Laçın-Şuşa yolundakı mübarizə məntiqi sonluğuna çatacaq

Bir müddətdən sonra ekofəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post quracaq
 
 
  Ekofəallarımızın və QHT nümayəndələrimizin Laçın-Şuşa yolunda 40 gündən artıq davam edən və Qarabağdakı separatçıların oyunlarını pozan etiraz aksiyası ilə bağlı fərqli mülahizələr gündəmə gəlməkdədir. Ən çox səslənən suallardan biri aksiyanın nə zaman bitəcəyi ilə bağlıdır. Əksəriyyət düşünür ki, rəsmi Bakının qızıl və mis-molibden yataqları ilə bağlı tələbləri icra edilmədiyi təqdirdə aksiyaya son verilməsi məqsədəuyğun olmazdı. Millət vəkili Fazil Mustafa da aksiya ilə bağlı öz yanaşmasını ortaya qoyub.
Deputat bildirib ki, ekologiyamızın sağlamlığı üçün fəaliyyət göstərən QHT-miz gecə-gündüz Laçın-Xankəndi yolunda qar demədən, sazaq demədən fədakarlıq göstərirlər. Onun sözlərinə görə, artıq 41 gündür ki, Vətən növbəsindədirlər: “44 gündə savaşı qazandıq. Bəlkə burada da 44 günün tamamında yola dövlətimizin nəzarət postlarını tam şəkildə yerləşdirib müqəddəs işimizə ikinci vacib nöqtəni qoyaq? 44 rəqəmini hər dəfə təkrar olaraq gündəmə gətirdikcə erməni separatçılarını bir daha pəjmürdə edə bilərik. İşin sonunda Xankəndidə 44 nəfər erməni qalacaq”.
 
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Qarabağ ərazisində ekoloji problemlərə nəzarət etmək tələbi bizim təbii haqqımızdır. Partiya təmsilçisi vurğulayıb ki, Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingentinin nəzarət etməsi o demək deyil ki, Azərbaycanın müvafiq strukturları öz ərazilərində istənilən monitorinqi keçirmək üçün kimdənsə izn almalıdır:
“Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər. Düşünürəm ki, nəticə əldə olunana qədər aksiyalar davam etməlidir və edəcək. Azərbaycanın məqsədi sadəcə yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qurar və Qarabağa daxil olan, yaxud çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayarlar. Bu, 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil. Yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsində məskunlaşan ermənilər anlamalıdır ki, onların taleyi öz əllərindədir. Vardanyan və onun kimi təxribatçı qüvvələr nə qədər ki var, onların rahat yaşaması mümkün olmayacaq. Ermənilərin də bu aksiyadan anladıqları nəticə bu olmalıdır ki, Xankəndi Azərbaycandır!”.
Share: