Keyfiyyətli xəbər və jurnalist müəllif hüquqlarının daha yaxşı müdafiəsi – Reyestr bunu da gətirir…

Faiq Balabəyli: “Media Reyestrinin tətbiqi keyfiyyətli xəbər istehsalının təmin edilməsində də xüsusi rol oynayacaq”

img“Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib. Uzun müddət idi ki, Media Reyestrinin tətbiq ediləcəyi gözlənilirdi və artıq bu sistem Azərbaycanda tətbiq ediləcək.

Media Reyestrinin tətbiqi keyfiyyətli xəbər istehsalının təmin edilməsi və jurnalistikada müəlliflik hüquqlarının daha yaxşı qorunması üçün nə kimi imkanlar açacaq?

  • “…jurnalistlərin, media subyektlərinin müəlliflik hüquqlarının qorunmasında mühüm rol oynayacaq”

Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Media Reyestrinin tətbiqi Azərbaycan mətbuatında yeni mərhələnin başlanğıcıdır. O, hesab edir ki, Reyestrin tətbiqi media mənsublarının və media subyektlərinin fəaliyyətinə müsbət mənada təsir göstərəcək, onların hüquqları daha yüksək səviyyədə qorunacaq. F.Balabəylinin sözlərinə görə, bu gün doğrudan da xəbər sahəsində və müəllif hüquqlarının qorunması sahəsində problemlər var, amma Reyestrin tətbiqi bu problemi aradan qaldıracaq. “Bildiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Media Reyestrinin aparılması qaydaları təsdiqlənib. Bundan sonra ölkə mediasında Media Reyestri tətbiq olunacaq. Media Reyestrinin tətbiqi media sahəsində yeni inkişafa səbəb olacaq, o cümlədən də jurnalistlərin, media subyektlərinin müəlliflik hüquqlarının qorunmasında mühüm rol oynayacaq. Onu da deyim ki, bu, müəyyən məsələlərinin həllini tapmasında əhəmiyyətli dərəcədə rol oynayacaq.

Məlumdur ki, Azərbaycan jurnalistikasının özünəməxsus ənənələri, işin görülməsi prosesi, xəbərin hazırlanması, insanlara çatdırılması təcrübəsi var. Mətbuatımız zaman-zaman yenilənmələrlə nəzərə çarpıb və bu inkişaf davamlı olaraq daha geniş vüsət almaqdadır. Əlbəttə ki, Media Reyestrinin tətbiqi keyfiyyətli xəbər istehsalının təmin edilməsində də xüsusi  rol oynayacaq. Yuxarıda qeyd etdiyim kimi, həm də jurnalistikada müəlliflik hüquqlarının daha yaxşı qorunmasında müstəsna rolu ilə tanınacaq. Sözsüz ki, bu vacib sistemin tətbiqi jurnalistikamızın inkişafına, dinamikasının artımına səbəb olacaq”.

F.Balabəyli qeyd etdi ki, Media Reyestrinin tətbiqi mediada durulaşmaya, aydınlaşmaya səbəb olacaq və əsl media ilə o birilərinin fərqi bilinəcək. O hesab edir ki, Media Reyestrinin aparılması media subyektlərinin və jurnalistlərin hüquqlarını daha yüksək səviyyədə müdafiəsini təmin edəcək və bu sistem ora daxil olan KİV nümunələrinin və  müəllif  hüquqlarının qorunması üçün əhəmiyyətli istinad ünvanıdır. “Bütün hallarda, Reyestrin tətbiqi media  subyektlərinin və media mənsublarının xeyrinədir” – deyə F.Balabəyli vurğuladı.

İradə SARIYEVA
Bakı Xəbər

Share: