İranın nüfuzlu generalı öldürüləcək…

Vaşinqton İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) tərkibindəki “Qüds” xüsusi elit bölmənin komandiri general Qasım Süleymaninin öldürülməsi üçün İsrailə yaşıl işıq yandırıb.

Müstəqil.Az Publika.az -a istinad edərək xəbər verir ki, bu haqda Küveytin “Əl-Cəridə” qəzetinə istinadən İsrailin “Haaretz” nəşri bildirib.

Xəbərdə Qasım Süleymaninin Yaxın Şərq əməliyyatları üzrə cavabdeh şəxs olduğu bildirilir.

İddiaya görə, İsrail üç il əvvəl Süleymanini öldürməyə yaxın olub, lakin ABŞ-ın Tehranı xəbərdar etməsi ilə plan uğursuzluğa düçar olub. Sui-qəsd cəhdinin Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığında həyata keçirilməsi planlaşdırıldı. Bu, İsrail və ABŞ arasında, xüsusilə də kəşfiyyat sahəsində böyük problemlərə gətirib çıxarıb.

“Əl-Cəridə” İranın Suriyadakı iki nömrəli adamı Məhəmməd Rza Felahzadənin İsrailin hədəfləri arasında olduğunu yazıb.

Qeyd edək ki, “Qüds” İranın xaricində hərbi və gizli əməliyyatların keçirilməsi ilə tanınır. “Qüds” HƏMAS və Hizbullah təşkilatlarına hərbi dəstək göstərir. Qərbin versiyasına görə, məhz Suleymani 2012-ci ildən başlayaraq Suriya Prezidenti Bəşər Əsədə müxalifətin əlindəki bir sıra strateji əhəmiyyətli əraziləri qaytarmağa kömək edib. Süleymanini bəzən İranın Yaxın Şərqdəki “qılıncı” da adlandırırlar.

İraqda da minlərlə şiə döyüşçüsünün Süleymaninin nəzarəti altında olduğu deyilir.

Qeyd edək ki, əslən azərbaycanlı olan Qasım Süleymaninin böyük nüfuzu var. Təsadüfü deyil ki, İranda aksiyalar başlayanda Q.Süleymaninin təcili ölkəyə qayıtdığı iddia edildi.

Müstəqil.Az

Share: