Metroda mütaliə – Vüsal Bağırlı

Metroda mütaliə – Vüsal Bağırlı

Kulis.az Vüsal Bağırlının “Metroda mütaliə” adlı yeni yazısını təqdim edir.

Döngəni burulub keçidin yanındakı kitab dükanına çatıram. Başı səylə məchul telefon oyununa qarışmış satıcının yanında dayanıram. Ağımtıl yaşıl rəngli köhnə rəflərdə çəpinə və eninə düzülmüş kitab sıralarını bir-bir nəzərdən keçirirəm.

Diqqətimi iki əsər cəlb edir. Fyodor Dostoyevski “Ölü evdən qeydlər” və Tomas Vulf “Dön, evinə bax mələk”. Kitabların cildinə, tərtibatına nəzər yetirirəm. Üzərinə sığal çəkib, oxşayıram. Burnuma tutub qoxulayıram. Əlimə götürüb gözəyarı çəkisini ölçürəm. Sanballı görünürlər. Qiymətinə baxıram. Elə qiymətləri də sanballıdır.

“Yox, ikisinə birdən pulum çatmaz”.

Seçim etməliyəm. Hansını? Düşünüb, götür-qoy etsəm də, son qərara gəlməkdə çətinlik çəkirəm.

“Qoy hər şeyi püşk müəyyən etsin”.

Dəmir pul havada fırlanıb, ani parıltıyla ovcuma düşür. Satıcı telefondakı oyundan ayrılıb təəccüblə üzümə baxır, mən isə ovcumdakı qəpiyə.

***

Yeni təmir olunmuş metronun işiqli perronunda əlimi çantama atıram. Xəfif toxunuşla, ehmal nəvazişlə yeni “yol yoldaşımı” əlimə götürüb üz qabığına bir də nəzər yetirirəm. Nəfisdir, göz oxşayır. Biz əvvəl etdiyim alış-veriş fərəhləndirir, ürəyimi riqqətə gətirir, məni nikbin əhvala, xoş ovqata kökləyir.

Metroda kitab oxumağın müxtəlif özəllikləri var. Yeraltı dünya tanrısı Aidin səltənətində, bu məşğuliyyət mənə həm də ev və iş arasındakı doqquz stansiyalıq gündəlik marşrutun darıxdırıcı anlarını dəf etməyə kömək edir. Yanıq qoxulu perrondan qatar salonuna ayaq basarkən, hər şeyin heç də ilk baxışdan göründüyü qədər asan olmadığını anlayırsan.

Vaqonun sıxlıq, basabas və tünlüyündə bir sərkərdə uzaqgörənliyi ilə qərar qəbul etməli, kitab oxumaq üçün uyğun yer seçməlisən. Əks halda qırx beş dəqiqəlik yolda, kiminsə yorğun və bikef üzü, digərinin boşboğazlığı səni təqib edəcək.

***

Mən adətən kitab oxumaq üçün kürəyimi “söykənməyin” yazılmış istifadəsiz qapıya söykəyirəm. Bu mövqe, digər yerlərə nisbətən, əlverişli və rahatdır. Kitab oxumağa dalarkən fiziki bədənimiz tunellə hərəkət edən qatarın içərisində yırğalanır, şüurumuz isə zaman və məkan səddini aşaraq əsərin içinə baş vurur. Biz ayaq üstdə dayanmışkən xəyalımız çay keçir, dağ dolanır, zirvələr fəth edir.

Hər gün qatarda müxtəlif unikal və qeyri-adi hadisələr baş verir. Bəzən, üzündən zəhrimar yağan qaşqabaqlı oğlan kəhrəba təsbehini düz burnumun ucunda oynadaraq deyir:

– Qərdişim, nə oxuyursan, avtoritetlərdən yazıblar?

Başımla təsdiq etməkdən savayı əlacım qalmır. O, üzündəki heyrət dolu ifadə ilə sağıma-soluma fırlanır, cavab vermədiyimi görüncə aralanır.

İçəri yenicə daxil olmuş iki gənc mənə yaxınlaşır. Biri dirsəyi ilə qolumu dümsükləyir:

– Nə kitabıdır, kim yazıb?

Diksinib başımı qaldırıram.

– Qoqol.

Qatarın yeknəsəq səsinə, uğultusuna qarışan səsim zəif və inamsız səslənir.

Gülüşmə səsi eşidilir:

– Nə, qoğal? Ala sənin nağıl oxuyan vaxtındır?

Digər sərnişin oxuduğum əsəri haradan və neçəyə aldığımı dəqiqləşdirir. Hətta kitabın fotoşəklini də çəkir. Başqa birisi isə kitabı ona satmağı təklif edir və niyyətinin ciddi olduğunu sübut etmək üçün mənə kağız əskinaslar uzadır.

Beləcə, mütaliə zamanı heç özünün də xəbərin olmadan diqqəti cəlb edir, istəmədən və bilmədən kitab satışının havayı işləyən reklam agentinə çevrilirsən.

İstənilən halda, metroya minərkən özünüzlə kitab götürün. Bu, ən faydalı, ən yaxşı, ən maraqlı məşğuliyyətdir.

Share: