“Millət yaddaşının keşikçisi”

Onun yaşıdlarının dilindən qopan kəlmə çoxdan kəsərini itirmişdi- 94 il yaşadı. Aclıq, müharibə, ehtiyac, sıxıntı gəncliyinin yol yoldaşı olub. “Mövcud olmaq hələ yaşamaq deyil” – o, demişdi. Bəli, bir əsrə yaxın yaşayıb həm mövcuddluğunu, həm də varlığını sübut etdi…

Deyirdi ki, – “Abbas Səhhət M.Ə.Sabirin ölümündən sonra, “Hophopnamə”nin çapı üçün pul yığılmasını təklif edir. Nəticədə 126 manat pul yığılır. Bunun 26 manatı azərbaycanlılardan, 100 manatı isə erməni qadınlarından gəlir”…
Bu hadisəni, eləcə də xalqımızın başına gətirilən olayları elə yana-yana danışırdı ki, sözlərindəki alovun hərarəti adamı yandırırdı. Onu odlandıran milli təəssübkeşlik hissləri, qeyrəti idi…
Bütün ömrü boyu Cümhuriyyət tarixini araşdırdı. Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var idi. Mətbuat tariximizin araşdırılmasında böyük zəhməti olan tədqiqatçıların sırasında adı həmişə ön cərgədə çəkilir. Əbəs yerə deyil ki, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli onu “millət yaddaşının keşikçisi” adlandırır…
Yaşasaydı dekabrın 17-də Şirməmməd Hüseynovun 99 yaşı tamam olacaqdı. Bəli, xalqımız onu heç zaman unutmayacaq. Bu boyda qeyrət sahibini unutmaqmı olar, mümkün deyil…
Yeri behişt olsun!
Elman Eldaroğlu
Share: