“Mədəniyyət TV”nin erməni təbliğatı aparan rejissoru cəzalandırılıb? – VİDEO

Avqust ayının 12-də dövlət televiziyası olan “Mədəniyyət TV”nin efirində “Böyük Ermənistan” dövlətinin əks olunduğu xəritə yayımlanıb.
Bu xəritə “Mədəniyyət TV”də efirə gedən “Keçmişdən gələcəyə” adlı verilişdə göstərilib. “Böyük Ermənistan” xəritəsinin dövlət televiziyasında yayımlanması sosial şəbəkələrdə ciddi müzakirə olunub və insanlar tərəfindən sərt tənqid olunub. Bu xoşagəlməz hadisənin üzərindən bir-neçə gün keçməsinə baxmayaraq “Mədəniyyət TV”dən heç bir rəsmi açıqlama verilməyib. Yalnız bu gün “Keçmişdən gələcəyə” verilişinin aparıcısı, tarix elmləri doktoru Güllü Yoloğlu öz “Facebook” səhifəsindən bir cümləlik açıqlama verib: “Rejissor cəzalandırıldı”.
Lakin cəzalandırılan rejissorun kimiliyi və hansı formada cəzalandırıldığı barədə əlavə məlumat verilməyib. “Keçmişdən gələcəyə” verilişi daha sonra “myvideo.az” saytından da silinib.
Onu da bildirək ki, “Keçmişdən gələcəyə” verilişinin sonunda yaradıcı heyətin adları göstərilir ki, orada da rejissorun Gunel Firuz olduğu qeyd olunur. (Yeniavaz.com)

Share: