O gün məktəbimizdə sanki toy – bayram idi… Nə az, nə çox – düz yarım əsr öncə, özəlliyi ilə gözümə – könlümə köçən duyğusal bir xatirə yaddaş aynamda bərq vurur və xəyalən Hamarkənd kənd orta məktəbində oxuduğum illərə boylanıram.
Doqquzuncu sinifdə oxuyurduq. Dərin rəğbətim, ehtiramım olan unudulmaz ədəbiyyat müəllimimiz, bu günə qədər hər bir sözünü, hər bir dərsini yadımda saxladığım böyük pedaqoq Səfxan Əliyev (axirəti abad, ruhu şad olsun) dərs vaxtı bildirdi ki, kəndimizin yetirməsi olan gənc şair Sabir Rüstəmxanlı ilə məktəbimizdə görüş olacaq. Mənə isə sinif nümayəndəsi olaraq şairlə görüşdə şeir deməyi tapşıranada sevincimin həddi-hüdudu yox idi… (Sonralar biləcəkdim ki, S. Rüstəmxanlı o dövrdə Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri olaraq çalışırmış.)
…Səhəri gün məktəbimizdə bir qələbəlik yaşanırdı. Şabir müəllimlə möhtəşəm bir görüş oldu. Tədbirdə şairin “Yardımlı yollarında” şeirini böyük şövqlə əzbər söylədim. Mənim üçün ən maraqlısı və heyrətedici məqam həm də o idi ki, ilk dəfəydi şair görürdüm. O görüşdən necə təsirlənmişdimsə, filoloq olmağı qət etdim və şeirə marağım (özüm də yazırdım) daha da artdı…

Elə ilk gündən bir-birimizə isinişdiyimiz sinif yoldaşım Əlövsət Əliyev qardaşı Sabir Rüstəmxanlının müəllifi olduğu bir kitabını (yanılmıramsa “Sevgim, sevincim”) çantasınada gəzdirirdi. Tənəffüs vaxtı fürsətdən istifadə edib maqaqla oxuyurdum. Yadımdan heç vaxt çıxmaz, o kitabı ilk dəfə əlimə alıb oxuyanda, vərəqləri o qədər ehmalca, həssaslıqla çevirirdim ki, birdən nəsə ola bilər… Demək istəyirəm ki, o vaxta qədər Sabir Rüstəmxanlının üzünü görməsəm də artıq imzası ilə tanış idim. Qeyd edim ki, Sabir Rüstəmxanlının tələbəlik illərində yazdığı “Yardımlı Yollarında” şeirini Əlövsət üzünü köçürüb mənə vermişdi.
Xalq şairi, Respublikanın Müstəqillik Aktının müəlliflərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının qurucusu və sədri Sabir Rüstəmxanlı gənclik çağında qələmə aldığı “Yardımlı yollarında” adlı şerin son bəndində bir arzu olaraq yazır:
Min illik palıdlardan bir ömür borc alaydım,
Kecilməz dərələrə özüm körpü olaydım,
Buz sulu, saf aynalı bulaq olub qalaydım
Yardımlı yollarında.
İllər keçdi və Sabir Rüstəmxanlı fikir daşıyıcısı, SÖZ ADAMI olaraq kecilməz dərələrə körpü, buz sulu, saf aynalı bulaq olaraq təkcə Yardımlı yollarında deyil, Quzeyli-Güneyli Azərbaycanın, böyük Türk dünyasının körpüsünə döndü.
Öz təbirincə desəm: “Rüstəmxanlı şəlaləsi” yenə gur və ilhamlıdır…”
Mənsə bu gur və ilhamlı şəlalədən vəcdə gəlib sozə üz tutdum:
Ulutürkün həvaləsi,
Əsrlərin yaddaş səsi,
Bir şairin “əfsanəsi”
Rüstəmxanlı şəlaləsi.
Sanki göydən siyrilərək…
Sözlə süslü, şövqlü ürək,
Sabir bəyin ilhamı tək
Rüstəmxanlı şəlaləsi.
Yardımlının sədasıdır,
Ərənlərin sevdasıdır…
Sabir bəyin təb-səsidir
Rüstəmxanlı şəlaləsi.
Ədəbiyyatımızda türkçülük, azərbaycançılıq və istiqlalçılıq məfkurəsinin unudulmaz davamçılarından və milli-demokratik hərəkatımızın yorulmaz mücahidi olan Xalq şairi Xəlil Rza Ulutürk vaxtilə Sabir Rüstəmxanlının yaradıcılığını və şəxsiyyətini belə dəyərləndirir: “S. Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır. Bu şeirləri oxuyandan sonra klassik Azərbaycan dünyası ilə fəxr edirsən, bu ülviyyətə, bütövlüyə qarşı tuşlanmış nə varsa, hamısını yıxmaq, dağıtmaq uğrunda çarpışmalara yerikləyirsən. Haqqa arxalanan mübarizədir bu şeirlərin məramı! Bəli, hər cür mübarizə yox, məhz haqqa, məntiqə, mənəvi ləyaqətə arxalanan böyük döyüşlərə çağırır bizi bu üsyankar, bu qanadlı, bu qeyrətli poeziya və bizə dönə-dönə xatırladır ki, öz doğma xalqından, böyük və əzəmətli tarixindən uzaq düşənlər, qafilər, yurdsevərliyi nəfsinə, bir üskük şöhrətinə, sərvətinə qurban verənlər nə qədər miskin, nə qədər zavallıdırlar. Və əksinə, millətə, bəşəriyyətə xidmət yolu seçənlər, bu uğurda başdan keçənlər, ulu amal yolçuları necə bəxtəvərdirlər!
Son qənaətim: Rüstəmxanlının böyük milli şairimiz olmaq imkanı var. Çox güman ki, o, bu imkanı əlindən verməyəcək”.
Böyük vətənpərvər şairimiz Xəlil Rza qənaətində yanılmadı və Sabir Rüstəmxanlı özünü milli azadlıq şairi kimi təsdiq etdi.
Haşiyə olaraq, bir məsələni minnətdarlıqla qeyd etmək istərdim. İllər öncə Yazıçılar Birliyinə üzvlük üçün tələb olunan zəmanətlərdən birini hörmətli Sabir Rüstəmxanlı mənə təqdim etmişdi. Həmin zəmanət, eyni zamanda, “Söz dərgahına mərac” adlı kitabıma yazılmış ön sözdür. Təbii ki, yaradıcılığıma təsir edən ən önəmli ədiblərdən biri olan Sabir Rüstəmxanlının ədəbi irsinin mənim üçün özünəməxsus bir yeri vardır.
AYB-nin fəxri üzvü, Almaniyada yaşayan tanınmış yazar və qəzetçi Orxan Aras haqlı olaraq yazır: “…O çətinliklər, o qaçhaqaçlar, o əməklər boşa getmədi. İki il sonra ikimizin də röyaları gerçək oldu və onun Türk və Altayların gülü, çiçəyi qoxan şeirləri ilə Azərbaycanın igid övladlarının cəsarəti birləşdi və Azərbaycan müstəqilliyini qanıyla qazandı. O istiqlalın isbatı bəyannamənin altında da Sabirin qələminin izi vardı.
Parisdə 1789-cu il Fransız Çevrilişi üçün bir güllə atanın belə, bir yerlərdə ismi və ya heykəli vardır. Amma qələmiylə, şeiriylə, cəsarətiylə Azərbaycanın müstəqilliyinə imza atan Sabir Rüstəmxanlının Azərbaycanda bir heykəli yoxdur. Amma onun heykəli Asiyanın ən uzaq və soyuq guşəsindən Avropanın ən soyuq bölgəsinə qədər bütün türklərin ürəyində vardır.”
Yol gedənindir, deyib müdriklər… Sözün işığında ustad yoluna rəğmən yazıram:
“Tanımaq istəsən” – şair xitabı,
“Xəbər gözləyirəm” – əsrlər tabı,
“Qan yaddaşı”na yol -“Ömür kitabı”…
Şair, söz ünvanlı yoluna alqış!
“Salam, ana dilim”, “Sevgim, sevincim”!
“Atamın ruhu”dur özüm, söz incim.
“Ol”dan üzü bəri hikmətim, gücüm…
Şair, şeir deyən dilinə alqış!
“Bütövlük həsrəti” – “Xətai yurdu”,
“Gəncə qapısı”nın ruhu da yoldu.
“Dərdə əyilmə”yən yolları yordu…
Şair, qələm tutan əlinə alqış!
“Göy tanrı” ruhunda “Əbədi sevda”,
“Zaman məndən keçir”- gələn hurr səda…
“Bu sənin xalqındir”, işıq var soyda,
Şair, ər-ərənli eline alqış!
Şair, söz ünvanlı yoluna alqış!
Şair, şeir deyən dilinə alqış!
Şair, qələm tutan əlinə alqış!
Sabir Rüstəmxanlı, elinə alqış!
Ziyalı məslək-məramı Vətən sevgisindən yoğrulmuş istiqlal şairi, xalqın mənəvi aləminin tərcümanı məqamında olan Ustad, dünyaya təşrif buyurduğunuz gün, ömür təqviminizin 80 illiyi qutlu olsun!
Tapdıq ƏLİBƏYLİ





















