MHP sədrindən Novruz təbriki

Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Müstəqil.Az-a MHP mətbuat xidmətindən daxil olan  təbrikdə deyilir:
“Əziz soydaşlar!
Bir neçə gündür davam edən gecikmiş qış havasından sonra bu gün qismən də olsa ilıq yaz havasını və Novruz bayramının xoş aurasını hiss etdik. Novruz bayramı xalqımızın qədim tarixlərdən miras qalan milli-mədəni sərvətləri arasında həqiqətən də özünəməxsus layiqli yer tutur. Bir sıra başqa bayramlarımız kimi Novruz bayramı da tarixin sınaqlarından, keşməkeşlərindən keçib gəlmiş, oturuşmuş əsas dəyərlərimizdən biri sayılır.
Bu bayram hər bir azərbaycanlı üçün əzizdir. Dövlət başçımızdan tutmuş ən ucqar dağ kəndlərindəki soydaşlarımıza qədər bütün azərbaycanlılar hər il bu bayramı xüsusi coşqu ilə, sevgi ilə qeyd edirlər. 44 günlük müharibədəki tarixi Zəfərimizin ikinci ilində bu bayram həm də mədəniyyət paytaxtımız Şuşada təntənə ilə qeyd ediləcək.
Mən ulu əcdadlarımızın bizə miras qoyub getdikləri bu əziz bayram münasibətilə həm Prezident İlham Əliyevi, həm də bütün xalqımızı, bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, həmçinin qazilərimizə və ölkəmizin keşiyində dayanan əsgər və zabitlərimizə öz təbriklərimi yetirirəm.
Bizim xalqımız güclü, dəyanətli və müdrik xalqdır. Tarixin bir çox keşməkeşlərinə sinə gərmiş bu xalq bundan sonra hər zaman dinc və firavan həyat sürməyə, böyük Zəfərlərə imza atmağa və bayram ovqatı ilə yaşamağa layiq xalqdır.
Qoy, bu əziz bayram hər bir soydaşımızın evinə, ocağına bol istilik, hüzur, sevinc, ruzi-bərəkət, xoşbəxtlik və firavanlıq gətirsin. Bahar əhval-ruhiyyəsi, yaz fəslinin xeyir-bərəkəti heç bir evdən əskik olmasın.
Bir daha hər birinizi milli həmrəylik rəmzlərimizdən biri olan bu əziz bayram münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm. Həmişə bayram sevinci yaşayın, əziz soydaşlar! Novruz bayramınız mübarək olsun!
Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri”
Share: