Azərbaycanın bölgələrində mədəni həyatın canlanması, milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində səssiz, lakin böyük zəhmət tələb edən bir fəaliyyət mövcuddur.
Bu fəaliyyətin önündə dayanan şəxslərdən biri də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Vaqif oğlu Qılıncovdur. Onun həyat yolu və fəaliyyəti mədəniyyətə sədaqətin, dövlətə xidmətin və yüksək insani keyfiyyətlərin nümunəsi kimi diqqət çəkir.
1974-cü ildə Tovuz rayonunda dünyaya göz açan Bəxtiyar Qılıncov gənc yaşlarından elmin inkişaf yoluna xüsusi maraq göstərmişdir. Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda bakalavr, Bakı Dövlət Universitetində isə magistr təhsili alaraq bilik və bacarıqlarını zənginləşdirmiş, sonradan iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlmişdir. Bu təhsil yolu onun gələcək dövlət qulluğunda sistemli və düşünülmüş fəaliyyətinin əsasını qoymuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında mütəxəssis kimi başlayan Bəxtiyar Qılıncov sonrakı illərdə Gənclər, İdman və Turizm Nazirliyində, daha sonra isə Mədəniyyət və Turizm Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışaraq zəngin idarəçilik təcrübəsi toplamışdır. Uzun illər ərzində qazandığı təcrübə və peşəkarlıq onun regionlarda mədəni siyasətin həyata keçirilməsində mühüm rol oynamasına zəmin yaratmışdır.
2021-ci ildə Masallı Regional Mədəniyyət İdarəsinə, 2023-cü ildə isə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə rəhbər təyin olunması bu etimadın və uzun illərin zəhmətinin məntiqi nəticəsi idi. Bu gün onun rəhbərliyi ilə bölgənin mədəni həyatında yeni canlanma, layihələrin genişlənməsi, mədəniyyət ocaqlarının fəaliyyətinin gücləndirilməsi açıq şəkildə hiss olunur.
Bəxtiyar Qılıncovun fəaliyyətində diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri onun mədəniyyətə olan səmimi münasibəti və insanlara göstərdiyi xüsusi diqqətdir. O, rəhbər kimi yalnız inzibati qərarlarla deyil, həm də insani münasibəti, mərhəməti və yüksək mədəni davranışı ilə seçilir. Onun rəhbərliyi altında çalışan insanlar və mədəniyyət sahəsinin nümayəndələri onu təkcə rəhbər kimi deyil, həm də anlayışlı, qayğıkeş və ədalətli bir insan kimi dəyərləndirirlər.
Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunması onun fəaliyyətinin dövlət səviyyəsində qiymətləndirilməsinin bariz göstəricisidir. Bu mükafat təkcə şəxsi nailiyyətin deyil, mədəniyyət sahəsinə göstərilən sədaqətli xidmətin rəmzidir.
Bu gün Bəxtiyar Qılıncovun ad günü münasibətilə qeyd etmək lazımdır ki, onun fəaliyyəti yalnız vəzifə borcu ilə məhdudlaşmır. O, mədəniyyətin yaşaması və inkişafı üçün çalışan, insanlara ümid və stimul verən, bölgənin mədəni simasının formalaşmasına töhfə verən bir ziyalıdır.
Ad günü münasibətilə ona möhkəm can sağlığı, uzun ömür, yeni nailiyyətlər və mədəniyyətimizin inkişafı yolunda daha böyük uğurlar arzulayırıq. Onun gördüyü işlər ölkəmizin mədəni həyatında daim dəyərli iz buraxacaq.
Məcidova Leyla Qadir qızı
Lənkəran Dövlət Universitetinin
Dosenti tarix üzrə fəlsəfə doktoru
Lənkəran Diyarşunaslıq Muzeyinin direktoru





















