Məktəblərdə dərsdənkənar məşğələlərin təşkili qaydası təsdiqləndi

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası”nın təsdiq edilməsi barədə əmr imzalayıb.

“Qafqazinfo” xəbər verir bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əmrə əsasən, ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması və Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbələrinə və De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin bu əmrlə təsdiq edilmiş Qaydaya uyğun təşkilinə nəzarət etmələri və tədris ili bitdikdən sonra 1 (bir) ay ərzində hər tədris ili üçün dərsdənkənar məşğələlərin fəaliyyətinə dair icmallaşdırılmış məlumatı rəhbərliyə təqdim etmələri tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilib. Müvafiq Qaydaya əsasən, Ümumi təhsil müəssisəsində dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddi 8 (səkkiz) nəfər olaraq müəyyənləşdirilir. Dərsdənkənar məşğələyə bütün sinif cəlb olunur. Fənnin (fənlərin) tədrisinə ayrılan saatlar istisna olmaqla, şagird sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə dərsdənkənar məşğələlər 2 və ya 3 sinfin (məsələn, V-VI, V-VI-VII, VI-VII, VI-VII-VIII və s.) şagirdlərindən ibarət təşkil edilmiş qrupda (qrupda şagird sayı ən azı 8 (səkkiz) nəfər olmaqla) birgə tədris olunur. Tədris ili ərzində sinifdə (qrupda) şagird sayının azalması dərsdənkənar məşğələnin fəaliyyətinin davam etməsinə təsir göstərmir.

Paralel siniflərdə təhsil alan şagirdlər müxtəlif mövzulu dərsdənkənar məşğələ qruplarında komplektləşdirilə bilər. Dərsdənkənar məşğələdə iştirak üçün təhsilalanlar arasında seçim aparılmır.


Share: