gənc atasını çəkdiyim üçün mənə təşəkkür edirdi. Belə hadisələr məni çox təsirləndirir. Bu döyüşlərdə yalnız vətəndaşlıq borcumu yerinə yetirirdim və bununla fəxr edirəm. Azərbaycanın ən faciəli günlərində müharibənin qızğın nöqtələrində çəkilişlər aparıb, haqq səsimizi dünyaya çatdırmaq üçün əlimdən gələni etmişəm. 

– O dövrdəki çarəsizliyi və İkinci Qarabağ Müharibəsindəki əzəməti necə izah edərdiniz?

– Birinci Qarabağ müharibəsindən 500 saatlıq arxivim var. Oradakı çətinlikləri görən və çəkənlərdənəm. Sizə müqayisə üçün sadəcə bir hadisəni danışacağam. Tərtərdə səngərin içində döyüş gedir, biz də çəkiliş edirik. 8-10 nəfər əsgərin cəmi 5 silahı var idi. Gedib avtomatla müxtəlif yerlərdən atırdılar ki, düşmən elə bilsin ki, biz çoxuq və ətrafı mühasirəyə almışıq. O dövrdə Azərbaycan yeni müstəqil olmuşdu. Vətənpərvərlik hissi güclü idi. Amma bütün bunlara baxmayaraq, dövlətçilik təhlükə altında idi. Siz təsəvvür edin ki, insanlar döyüşürdülər, amma koordinasiya edən yox idi. Buna görə də məğlubiyyətlər olurdu. 2020-ci ildə texnikamızla yanaşı Ali Baş Komandan var idi və döyüşü idarə edirdi. O vaxt elə deyildi. Təsəvvür edin ki, Qubadlıda 3 günlük atəşkəsdir, Füzulidə şiddətli döyüş gedir. Naxçıvanda atəşkəsdir, Qazaxda şiddətli döyüş gedir. Həm də ki, o vaxt Ermənistanın arxasında böyük qüvvələr var idi, Azərbaycan təklənmişdi.

Fotolar: Sabir Məmmədov/Global Media Group

Share: