Meksikada etirazçılar bələdiyyə sədrini qaçırdı

Meksikanın Puebla ştatında bir qrup etirazçı bələdiyyə sədrini və bir neçə nümayəndəni qaçırıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, 100-ə yaxın şəxs ştatın Tepeyahualco bölgəsində baş verən meşə yanğınına bələdiyyənin kifayət qədər müdaxilə etməməsinə etiraz olaraq bələdiyyə binasının önündə toplaşıb. 

Onların sözlərinə görə, yanğına uzun müddət müdaxilə edilməyib və onlar rəsmi şəxslərdən bununla bağlı açıqlama tələb edib. Saatlar sonra Tepeyahualconun bələdiyyə sədri Monica Martinez bir neçə bələdiyyə üzvü ilə etirazçılarla görüşüb. Görüş zamanı tərəflər arasında razılaşma baş tutmadıqda etirazçılar arasından 30 nəfərlik bir qrup bələdiyyə sədrini və bələdiyyə üzvlərini qaçırıb.

Sözügedən şəxslərin istefasını tələb edən etirazçılar tələbləri yerinə yetirilməsə həmin şəxsləri yandıraraq öldürəcəklərini bildiriblər. 

Polis əməliyyat keçirərək qaçırılan rəsmilərin azad ediləcəyini açıqlayıb.

 


Share: