“Məni bu həyatın bədbəxtliyindən, Qoruya bilməyən mələyim ağlar…”- Zeynəb Dərbəndli…

IKI VƏTƏN DƏRDIM
(Zeynəb Dərbəndli)
 
Mənimçün iki tabut, iki kəfən gətirin,
Iki vətən suyuyla, yuyun mənim canımı.
Sağ gözüm Dağıstandır, sol gözüm Azərbaycan,
Bu sonsuz dərd dondurur, damarımda qanımı.
 
Ikili həsrət yükü, daşıyıram sinəmdə,
Görən iki çəməndən, kim iki çiçək dərib?
Bəzən düşünürəmki, varlı bir insanam mən,
Allah çox sevdiyindən, ikili Vətən verib.
 
Dərbənd şah əsərimdir, Qalası başımda tac,
Təpəsi meşəlikli, ətəyi mavi dəniz.
Bakı odlar şəsərim, Qız qalası ürəyim.
Hər iki vətənimin, hər biri cannan əziz.
 
Siz bu qərib şairi, sanmayınki dəlidir,
O hər iki vətənə, canı ilə bağlıdır.
Baxmayınki ha yazır, oxuyur, deyir, gülür,
Onun həyat əsəri, dastanları ağladır.
 
Mən Dərbəndli Zeynəbəm, sizə vəsiyyətim var,
Öləndə baş daşıma, mənim dərdimi yazın.
Cəsədim Dağıstanda, üzüm Azərbaycana,
Məzarımı siz Allah, Rükəl kəndimdə qazın.
 
 
Qayıt gəl, ana
 
Elə çalışıram unudum səni,
Silim gözlərimdən dumanı, çəni,
Sən gedib tək-tənha qoymusan məni,
Bu qəmli dünyama qayıt gəl, ana.
 
Sənsiz hər mənası itib ömrümün,
Sevinci, vəfası bitib ömrümün,
Vədəsi lap çoxdan ötüb ömrümün,
Bu qəmli dünyama qayıt gəl, ana.
 
Tənha bir çiçəyəm, yoxdu sorağım,
Xəzana dönübdü ömür yarpağım,
Sənsən yazan əlim, dolu varağım,
Bu qəmli dünyama qayıt gəl, ana.
 
Bu dərdimi kimə deyim, nə deyim,
Tənhalıq çəkməkdən qalmayıb heyim,
Sənsən bu dünyada təkcə gileyim,
Bu qəmli dünyama qayıt gəl, ana.
 
Bəlkə son anımdır, görüşək bir də,
Gözümə həsrətdən çəkilib pərdə,
Getdin məni saldın çarəsiz dərdə,
Bu qəmli dünyama qayıt gəl, ana.
 
Zeynəbin qalıbdı yolların üstdə,
Gözlərim yorğundu, ürəyim xəstə,
Canımı verərəm, təki gəl istə,
Bu qəmli dünyama qayıt gəl, ana!
 
AĞLAR
 
Həyatın hər türlü acısın dadıb,
Həsrətdən göynəyən taleyim ağlar.
Dərdi dərd üstündə çəkib sızlayan,
Edə bilmədiyim gileyim ağlar.
 
Vüsala, arzuya yetmədiyindən,
Gül olub çəməndə bitmədiyindən,
Məni bu həyatın bədbəxtliyindən,
Qoruya bilməyən mələyim ağlar.
 
Hicrana qul olan gözüm saralıb,
Çin ola bilməyən arzum qaralıb.
Qəfəsdə boğulan sözüm daralıb,
Tale quşum uçub, lələyim ağlar.
 
Ömür çox qısadır, bu dünya yalan,
Həyat dediyimiz olubdur talan.
Körpə uşağ kimi anasız qalan,
Ümidimi saran bələyim ağlar.
 
Həyat qanadımı haqsızlıq kəsib,
Bəxtimin havası tərsinə əsib.
Sanki, Yel babamız mənimlə küsüb,
Dağlardan boylanan küləyim ağlar.
 
Baxıram sağıma sıldırım qaya,
Ümidlər, arzular tökülür çaya.
Sayıram, dərdlərim gəlməyir saya,
Ömrümü ələyən, ələyim ağlar.
 
Olmadı həyatda halıma yanan,
Az oldu mən kimi birini qanan,
Heç ola bilmədim, kimsəyə canan,
Əlim yardan küsüb, biləyim ağlar.
 
Zeynəbəm, dərdimə yazıram şeir,
Hər sözüm, ömrümdən bir roman deyir,
Artıq acılarım içimi yeyir,
Indi mənim üçün, fələyim ağlar.
 
 
BAHAR
 
Çöldə necə gözəl yaz havası var,
Bu yazın dərdlərə min dəvası var,
Quşların da, incə bir yuvası var,
Əcəb yaşamalı fəsildi bahar.
 
Gül gülə göz vurur, çəmən səmaya,
Ayrı cür baxırsan ulduza, aya,
Bərəkət gətirir elə, obaya,
Əcəb yaşamalı fəsildi bahar.
 
Əriyir dağların başındakı qar,
Sevincdən çağlayar dənizlər, çaylar,
Bu fəslin, ayrıca öz ləzzəti var,
Əcəb yaşamalı fəsildi bahar.
 
Çöllər yaşıllaşır, coşur bulağlar,
Tumurcuğ eləyir nazlı budağlar,
Gəlin tək bəzənir yaylağlar, dağlar,
Əcəb yaşamalı fəsildi bahar.
 
Adamın könlü də gül kimi açır,
Göylərdən yerlərə sanki nur saçır,
Quşlar, hey budağdan budağa uçur,
Əcəb yaşamalı fəsildi bahar.
 
Bu yerdə, de necə yazmasın şair?
Göllərdə sonalar süzür, oynayır,
Zeynəbəm, ürəyim coşur, qaynayir,
Əcəb yaşamalı fəsildi bahar.
 
Müstəqil.Az
Share: