İstedadsızlıq, təqlidçilik, minib çapılmış cümlələr

Kulis.az Əli Zərbəlinin “Relslər üzərinə uzanmış ədəbiyyat” adlı yazısını təqdim edir.

Adını “Google”da yazıb axtarsaq, onunla bağlı çıxan yazılarda, videolarda bu təyinləri görərik: Məşhur yazıçı, milli bestsellerlərin müəllifi, filosof, motivator, təlimçi, psixoloq, teoloq, “PEN America” yazıçılar birliyinin üzvü və s.

Bu yaxınlarda bu təyinlərin sayı bir vahid daha artdı. Özü də necə! Rövşən Abdullaoğlu ABŞ-ın “Readers Favorite” beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görüldü. Mükafat haqqında yüngülvari araşdırma edəndən sonra başa düşdüm ki, biz tanımasaq da, “Readers Favorite” mükafatı az-maz tanınan, müsabiqələrində yüzlərlə yazıçının iştirak etdiyi, “Random House”, “Harper Collins” kimi prestijli nəşriyyatların hörmətini qazanmış, A+ akkreditasiyalı bir mükafatdır. Təbii ki, bir “Booker” yaxud “IMPAC Dublin” mükafatı deyil, ancaq mövcud məhdudiyyətləri nəzərə alsaq bir azərbaycanlı yazıçı üçün dünya arenasında əhəmiyyətli və alqışlanası bir başlanğıcdır.

Bəs yaxşı? belə bir ciddi ilkə imza atan Rövşən bəy niyə görə ədəbi çevrələr tərəfindən ciddiyə alınmır? Nə oldu indi Azərbaycanda Rövşən bəyin intellektual-psixoloji romanlarını anlayan bir tənqidçi, ədəbiyyatşünas çıxmadı ki, bu romanlar haqda bir yazı yazsın? Niyə görə yazıçılarımız sözü bir yerə qoyub Rövşən bəyi iqnor etsin? Niyə görə 27 kitab müəllifi (bəli, iyirmi yeddi!) Rövşən bəyin yaradıcılığına biganə qalsınlar, onun uğurlarını gözardı etsinlər?

Yəqin ki, Rövşən bəy üzündə müdrik ifadə, saqqalını tumarlaya-tumarlaya pəncərədən səmanın ucsuz-bucaqsız ənginliklərinə tamaşa edərək düşünür:

“Bunun paxıllıqdan başqa adı yoxdur. Paxıllıq! Gözügötürməzlik!”

Rövşən bəy düşünsün: Bu mükafatı (ya da hansısa daha ciddi bir mükafatı) məsələn, Şərif Ağayar qazansaydı, görəsən, yenəmi eyni mənzərəyə şahid olardıq? Mən cavab verim: Xeyr. Buna adım kimi əminəm. Qalib roman bir xeyli müzakirə olunardı, haqqında yeni yazılar yazılardı, ədəbi söhbətlər canlanardı, ədəbiyyatımızda kifayət qədər çəkisi olan, sözünü demiş müəlliflərdən təbrik mesajları alardı, mən şəxsən Budapeştdən Bakıya növbəti reyslə uçar və Şəriflə selfi edib geri qayıdardım.

Rövşən bəy yaxşı fikirləşsin, bu biganəliyin səbəbi qısqanclıq ola bilməz. Burda nəsə başqa bir səbəb var. Siz də mənə kömək edin, birlikdə çözək.

Bu yazını iynəli, ironiyalı yazmamaq üçün var qüvvəmi səfərbər etmişəm. Rövşən bəyin adının qarşısında vüqarla düzülmüş bayaq sadaladığım silsilə təyinlərin də azdan-çoxdan köməyi dəyir. Sarkazmlı bir cümlə yazıram və birdən gah “filosof”, gah da “27 kitab müəllifi” təyinləri gözlərimi cırmaqlayır və özümü məzəmmət edə-edə cəld yazdıqlarımı silirəm.

“Əli, ayıbdı, özünü yığışdır!”

Rövşən bəyin romanlarının xülasəsini yazmaq, əsərlərindən çıxarışlar vermək fikrim yoxdur. Onları internetdə asanlıqla tapmaq olar. Onun romanlarının məzmunu haqda, təqdimatı haqda yüngülvarı araşdırma etsəniz, çox tez bir zamanda kələfin ucu açılacaq və qarşınızda ciddi ədəbiyyatı qeyri-ciddi, psevdo-intellektual özünürahatlatma ədəbiyyatından fərqləndirən qapqalın bir xətt görəcəksiniz.

Rövşən bəyin romanlarının çoxu (ən azından mənim bildiklərim) bədiiləşdirilmiş (?!) təlimat kitablarıdır desək, yanılmarıq. Onun mətnlərini həqiqi ədəbiyyat olmaqdan məhrum edən çox nüans var, bunun ən başlıca səbəbi isə Rövşən bəyin ədəbiyyata yanaşmasıdır, onun ədəbiyyat anlayışıdır. O, daim sizə nəsə öyrətmək, dərs keçmək istəyir, bu romanlarda “elə etmə, belə et” ritorikası, “Samanyolu serialları” estetikası, “dahilərdən hikmətli kəlamlar” pafosu, ülvi hisslərin istismarı, süjet maskası ilə kamuflyaj olmuş peyğəmbəranə əminliklə nəql olunan dini-irfani təlimatlar elə ilk səhifələrdəcə adamın xirtdəyindən yapışır. O elə bilir ki, ədəbiyyat “ibrətamiz hekayə” deməkdir. O elə bilir ki, əgər əsərdə personajlar ciddi mövzular ətrafında pafoslu, banal monoloqlar guppuldadırsa, onda bu söz yığını psixoloji-roman, ya da intellektual nəsr olur.

Ciddi ədəbiyyatı (yaxud həqiqi ədəbiyyatı) qeyri-ciddi ədəbiyyatdan fərqləndirən çoxlu vacib meyarlar var. Sanballı, dərin, universal bir mövzu seçmək “əsl ədəbiyyat” nümunəsi yaratmaq üçün təkbaşına kifayət etmir. Ədəbiyyat digər sənət növləri kimi estetik bir hadisədir. Yaxşı ədəbiyyatın meyarı üslubdur, orijinallıqdır, öz səsini kəşf etməkdir. Orijinallıq, üslub isə adətən əsərin məzmunu ilə deyil, bu məzmunun təqdimatı ilə bağlı məsələdir. John Greenin “Eyni ulduzun altında” romanı bu vaxta kimi ən çox satılmış kitablardandır. Ciddi mövzusu da var. Nə olsun? Bu onun əttökənliyinin qarşısını alır? Kaş! John Greenin insan hislərinin istismarına hesablanmış bu romanı trilyon nüsxə də satılsa, xeyri yoxdur. Seymur gəlib elə bircə hekayəsi ilə onun bütün yaradıcılığını yerlə-yeksan edər.

John Green də Rövşən bəy kimi düşünür: onlar elə bilirlər ki, ciddi mövzulardan yazmaq (ölüm, müharibə, ekzistensial böhranlar, xərçəng) avtomatik olaraq intellektual/psixoloji, ciddi mətn yaratmaq deməkdir. Əsla! Rövşən bəy elə bilir ki, mətndə parafraksis yaxud nekrofil kimi terminologiyadan istifadə etsə, ya da qədim Misir tanrılarından, yaxud müxtəlif qərbli, şərqli filosoflardan, tarixi şəxsiyyətlərdən sitatlar, referanslar versə, ya da romanın girişində “əsərdə güclü simvolikadan istifadə olunub” yazsa (bax: Abaddon) bu olur intellektual mətn.

Sual verə bilərsiniz ki, “nə oldu, ədə, 27 kitabın hamısın oxuyub belə qənaətə gəldin?” Yaxşı sualdır. Mən təbii ki, burada Rövşən bəyin bədii mətnlərindən danışıram, onun İbn Sinanın metafizikasına dair, yaxud hansısa islam aliminin mətnlərinə yazdığı şərhlərdən danışmıram.

Və! Bir yazıçının bədii təfəkkürü, istedadı haqqında nəsə demək üçün nəinki 27 kitabını, onun istənilən güclü hesab etdiyi əsərindən 27 cümlə oxumaq belə kifayət edir. Mətn duyumu, bədii təfəkkür elə şeydir ki, kor gözü açır, necə ki, istedadsızlıq, təqlidçilik, psevdoluq adamın gözünü deşir. Rövşən bəyin hansısa romanını açsanız orada surroqat dialoqlar, ayaqüstə güclə duran, halbahal, minib çapılmış cümlələr, çeynənmiş, intellektual nəsr adı altında sırınmış mülahizə və fikirlər, klişe pritçalar, psevdo-traktatlar görə bilərsiniz.

Diqqətimi çəkən digər bir məqam isə Rövşən bəyin məşhur romanlarının qəhrəmanlarının əcnəbilər olması və hadisələrin Kanada, İrlandiya, Bosniya və s. kimi yerlərdə cərəyan etməsidir. O gah serb-boşnak, gah da ingilis-irland insanları arasındakı tarixi, psixoloji qarşıdurmalardan bəhs edir. Burada ağlıma yalnız bir cümlə gəlir: Adam gərək bildiyi şeylərdən yazsın.

Biri var Elxan Elatlı kimi detektiv romanlar yazasan, adam deyə ki, əşi detektivdir də, heç bir ciddi iddiası yoxdur, konyukturanın məsum qulluqçusudur. Biri də var detektivin adını yolka kimi bəzəyib edəsən psixoloji-intellektual-detektiv, sonra DJ Turalla Əli Xəyyam onu oxuyub elə bilsinlər ki, onlar indicə intellektual-psixoloji kitab oxudular və deməli, onlar intellektualdırlar, və deməli onlar psixologiya haqqında yetəri qədər biliklərə malikdirlər, və deməli onlar ağızlarına gələni danışa bilərlər.

Yazını çox uzatmaq olar. Toxunmaq istədiyim başqa məsələlər vardı, ancaq hansı birini deyəsən. Bu qədər bəs edər, işim-gücüm var. Sonda bir sual:

Görəsən, Rövşən bəy özü yazdıqlarının ciddi ədəbiyyat olduğuna, həqiqətən, inanır?

Bir onu bilirəm ki, həqiqi ədəbiyyat ilə qeyri-ciddi, mainstream ədəbiyyat arasında həmişə yepyekə bir sərhəd xətti olub, olacaq, və bu xətt həmişə Den Braunla Umberto Ekonu, Varislə Mübariz Örəni ayıracaq.

Zəruri qeyd: Rövşən bəyin şəxsinə qarşı heç bir qərəzim yoxdur. Bunlar sadəcə onun yaradıcılığı haqqındakı fikirlərimdir.

Share: