Jurnalist Əntiqə Qonaq ilə ədəbi görüş keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) 45 il jurnalist fəaliyyəti göstərmiş, əsasən də ilk qadın hərbi jurnalist kimi dəfələrlə bütün cəbhə bölgələrində olmuş və bu barədə respublika mətbuatında yüzlərlə məqalələri dərc etdirmiş, müharibə mövzusunda, möhtəşəm ordumuz barəsində 7 kitab yazmış əməkdar jurnalist Qonaqova Əntiqə Güləmməd qızı (Əntiqə Qonaq) ilə görüş keçirilmişdir.

AVMVİB-in sədri, polkovnik-leytenant, qazi, vətənpərvər ziyalı Füzuli Rzaquliyev bu görüşün həm də vətənpərvər jurnalist xanımın yubiley yaşına bir töhfə olaraq təşkil olunduğunu vurğulamışdır. O, jurnalist xanımın həyat yolu və yaradıcılığı barədə geniş və əhatəli məlumat verərək bildirmişdir:

«Qonaqova Əntiqə Güləmməd qızı Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini radio-televiziya ixtisası üzrə yüksək qiymət göstəriciləri ilə əyani, 2010-cu ildə isə həmin universitetin Hüquq fakültəsinin qiyabi bölməsini hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik Proqramları baş redaksiyasında “Nəgməli-sözlü gənclik”, “Nəgməli-sözlü tələbə”, “Tələbə dünyası”, “Natəvan qızlar klubu” və sair müəllif verilişləriylə dinləyici və tamaşaçıların qarşısına çıxıb, 15 ilə qədər Azərbaycan Televiziya və Radio verilişləri komitəsində redaktor kimi fəaliyyət göstərib. 1984-cü ildə təyinatla jurnalist fəaliyyətinə başlayıb. Avtomobil Nəqliyyatı Nazirliyinin “Magistral” qəzetində korrektor, müxbir (1984-1990), “Həyat” qəzetində baş müxbir (1990-1992), “Biznes” qəzetində hüquq şöbəsinin müdiri (1992-1993), “Ana” müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), “Azərbaycan” qəzetində baş müxbir (1999-2001). 2001- 2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləyib. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir. Hərbi jurnalist kimi vətənpərvərlik yönümlü yaradıcılığını davam etdirir. Qarabağın dağlıq hissəsinə erməni quldurlarının təcavüzü başlayan gündən hərbi jurnalist kimi dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub, torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq durmağa çalışıb. Xocalının soyqırımdan əvvəlki vəziyyətində, Şuşada, Ağdamın Gülablı, Mərzili, Başqərvənd, Papravənd, Füzulinin Qacar, Xələfşə, Cuvarlı, Gövşadlı, Veysəlli, Arış, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Hoğa kəndlərində və Məngələnata yüksəkliyində, Cəbrayılın Sur yüksəkliyində, Zəngilanın Novlu, Kollu, Rəzdərə, Yeməzli, Günqışlaq, Pirveyisli, Şərifan, Aşağı Göyəli, Nəcəflər, Ağbənd, Vejnəli, Qubadlının Çardaqlı, Əyin, Məlikəhmədli, Tarovlu, Yuxarı Cibikli, Aşağı Cibikli, Əliquluuşağı, Zor, Laçının Səfyan, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Türklər, Qazağın Barxudarlı, Sofulu, Qızılhacılı, Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Tovuzun Ağdam, Əlibəyli, Koxanəbi, Göyəbaxan, Böyükqışlaq, Ağdərədə, Tərtərin Dəmirçilər sovetliyinin Ağkənd, Cəmilli, Balakəngərli kəndlərində Leninavan, Yarımca, Seysulan, Marqoşevanda, Vəng yüksəkliyində, Kəlbəcərin Qılıclar, Hacıkənd, Kamo, Azad, Toğana, Dikyurd, Sarıyer, İstisu, Gədəbəyin Başkənd və digər qaynar ərazilərində olub və ön cəbhədə gedən döyüşlərin iştirakçılarından müxtəlif səpkili yazılar yazıb. Ümumiyyətlə, 1988-1994-cü illərdə Füzuli cəbhəsində 12, Ağdamda 8, Qubadlıda 4, Laçında 2, Zəngilanda 2, Şuşada 2, Cəbrayılda 1, Xocalıda 4, Ağdərədə 2, Kəlbəcərdə 1, Qazaxda 2, Tovuzda 2, Gədəbəydə 1 dəfə olub və burada şahidlik etdiyi hadisələr, canlı döyüş epizodları, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarla çalışdığı mətbu orqanında çıxışlar edib. Füzulinin Gövşadlı kəndində Xocalıdan olan bir ailənin girovdəyişmə prosesində iştirak edib və bu barədə məqalələr yazıb. Bundan başqa mütəmadi olaraq xəstəxanalarda müalicə olunan yaralı əsgər və zabitlərimizə baş çəkib, şəhid ailələrinə maddi və mənəvi dayaq durub. Bu yöndə fəaliyyətini davam etdirməkdədir. Respublikanın ictimai həyatında fəal iştirak edir. Respublika Qadınlar Cəmiyyətinin ictimai əsaslarla mətbuat xidmətinin rəhbəri kimi fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat — ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparıblar. Onlarla şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırmış və həllinə nail olmuşdur. Bu günə qədər müharibənin ağrı-acısını qəlbində və həyatında daşıyan yüzlərlə insanla, onlarla ailəylə dostluq əlaqələrini davam etdirir, onların xeyir-şərində yanlarında olmağa çalışır. Respublikanın bir qrup ictimaiyyətçi qadını ilə bərabər kimsəsizlər və qocalar evlərinə, internatlara, əqli zəif uşaqlara, imkansız insanlara baş çəkərək onlara maddi və mənəvi dəstək olur. Məhz bu və ya digər xidmətlərinə görə BMT-nin Xoşməramlı Səfiri diplomuna layiq görülüb. 45 ilədək bir müddətdə müxtəlif mətbuat orqanlarında 1000-dən çox publisistik məqaləsi- reportaj, xəbər, oçerk, esse, hekayə, resenziya, tənqidi qeydlər, köşə yazıları dərc olunub. Qarabağ savaşının müxtəlif epizodlarını canlandıran, cəbhə bölgələrindən yazdığı məqalələrdən ibarət 780 səhifəlik “Vətən, səndən keçmək olmaz!”, “Vətən keçilməz”, Milli Qəhrəman mayor Elman Hüseynovun döyüş şücaətlərindən bəhs edən “Ölməzlik”, “Qərib savaşçı” kitablarının, Zəfərimizlə başa çatan Vətən müharibəsinin iştirakçılarını əhatə edən Xaçmazlı döyüşçülərdən, qazi və veteranlardan bəhs edən “44 günlük savaşın 444 cəngavəri” adlı üçcildliyin müəllifidir. Bu sahədə məhsuldar fəaliyyətini davam etdirir. Azərbaycan Jurnalistlər Birliyinin “Həsən Bəy Zərdabi” və “Salatın Əsgərova” mükafatlarının laureatıdır. Müxtəlif nüfuzlu qurumlar tərəfindən onlarla Fəxri Fərman və müxtəlif diplomlarla təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Müharibə Veteranıdır».

AVMVİB sədri F.Rzaquliyev çıxışının sonunda jurnalist xanımın Zəfər tariximizi yazan igidlərimizin həyat və döyüş yollarına həsr etdiyi və salnamə xarakterli «44 günlük savaşın 444 cəngavəri» üccildliyinin çap edilməsinin çox mühüm əhəmiyyət kəsb etdiyini, məktəblilərin və gənclərin vətənpərvərlik ruhunda yetişməsində bu kitabların böyük rol oynayacağı da əminliyini bildirib. Qazi Füzuli Rzaquliyev məhz Vətən qarşısındakı, ordumuzda bağlı davamlı və böyük xidmətlərinə görə əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonağı birliyin təsis etdiyi «Böyük Zəfər» xatirə medalı ilə təltif edərək ona gələcək yorulmaz fəaliyyətində uğurlar arzulayıb.

Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq «44 günlük savaşının 444 cəngavəri» adlı üçcildliyini AVMVİB sədri Füzuli Rzaquliyevə hədiyyə edib.

AVMVİB Mətbuat xidməti

JUTb3YB.md.jpg
JUTb22V.md.jpg
JUTbFkP.md.jpg
JUTbJrQ.md.jpg
JUTbKp1.md.jpg
JUTbqTF.md.jpg
JUTbBhg.md.jpg
JUTbCQa.md.jpg

 Yazını çap et

Share: