KQB xəfiyyələrinin xəbəri olsa… – Rövşən Yerfi

                                            Mənim gündəliklərim                                        

                                              (1987-1988-ci illər)
İlk gündəlik qeydlərim şagirdlər üçün buraxılan  “Gündəlik”lərdə olub. O “Gündəlik”lərdə tətil günlərini, bayramları, ekskursiya və ya məktəbdə keçirilən tədbirləri qeyd edərdim. Sonralar da o dövrlərdə çap olunan “kalendar – dnevnik” jurnallarından bu məqsədlə istifadə edərdim. Əsas məqsədim baş verən hadisələri unutmamaq, lazım gələndə dəqiqliyi ilə xatırlaya bilməyim üçün idi.

Nəhayət 25 iyul 1987-ci ildən qalın ümumi dəftərdə yazmağa başlamışam. Burada fikirlərimi, hisslərimi yox, özümə  maraqlı görünən baş verən hadisələri, bir neçə cümlələrlə qeyd etmişəm. Məsələn, rayona, kəndə gedib qayıtdığım günlər, əhəmiyyətli saydığım adamlarla görüşlərim, getdiyim toylar,    hətta o toylarda verdiyim şabaşların miqdarı, “Neftçi” futbol komandasının harada, kiminlə oynaması və oyunların hesablarını da yazmışam.
O zaman 22 yaşım vardı, Azərbaycan Dövlət Universitetində qiyabi oxuyurdum, ikinci kursa keçmişdim.  8-ci kilometrdə, Darvin küçəsindəki 10 saylı yataqxanada qalırdım. Yay gecələri gizlicə böyük otaqların birində yığışıb video kasetlərə baxardıq. Əsasən pullu da olan bu seanslar bəzən tanışlıqla pulsuz da baxa bilirdik. Göstərilən filimlərdə əsasən döyüş və erotik mövzular üstünlük təşkil edirdi. Amerika, Rasputin, Yekaterina haqqında bədii filmləri həmin günlərdə seyr edə bilmişdim. Həmin kasetləri gətirənlər iddia edirdilər ki, guya KQB xəfiyyələrinin xəbəri olsa kasetləri onlardan alıb müsadirə edərlər, məsuliyyətə cəlb edilərlər. O zamanlar bu filmlərin baxılmasına qadağa vardı.
Belə video nümayişlər  gəlirli olmaqla yanaşı həm də sürətlə yayılırdı ki, daha üç-dörd ay sonra, payızda şəhərin mərkəzindəki bütün klublarda, kino-teatrlarda video zallar yaradıldı. Onlarda repertuara nəzarət edilir, daha çox ədəbli xarici filmlər göstərilirdi.
1987-nin yayında ilk böyük hekayələrimdən biri olan “May çiçəyi”ni yazdım. Ədəbi dərnəklərlə tanışlığım 86-nın payızında Əhmədlidəki Kitabxana-klubda fəaliyyət göstərən “İlham çeşməsi” ilə başladı. Bu dərnəyə iki ilə yaxın ayda bir dəfə gedib üç saata qədər vaxtımı ədəbi müzakirələrdə keçirirdim. Dərnəyin rəhbəri uzun müddət şair Ağacavad Əlizadə oldu. Son aylarda xəstə olduğuna görə onu şair Ağasəfa və şair Allahverdi Məmmədli əvəz etdilər.
87-nin payızımda Yazıçılat İttifaqına, “Ulduz” jurnalına hekayələrimi aparmaq qərarına gəldim. İlk yazılarımı oxumaq üçün Yazıçılar İttifaqında Baba Vəziroğluna verdim. O, adamı çox hörmətlə qarşılayır, ordan-burdan söhbət edirdi. Adətən işə saat on iki radələrində gəlir, iki-üç saat oturub harasa gedirdi. Bir-iki dəfə gəldim, bilmədim yazılarım necə oldu. Yəqin ki, Baba onları heç oxumamışdı, hara atmışdısa, yadında da deyildi. Az keçmədi “Ulduz” jurnalını “Bakı Soveti” metrostansiyasının (indiki “İçərişəhər”) qarşısındakı binanın beşinci mərtəbəsinə köçürdülər. Orda da yazıçı Seyran Səxavətin yanına yazı apardım, İri, geniş masası vardı, aldı qoydu masasının o biri başına, dedi nəticəsin bir həftədən sonra deyərəm. O da Baba kimi işə günorta vaxtı gəlir, bir az oturub gedirdi, bəzən isə heç gəlmirdi. Babadan fərqli olaraq, o, adamla danışmaq belə istəmirdi. Söz soruşan kimi tez acıqlanır, səni tez başından eləmək istəyirdi. “İşim çoxdur, gələn həftə gələrsən”, – deyərdi. Bir-iki dəfə gəldim, başa düşdüm ki, verdiyim yazıya ümumiyyətlə baxan deyil. Növbəti dəfə əlyazmamı geri istədim.Stolun üstündəki bir qucaq vərəq yığınını göstərib dedi: “Bax, bunların hamısı müəlliflərin əlyazmalarıdır. Görürsən, hamı yazır. Vaxt hanı, bunları axtarım?” Mən israrla əlyazmamı tələb edəndə, məcbur olub vərəqləri aralayıb axtardı. Tapılmadı. Hara qoymuşdu, özü də bilmirdi. “İtib, vəssalam”.
Son ümidim yerlim Ələkbər Salahzadəyə qaldı. Ələkbər müəllim çox nəzakətli adam idi. Hər zaman işdə olardı. Məncə yazılarımı da oxuyurdu. Nə tərifləmirdi, nə də pisləmirdi. Yalnız çox oxumağımı məsləhət edirdi. Amma mən dilimlə deməsəm də, ürəyimdə umurdum ki, dəstək üçün bir hekayəmin də olsa dərcinə kömək etsin. Axı, başqa bölgədən olanları təzə yazmağa başlayan yerlilərinə arxa durduqlarını görürdüm. Bu jurnalda çıxan bir ya iki mükəmməl olmayan hekayə ilə ədəbiyyat onsuz da bərbad olmayacaqdı. Gəl ki, o, bunu etmədi.
Bircə dəfə 1993-cü ildə, kəndimizin şəhidləri barədə xatirə yazım Allahverdi Məmmədlinin köməyi ilə “Ulduz”da dərc edildi, vəssalam.
Yaradıcılığımdan söz düşmüşkən,1989-cu ildən 2006-cı ilədək aztirajlı qəzetlərdə 21 hekayəm işıq üzü görmüşdü. Ancaq ilk çap olunduğum ədəbi orqan 2006-cı ildə “Azərbaycan” jurnalı oldu. 2007-ci ildən isə esse və hekayələrim “Ulduz” jurnalında da çıxdı. Demək istəyirəm ki, ədəbi nəşrlərdə görünmək üçün ilk cəhdimdən on səkkiz ildən çox vaxt keçməsinə baxmayaraq, yazıçılıq inadından dönmədim. Sübut edə bildim ki, mən ədəbi fəaliyyətdə heç də həvəskar və ya təsadüfi adam deyiləm.
Yeri gəlmişkən deyim ki, o dövrdə yazıçılar arasında ən isti münasibəti Rafiq Tağıdan görmüşəm. Mənə daim məsləhətlərini verərdi və 1991-ci ildə bir hekayəmi qəzetlərin birində dərc etdirmişdi.
Gündəliyimdə oktyabr ayı sırasında  belə bir qeyd var:
“21.10.87. Əliyevi vəzifədən çıxardılar.”
Əlbəttə, söhbət xalqın bir nömrəli Əliyevi – Heydər Əliyevdən gedir. O dövrün son beş ilində məbuatda sovet rəhbərliyinin iclaslarından xəbərlər verilərkən rəhbərlərin sırasında Heydər Əliyevin adının ikinci çəkilməsi hədsiz qürurverici idi. Onun vəzifədən çıxarılması ən azından bu qüruru əlimizdən aldı.
İki həftə keçmişdi bu xəbərdən ermənilər tərəfindən Qarabağ söhbəti ortaya atıldı. Bakıda da narahatlıq başlandı. Bununla bağlı ilk qeydim 19 fevral 1988-ci ildə olub: Erməni şovinizminə qarşı mitinq. Mən bu mitinqdə iştirak etməmişdim. Ancaq bu ilk mitinq olduğu üçün bir neçə saat ərzində sədası bütün şəhərə yayılmışdı. Daha doqquz gün sonra Sumqayıt hadisəsi baş verdi. Bakıda  ermənilər hələ ki, çox idi. Elə bir böyük müəssisə, təşkilat yox idi ki, orada erməni işləməsin. Yaxud böyük yaşayış sahəsi yox idi ki, orada erməni yaşamasın. Təxribatların qarşısını almaq üçün bütün idarələrdə, inzibati binalarda gecə növbətçiliyi tətbiq edilməyə başladı.
May ayında yeni mitinq dalğası başladı. 16 mayda mitinq oldu. 18 maydakı mitinqdə isə özüm də iştirak etmişəm və gündəlikdə yazdığım qeyd belədir:
“18.05.88. Saat 9.45-də Lenin meydanında mitinq başladı. Nüsrət Kəsəmənli, Abbas Abdulla, Məmməd İsmayıl, Əzizə Cəfərzadə, Zeynəb Xanlarova, Nəbi Xəzri, Həsən Turabov, Tofiq Bayram, Dəmir Gədəbəyli, Bəxtiyar Vahabzadə 4 dəfə, Süleyman Tatlıyev və başqaları çıxış etdilər. Saat 12-dən sonra mikrofona ekstremist qadın yaxınlaşdı, sonra da bir kişi. Bütün ləzzəti qaçırtdılar. 13.15-də qurtardı.”
Güman ki, o qadın və kişi şəhərdəki ermənilərə qarşı təhrikedici sözlər danışdığı üçün onları ekstremist hesab etmişəm.
Növbəti mitinq 21 mayda keçirildi. Axşam saat səkkizdə televizorda “Günün ekranı” proqramında xəbər verildi ki, Kamran Bağırov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katib vəzifəsindən azad edildi, yerinə Əbdürrəhman Vəzirov təyin edildi. Vəzirov gələndən sonra da mitinqlər səngimək bilmədi. İyunun 9-da, 11-də, 13-də mitinqlər keçirildi.
“06.07.88. Respublika Mərkəzi Kitabxanasına üzv oldum.” Üzvlük biletimi xatirə kimi indiyədək saxlayıram.
Avqust ayının əvvəlində kəndə, evimizə gedib dörd gün ot yığımına kömək etdim. İşdən həmkarlar xətti ilə aldığım Pyatiqorska müalicə kursuna (kursovka) getməyə atamdan icazə aldım.
Bu səfər mənə SSRİ-dən qalan ən gözəl günlər oldu. Birinci və sonuncu. Cəmisi 200 manatla 17 avqustda axşam saat 8-də Kislovodsk qatarına oturdum. Sabahı gün nahar vaxtı Pyatiqorska çatdım. Kislovodsk, Dombay, Yessentuki, Nalçikdə oldum. Şübhəsiz bu şəhərlərdə rast gəldiyim ermənilərdən ehtiyatlanırdım. Tək idim və yad yerlər idi. Şükür ki, qarşıma çıxanlar öz ermənilərimiz – Bakıdan və Şəmkirdən olanlar oldu. Onlar da mehriban idilər.
Üç həftəlik müalicəvi səyahətdən sonra – 8 sentyabrda Proxladnı stansiyasından Rostov-Bakı qatarına mindim, səhər 9.15-də Bakıya çatdım.
18 sentyabrda yazmışam: “Ermənilər Qarabağda yenə atışmaya başladılar”.
Bu arada – 28 oktyabrda respublika səviyyəsində yayımlanan “Bakı” axşam qəzetində respublika mərkəzi kitabxanasından (indiki Milli Kitabxanadan) bəhs edən “Nur çeşməsi” adlı ilk məqaləm dərc olundu. Qəzetdə məqaləsi çıxmaq o zaman uğur sayılırdı. Ona görə də xəbər tutanlar məni təbrik edirdilər.
Şəhərdə mitinqlərin arası kəsilsə də tezliklə yenidən mitinqlərin başlayacağı haqda söz-söhbət dolaşırdı, sanki bir hazırlıq gedirdi. Müxtəlf təşkilatların, birliklərin yarandığını eşitmişdim. Amma mənim onlardan  hər hansı birinə qoşulmağa həm həvəsim yox idi, həm də ətrafımda məni ora cəlb edəcək qüvvə yox idi.
“17.11.88. Mitinqlər başladı.” O gün səhər saat doqquz – on arası hansısa işimlə əlaqədar qaldığım yataqxanadan şəhərin mərkəzinə gəlmişdim. Metronun indiki “Sahil” stansiyasından başlamış “Azadlıq” meydanınadək, küçələrdə adamların dəstə-dəstə toplaşması, milislərin narahatlığı, ora-bura qaçışması yaxınlaşan, baş verəcək növbəti mitinqin işartıları idi. O vaxtlar tez-tez mitinqlər keçırildiyindən, artıq belə hallara şəhər vərdiş eləmışdi. Deyəsən, yenə mitinq var, – düşündüm, həm də təəccübləndim, – belə erkən? Adətən mitinqlər günortalar ya da axşamtərəfi təşkil olunurdu. Tam yəqinləşdirmək üçün Üzeyir Hacıbəyov küçəsi ilə tələsik addımlarla “Azadlıq” meydanına tələsdim.
Zənnimdə yanılmamışdım. Mən meydana çataçatda “Qa-ra-bağ”, “A-zad-lıq” hayqırtıları ilə gurlayan çoxlu sayda tələbə dəstələri oranı üzük qaşı kimi dövrəyə aldiqlarını gördüm. Tələbələrin bir hissəsini Gənclər meydanında qarşısını kəsiblərmiş. Milislər buradakı dəstələri də ora qaytarmağa, dağılışmasına çalışsalar da qarşısını ala bilmədılər. Böyük insan kütləsinin təzyiqinə tab gətırə bilməyən milislər, axırda müqavimətin mənasızlığını başa düşüb geri çəkildilər. İlk “qələbədən” ruhlanmış dəstələr sevinclə bir-birinə qarışıb meydana sahibliyi qazandılar.
Saat onbirdə meydana, artıq minlərlə adam toplaşmışdı. Bu arada mitinqin təşkilatçıları da gəlib çıxdılar. Alqış sədaları altında, bir az hündürdə, tribunanın aşağısındakı pillələrin üstündə dayanıb saat ikiyə yaxın mitinqi başladılar. Ola bilsin ki, yuxarıdakı tribunadan onların səsi eşidilməyəcəkdi. Çünki, əllərində tutduqları meqafondan – səs ucaldıcıdan səsləri elə də yaxşı yayılmayırdı. Çıxışlar başlandı. Çıxış edənlər əsasən Akademiyanın işçiləri və Baki Dövlət Universitetinin müəllimləri idi. Mitinqi aparan Ənvər adlı orta yaşlı elm adamıydı. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini hakimiyyətə çatdirmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu:
-Topxana meşəsinin qırılması dayandırılsın;
-Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;
-SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.
Hakimiyyətə müraciətin sonunda qeyd olunurdu ki, göstərilən tələblər həyata keçməyənədək xalq meydanı tərk etməyəcək, fasiləsiz, oturaq mitinqi davam etdirəcək. ”Öldü var,döndü yox!” Bu şüar iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Xalqin səbri daralmışdı. Hər cür əzab- əziyyətə hazır idi dözsün, təki onun haqq səsını eşidən olsun. Saatlarla  yorulmadan, bir ağızdan “Qa-ra-bağ” qışqıran camaat, elə bil qışqırmaqla hakimiyyətin yatmış vicdanını oyadacağına ümid edirdi. Nəhayət, saat üçdə tribunaya mikrofon qoyuldu. Yenidən başlayan çıxışlar daha aydın eşidildi. Meydan tamamilə adamla doldu. Saat altıya yaxın elan olundu ki, on minlərlə iştirakçısı olan mitinqin aparıcılarını hakimiyyət danışığa dəvət edib. Aparıcılar xalqa məqsədlərinə çatanadək dağılışmamağı tapşırıb Mərkəzi Komitəyə danışığa getdilər.
Axşam düşdü. Meydan işıqlandırıldı. Saatlar keçsə də camaat dağılışmayıb danışığın nəticəsini gözləyirdilər. Səhər meydana gələndən bəri nə bir tikə çörək yemişdim, nə də hardasa əyləşib dincəlmişdim. On bir saatdan çox idi ayaq üstəydim. Ancaq, maraqlısı o idi ki, gecə yarıya çatsa da özümdə nə azacıq aclıq, nə də yorğunluq hiss edirdim. İçimdə elə qeyri-adi bir duyğu yaranmışdı ki, o mənə meydandan kənara çıxmağa imkan vermirdi. Sanki, buradan uzaqlaşsaydım böyük günah sahibi olacaqdım, həyatımın yarısını itirəcəkdim.
Saat on ikinin yarısı danışığa gedənlər qayıtdılar. Danışıqlar bir qədər uzun çəksə də uğurlu nəticəsi olmamışdı. Günorta sədaları gur çıxan nümayəndələrin indi səsləri alınmışdı. Məlum oldu ki, onların tələblərini qəbul edib, yaxın vaxtlarda yerinə yetirəcəklərinə vəd verıblər. Verilən tələbləri bir gündə həyata keçirmək mümkün olmadığına görə, bir neçə həftə möhlət istəyiblər. Bu məlumat camaatın xoşuna gəlmədiyindən meydan uğuldadı. Xalqın gözləməyə hövsələsi qalmamışdı. Nitq edən sonda hamını dağılışmağa çağıranda meydanin hər tərəfindən etiraz səsləri ucaldı:
-Nə danışır, ə, bu? Səhərdən sən deyildin deyən tələblərimiz yerinə yetirilməyənədək meydanı boşaltmayacağıq. Öldü var, döndü yox. Nə tez döndün sözündən? Gedirsən, özün get. Biz elə yalançı vədlərə inanıb heç yana getməyəcəyik.
Mən o an həmin natiqin halına acıyırdım. Bütün günü ona diqqət kəsilən, göstərişlərini yerinə yetirən kütlə, daha onu qəbul etməyib fitə basırdı. Danışıqdan gələnlər qol-qanadı qırılmış, kor-peşman tribunadan düşüb getdilər. Mikrofon yığışdırıldı, camaatın bir hissəsı dağılışdı. Mərkəzdə toplaşmış böyük hissə isə dağılışmaq istəmirdilər: Söz ağızdan çıxmışdı, tələblərimiz  ödənilməyənədək, meydanı tərk etməyəcəyik…

 (ardı var)

 

Share: