“İrandan gələn təhdidlərə qarşı ABŞ bölgədəki hərbi qüvvələrinin və texnikalarının sayını artıracaq”.
Müstəqil.Az xəbər verir ki, bunu ABŞ Mərkəzi Qüvvələrinin komandanı, ordu generalı Frank Mak-Kenzi deyib.
General hazırda bölgədə olan Amerika hərbi qüvvələrinin İrandan gələn təhdidləri zəiflətdiyini desə də, bunun artırılmasının vacibliyinə diqqət çəkib.
Mak-Kenzi məsələ ilə əlaqədar ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) təklif verdiyini bildirib: “Burada olmağımızın əsas səbəbkarı mənəm, niyyətim bölgədə sabitliyi qorumaqdır. İrana başa salmaq lazımdır ki, axmaq bir hərəkət etməsin”.
General əlavə hərbi tədbirlərin nə olacağı barədə məlumat verməyib.
Bundan əvvəl İraqa səfər edən Frank Mak-Kenzi ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artırmasının tarazlıq yaratdığını demişdi: “Bu addımların istədiyimiz tarazlığı yaratdığını düşünürük. Çünki İran hələ də aqressivdir və hər an hücum baş verə bilər”.
Mənsur R.