Faiq Balabəyli Poeziyasına Ədəbi-Bədii Baxış

Faiq Balabəyli Poeziyasına Ədəbi-Bədii Baxış
BİLİRƏM, BİLMƏDİNİZ…
Bilirəm, bilmədiniz mənim bildiklərimi
Görürəm, görmədiniz mənim gördüklərimi
Mənim kimi sevəmməz heç kəs sevdiklərini,-
sevməyə ürək gərək….
Qınamaram göy üzün, buludlarla nə işim
Yerlə, göylə çarpışan cəsarətim, gərdişim.
Hər kəsə aşkar olar Xudavəndlə görüşüm, –
bir az gözləyə bilsək.
Yarpaq -yarpaq tökülüb, budaq-budaq sınaram
Son ümüdəm, gümanam, son nəfəsəm, son anam
Di gəl ki, əyilmərəm, yıxılmaram, sanaram –
kəfənim olub bələk.
Nə tufandan qorxaram, nə də ki zəlzələdən
Nə hay – küydən çəkinnəm, nə də ki vəlvələdən
Güc verərəm hər kəsə, güc alaram hərədən –
puç olmaz, arzu, dilək.
Çiçəklər öz bağrına sıxar kəpənəkləri
ətirini səpərlər ətrafa ləçəklərin
Qaldırar göy üzünə rəngli çərpələnkləri
könül oxşayan külək.
Üzümü söykəyərəm torpağına bu yurdun
Taxılını becərib, buğdasını sovurdum
Sinəmi ocaq etdim, qorğa kimi qovurdum
yandı, kül oldu ürək…

Faiq Balabeylinin “Bilirəm, bilmədininiz…” şeirinə fərqli bir baxış

Faiq Balabeylinin bu misraları, sadəcə bir poeziya nümunəsi deyil, əslində içinin səsinə qulaq asan, cəmiyyətlə təkbaşına qalan insanın daxili hayqırtısıdır. Şair burada fəlsəfi düşüncələrini elə bir dillə təqdim edir ki, oxucu istər-istəməz həmin sarsılmaz iradənin içinə çəkilir.
Şeirin elə ilk sətirlərində lirik qəhrəmanın ətrafındakı insanlardan fərqləndiyini görürük. “Bilirəm, bilmədiniz mənim bildiklərimi” deyərək şair, hər kəsin görə bilmədiyi gizli həqiqətlərə bələd olduğunu vurğulayır. Bu, sadə bir iddia deyil; bu, dünyanı ürəklə sevməyin gətirdiyi bir dərketmə formasıdır. Çünki onun da dediyi kimi, belə bir sevgi üçün hər şeydən əvvəl böyük və cəsarətli bir ürək lazımdır.
Mətnin ən toxunqlu tərəfi qəhrəmanının çətinliklər qarşısındakı dik duruşudur. “Yarpaq-yarpaq tökülüb, budaq-budaq sınaram” desə də, ruhən yıxılmayacağını bildirir. Burada ölüm və doğum simvollarının (“kəfənim olub bələk”) qarşılaşdırılması olduqca maraqlı bədii fənddir. Müəllif sanki fiziki yox oluşu yeni bir başlanğıc, ruhun azadlığı kimi qəbul edir. Nə təbiətin tufanı, nə də cəmiyyətin hay-küyü onu qorxuda bilmir. O, gücünü həm ətrafından alır, həm də ətrafına ötürür.
Şeirdə kəpənəklər, çiçəklər və rəngli çərpələnglər kimi canlı obrazların yaradılması mətndəki bədbinliyi tamamilə yox edir. Şair dünyaya acıq fəlsəfə ilə yox, böyük bir humanizmlə baxır. Sonda isə mövzu vətən torpağına, yurd sevgisinə bağlanır. Sinəsini ocaq edib, buğdasını sovuran qəhrəmanın ürəyinin yanıb kül olması, əsl fədakarlığın və sevgini son nöqtəsinə qədər yaşamağın ən gözəl ifadəsidir.
Qısacası, Balabəyli bu əsərində insanın daxili gücü sayəsində kainatla necə baş-başa qala biləcəyini və mənəvi qələbəni necəy qazanacağını olduqca təbii, axıcı və yanıqlı bir dillə sübut edə bilib.

Sevil Azadqızı
Share: