Mən boylu bir gecəyəm ki öz bətnimdə dan dolandırıram – Xosrov Barışan

 

Qəzəl

Damarlarımda qan deyil, zəhərli bir ilan dolandırıram!
Neyləyim olub vucudum, məni çalsa hər an, dolandırıram!

Yaşadırdım sizi, duzlu bir dənizdim, məni duzlaq etdiniz;
İndi, ölüm püsgürən, min şorazarlıq tufan dolandırıram.

Bələdi bizləri qorxu, əmişdirdi, həyat dərsini verdi!
Qırx yaşım olsa da, yenə beynimdə bir xoxan dolandırıram!

Nəfəsim zəlzələdirsə, arzı töküntüsü qalaq-qalaq, Mən
dağların dağına döndüm, ah.., başımda duman dolandırıram.

Çık-çık əqrəbənin səsi deyil, sanki ömrün çeynənmək səsi..,
Başımın ətini yeyən, gizlənən bir siçan dolandırıram!

Sənə çatmaqçün azadlıq, elə, qıl körpüsü üstə yaşıram!
Buna görə, bədənimdə can deyil, həyəcan dolandırıram!

Zülm altında yaşadımsa, şerim şuar olur; Sevgilim sənə
sevgi şeri deyənmərəm; bax, dilimdə yaman dolandırıram!

Məndən ötən güllə sənə dəydi, səndən ötən mənə, vətənə
dəydi hər ikisi, hələ fikrimdə çaldıran dolandırıram!

Yazılan tüm öykülərdə, məni mən qələmdən salandan bəri,
qurtaracaq məni diyə, rövyada qəhrəman dolandırıram!

Yaranışın hər zərrəsində səninlə görüşdük tanrım, nədənsə
Dedin ki yamanı yaxşı, yaxşını da yaman dolandırıram!

Var olarkən əməyimdən, əvəzində hər an məni tükədir!
Ruhumda şeir deyil ki, mənə hükm edən xan dolandırıram!

Qaranlıqlar bürüyübsə ömrümü, umudum canlıdır axı;
Mən boylu bir gecəyəm ki öz bətnimdə dan dolandırıram.

 İP UCU

Hər zad bir ip ucudur.
Məsələn, ulduz bir ip ucudur;
Yapışıb ışığına
Baxışımdan dırmaşıram gözyaşıva.
Ayrılıq səhnəsinə çatan filimə baxırsan, demək.
Bu filmin ulduzu kim?
Həyatda şair kimi zehinləri qatır bu sual!

Hər zad bir ip ucudur.
Məsələn, saçın bir ip ucudur.
Saçıva ilişib yola düşürəm.
Avtubusun pəncərəsindən baxıram;
Yol nə qədər uzanmış ki ulduz bu qədər kiçilib?!
Yaranıb yaratmaq kimi, zehnimizi qatır bu sual!

Hər zad bir ip ucudur.
Məsələn, yol bir ip ucudur.
Yol məni aparıb dolandırır,
Dolandırır..,
Dolandırır..,
Dolandırır..,
video kasetinin nəvarı olur!
Acıqlanıb “-Kim bu filmi dalıya qaytarır?” deyirsən.
Yaşamaq kimi, zehnivi qatır bu sual!
Beş yaşındayam eləbil;
Necə göyə nərdüvan qoyub, sevdiklərimə
necə ulduz dərəcəyimi, düşünürəm.
Şeir kimi, zehnimi qatır bu sual!

Acıqlanıb “-Filmi qalan yerinə vur.” deyirsən.
Vururam.
vaxsey, nəvar qırılır!
Əzan verilir.

Hər zad bir ip ucudur.
Məsələn, əzan bir ip ucudur.
Əzan səsini eşidib oyanıram.
Mən nə qədər böyüsəm də,
Hələ uşaq ölürəm!
Ulduz yox,
Mən yoxam,
Sən varsan…
Zehinlər qarışmayır artıq.

 

Xosrov Barışan (Təbriz)

Share: