İranda aksiyaların səbəbi: Ər-Riyaddan başlayan…

İrandakı hadisələri bölgədəki proseslərdən ayrı dəyərləndirmək doğru olmaz.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında başlayan dəyişiklik və yumşalmanın bütün müsəlman dünyasına, o cümlədən İrana təsirləri qaçılmazdır:

“Təsadüfi deyil ki, İranda etirazların başlamasından 1-2 gün əvvəl Tehran polisinin rəisi bundan sonra islami qaydalara uyğun geyinməyən qadınların polis məntəqələrinə aparılmayacağını və cəzalandırılmayacağını, sadəcə olaraq, onlara necə geyinmək lazım olduğu barədə məsləhət veriləcəyini bəyan etdi. Bu qərarda Səudiyyə Ərəbistanında qadınlara yavaş-yavaş bəzi hüquqların verilməsinin rolu olduğuna şübhə etmirəm. Düzdür, İranda qadınların hüquqları ərəb monarxiyaları ilə müqayisədə daha çoxdur, lakin iranlı qadın (təbii ki, narazılardan söhbət gedir) düşünə bilər ki, əgər qadının az qala insan yerinə qoyulmadığı Səudiyyə dövlətində onlara müəyyən hüquqlar verilirsə, biz niyə var olan haqlarımızı genişləndirməyək? Həm İranda, həm də Səudiyyədə gənclər əhalinin 65-70%-ni təşkil edir. Gənc nəsil dindən siyasi basqı aləti kimi istifadə olunmasından, dinin hakim ideologiya halına gətirilməsindən, sosial həyatın dini doqmalar əsasında tənzimlənməsindən məmnun deyil”.

Politoloq qeyd edib ki, Səudiyyə vəliəhdi artıq dövlət siyasətini radikal vəhhabilik cizgisindən ayırmaq niyyəti barədə işarələr verir, məsələn, Mədinədə islamı, peyğəmbərin hədislərini yenidən yorumlamaq, islamın radikalizmdən uzaq olduğunu gənc nəsilə izah etmək üçün xüsusi mərkəz yaradıb:

“Əgər Səudiyyədəki bu yumşalma, o cümlədən elmi-texnoloji tərəqqiyə yönəlmə siyasəti davamlı olarsa, bunun bütün islam dünyasının çöhrəsini dəyişdirəcək etkiləri gözləniləndir. Şəxsən bu məsələdə ümidli deyiləm, amma siyasi islamçılığın gerilədiyi də göz önündədir”.

Politoloq vurğulayıb ki, cənub qonşumuzda rejimin tezliklə dəyişməsini gözləmir, lakin etirazların Məşhəd, Qum kimi İran teokratiyasının əsas mərkəzlərindən başlayıb yayılmasının, ali liderin portretlərinin yandırılmasının mühüm simvolik önəmi olduğunu düşünür:

“Bunun mütləq ölkənin və bölgənin gələcəyinə təsirləri olacaq. Regionda müşahidə olunan bu hadisələr pozitiv bir dalğadır, ən azı ona görə ki, İrandakı, ərəb dünyasındakı siyasi modelləri, həyat tərzlərini bizə örnək göstərənlərin inandırıcılığı azalır. Türkiyədə Ərdoğanın timsalında siyasi islamçılığın da dinamizmini itirdiyini, böhrana üz tutduğunu düşünürəm və türk mühafizəkar sağında hərəkətlənmənin başlaması da əsasən buradan qaynaqlanır. “Ərəb baharı”nın neqativ nəticələri oldu, bölgə qan gölünə döndü, amma Tunisin timsalında müsbət nümunə də var. Tunisdə islamçılar və laiklər anlaşaraq yeni, demokratik Konstitusiya qəbul etdilər. Konstitusiya hüququn üstünlüyünə, fikir və vicdan azadlığına təminat verir. Tunisdə keçirilən son prezident seçkilərində sekulyar “Nida Tunis” Partiyası qalib gəldi, islamçı “Ən Nahda” isə seçkinin nəticələrini qəbul edib, qalibi təbrik etdi. Bu baxımdan Tunis həm ərəb monarxiyaları, həm də İran üçün çox yaxşı modeldir”.

Qeyd edək ki, İranda etiraQeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.

Müstəqil.Az

Share: