Xarici şirkətlər Azərbaycanda ən çox hansı sahəyə maraq göstərir?

Hazırda dünyada qloballaşmanın iqtisadiyyata təsirləri müşahidə olunur. Qloballaşma və regional iqtisadi inteqrasiya kapital hərəkətliliyinin ciddi artımına səbəb olub. Müasir şəraitdə rəqabət qabiliyyətinin formalaşdırılması və qorunub-saxlanılması əsas iqtisadi çağırışlardandır. Hər bir ölkənin inkişafının əsasını isə əhalinin rifahını və həyat keyfiyyətini yüksəltmək üçün iqtisadi səmərəliliyi artırmaq bacarığı təşkil edir. 

Oxu.Az-ın məlumatına görə, bu kontekstdə davamlı iqtisadi inkişafın təmin edilməsi üçün mühüm mexanizmlərdən biri də birbaşa xarici investisiyalardır. Qlobal iqtisadiyyatda inteqrasiya prosesləri göstərir ki, regional birliklərin və ayrı-ayrı ölkələrin inkişafı beynəlxalq iqtisadi əlaqələrin intensivliyi, xüsusən də qarşılıqlı birbaşa xarici investisiyaların artması ilə şərtlənir. Birbaşa xarici investisiyalar qabaqcıl texnologiyaların tətbiqinə və layihələrin həyata keçirilməsinə əlavə imkanlar yaradır. Bu baxımdan hazırkı iqtisadi şəraitdə xarici kapitalı fəal cəlb etməklə davamlı artıma, texnoloji tərəqqiyə və sosial standartların təkmilləşdirilməsinə nail olmaq önəm kəsb edir.

Azərbaycanda birbaşa xarici investisiyaların cəlb edilməsi ilə bağlı məqsədyönlü strategiya həyata keçirilir. Bu məsələ strateji əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə bazar mexanizmlərinə əsaslanan sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi məqsədini daşıyır.
Birbaşa xarici investisiyaların təşviqi vasitəsilə sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasəti dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir.

Məhz bu səbəbdən xarici şirkətlər və beynəlxalq təşkilatlarla səmərəli və davamlı investisiya əməkdaşlığı üçün lazım olan hüquqi və institusional mühitin formalaşdırılması qarşıda duran vacib məsələlərdən hesab olunur. Bunun üçün Azərbaycanda müvafiq hüquqi və normativ baza formalaşdırılıb, xarici investisiyalara dövlət təminatı mövcuddur.

Bu baxımdan Mülki, Vergi və Gömrük məcəllələri, eləcə də “İnvestisiya fəaliyyəti haqqında”, “Valyuta tənzimi haqqında” qanunlar və digər qanunvericilik aktları xüsusi olaraq qeyd edilə bilər. Bir sözlə, ölkəmizdə xarici investisiyaların cəlb edilməsi və tətbiqi üçün münbit şərait yaradılıb və rəqabətli biznes mühitinin davamlı inkişafına dəstək göstərilir. 

Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və “Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi və beynəlxalq müstəvidə ölkənin cəlbedici investisiya məkanı kimi imicinin daha da gücləndirilməsi məqsədilə birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır.

Layihə 2022-2026-cı illəri əhatə edir. Strategiya xarici investisiyalar vasitəsilə qabaqcıl texnologiyalar və təcrübəni cəlb etməklə ölkədə idxaləvəzləyici və ixracyönümlü məhsul və xidmətlərin istehsalının inkişafına, o cümlədən qeyri-neft sektorunun ixrac potensialının artırılmasına yönəldilib. Strategiya çərçivəsində birbaşa xarici investisiyaları iqtisadiyyatın prioritet sahələrinə yönəltmək üçün yeni mexanizmlərin formalaşdırılması, investorlarla birbaşa dialoq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Şübhəsiz ki, ən mühüm məqamlardan biri Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu məsələ ilə bağlı əksini tapan müddəaların gerçəkləşməsidir. Belə ki, sənəddə beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialından optimal istifadənin təmin edilməsi və nəticədə, qeyri-neft sektoru üzrə birbaşa xarici investisiyaların artırılması, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlbinin təşviqi, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasiyası əsas hədəflərdəndir.

Qeyri-neft-qaz sektorunun, o cümlədən xarici kapitalın cəlb edilməsi yolu ilə iqtisadiyyatın davamlı inkişaf etdirilməsi burada əsas məqamlardandır. Sənəddə həmçinin, strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət-özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsinin həyata keçirilməsi, dövlət investisiyalarının effektivliyinin artırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, qeyri-neft-qaz ixracına dəstəyin artırılması nəticəsində 2026-cı ildə onun illik həcminin 2021-ci ilə nisbətən 85% artırılması nəzərdə tutulur. Eləcə də ölkənin ixracyönümlü iqtisadi inkişafının təşviqi məqsədilə Milli İxrac Strategiyasının layihəsi də hazırlanıb. Strategiya çərçivəsində 20-dən çox bazarı hədəf alan yüksək ixrac potensialına malik 120-yə yaxın məhsul müəyyən edilib. Eyni zamanda, yerli ixracatçıların diqqət yetirəcəyi digər potensial sektorlar və ya bazarlar diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının hesablamalarına görə, 2012-2021-ci illər ərzində ölkənin qeyri-neft sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 10 110,4 mln. ABŞ dolları təşkil edib. Təkcə bu ilin I rübündə Azərbaycanın qeyri-neft sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 735,2 mln. dollar olub ki, bu da ötən ilin analoji rübü ilə müqayisədə 4,9 dəfə çoxdur.

Göründüyü kimi, Azərbaycana investisiya axınının nəzərəçarpacaq dərəcədə artması ölkənin investisiya cəlbediciliyini açıq göstərir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi özünü təsdiq edib. 2020-ci ildə koronavirus pandemiyası planeti bürüdükcə, qlobal təchizat zəncirlərində təxribat törədən bəzi ölkələr öz öhdəliklərindən yayınmağa başladılar. Azərbaycan isə tərəfdaşları qarşısında götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirməkdə davam etdi. Bu isə ölkəmizdə layihələrin həyata keçirilməsinə yüksək maraq göstərən xarici investorlar üçün çox vacib cəhətdir. Azərbaycan hökuməti isə investisiya mühitinin daha da yaxşılaşdırılması üçün islahatları davam etdirmək əzmindədir.

Təbii ki, bütün bunlar xarici şirkətlərin ölkəmizə işgüzar marağının artmasına böyük stimul verib. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda keçirilmiş sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir.

Məsələn, Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə hazırlanmış “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatında ölkəmizdə fəaliyyət göstərən və sorğuda iştirak edən xarici şirkətlərin 68%-i Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini stabil qiymətləndirib. Əvvəlki hesabatda bu göstərici 39% təşkil edirdi.

Xarici şirkətlərin 57%-i Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə edib. Sorğuda iştirak edən xarici şirkətlərin 43%-i fəaliyyət sahələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəyini, 22%-i bu layihələrdə iştirakının mümkünlüyünü, 17%-i isə yüksək maraq göstərdiyini bildirib. Respondentlərin 60%-i Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir.

Beləliklə, Azərbaycanın biznes əlverişliliyi xarici şirkətlər və iş adamları tərəfindən də yüksək qiymətəndirilir və bu da dayanıqlı inkişafın təmin olunması məqsədilə iqtisadiyyatımıza investisiyaların cəlb edilməsində mühüm faktordur.

Share: