Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub

İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Motazz Muhi Əbdulhəmid Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub. Qonaq AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli ilə bir sıra əməkdaşlıq məsələlərini müzakirə edib.
Akademik İsa Həbibbəyli Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi və İraqın bir çox universitetlərində türkologiya fakultələrinin olması barədə fikirlərini bölüşüb. Bildirib ki, “Bağdat ədəbi mühitini və digər müəllifləri müştərək öyrənməyə hazırıq. Xüsusən, Məhəmməd Füzulinin öyrənilməsinə böyük əhəmiyyət veririk. Füzulini türkcə və ərəbcə çap etmək çox faydalı olar. İnstitutumuzda ayrıca Nizamişünaslıq və Füzulişünaslıq şöbələri vardır. Eyni zamanda İraq ədəbiyyatını sistemli şəkildə öyrənməyimizə də ehtiyac var. Füzuli haqqında müştərək kitab hazırlamağımızı və konfrans keçirməyimizi təklif edirəm”.
Dr. Motazz Muhi Əbdulhəmid bildirib ki, Jurnalistlər Birliyinin dəvəti ilə işğaldan azad olunmuş ərazilərə baxış keçirmək üçün Bakıdadır. İraqda Azərbaycan, xüsusilə Qarabağ məsələsi ilə bağlı mətbuatda fəal çıxış etdiyini, “Qarabağ-Mübarizənin Tarixi” kitabını yazdığını, Şuşanı da ziyarət etdiyini diqqətə çatdırıb. İraq Mədəniyyət Nazirliyinin Füzulinin əsərlərini çap etməyi təklif etdiyini bildirib. Ədəbiyyat İnstitutundan Füzulinin əsərlərini və onun haqqında olan tədqiqatları çatdırmağı xahiş edib. Qonaq təşəkkür edərək, əməkdaşlığın davam etdirilməsinin faydalı olacağını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin Müvəqqəti işlər vəkili Nəsir Məmmədov və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri dr. Motazz Muhi Əbdulhəmidun imzaladıqları “Təqdirnamə” Ədəbiyyat İnstitunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidova təqdim olunub. Həmçinin, instituta aid bir sıra nəşrlər qonağa hədiyyə olunub.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.az

Share: