Millət vəkili şəhid övladının ad günündə iştirak etdi – FOTOLAR

Şəki rayonunun Çayqaraqoyunlu kəndi Vətən müharibəsində 3 şəhid verib. Kəndin igid, vətənpərvər gəncləri Rəhimov Asif Həsrət oğlu, Mahmudov Murad Mahir oğlu və Hümmətov Aqil Vüqar oğlu torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına həlak olublar. Deputat Cavanşir Feyziyev Novruz Bayramı günlərində şəhid ailələlərini ziyarət edib, onların həyat və məişət şəraiti ilə tanış olub.

Çayqaraqoyunlu kəndinin sakinləri Mahir və Sahibə Mahmudovların ailəsində 5 oğul dünyaya gəlib. Murad, Mayıl, Münasib, Taleh və Ramal. Onlardan üçü – Murad, Mayıl və Münasib Vətən müharibəsində iştirak edib, Taleh isə hal-hazırda hərbi xidmətdədir. Evin sonbeşiyi Ramal hələ məktəblidir. Vətən müharibəsi başlayan kimi torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılan üç qardaşdan biri – Murad Mahmudov Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

image-2

Şəhid Murad Mahmudovun 2 azyaşlı körpəsi var – Damla və Aysu. Novruz bayramı günlərində 2 yaşı tamam olan Aysunun ad günü təkcə ailənin özü tərəfindən deyil, çoxsaylı kənd sakinləri tərəfindən də sevinc və fərəhlə qeyd olunub. Deputat Cavanşir Feyziyev şəhid övladının ad günündə iştirak edib, onların sevincinə şərik olub. Deputat və ad günündə iştirak edən digər qonaqlar şəhid Murad Mahmudovun ailəsi üçün onun valideynləri tərəfindən tikilmiş ayrıca evlə və həmin evdə şəhidin xatirəsinə həsr olunmuş muzey-otağın tərtibatı ilə tanış olublar.

image-3

Daha sonra deputat Çayqaraqoyunlu kəndinin digər şəhidi Rəhimov Asif Həsrət oğlunun ailəsini ziyarət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılan Asif Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə igidlik göstərib, Suqovuşanın azad olunması zamanı şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin azyaşlı övladları Kənan və Yağmur babaları Həsrət Rəhimovun himayəsi altında qayğı ilə əhatə olunub.

image-4 image-5

Deputat Azərbaycan Prezidenti tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını və bu ailələrin həm dövlət və həm də cəmiyyətimiz tərəfindən hərtərəfli qayğı və diqqətlə əhatə olunduğunu bildirib. Şəhid valideynləri onlara xüsusi qayğı və diqqətlə yanaşıldığını və bu qayğıdan razı qaldıqlarını qeyd edərək dövlətimizə və xalqımıza minnətdarlığını ifadə ediblər.

Akif Salam
Əməkdar jurnalist

Share: