İldırım Qocayevin xatirəsinə… – Rəfail Tağızadə yazır…

Gecikən etiraflar

 

İnsan bəzən zamanında deməli olduqlarını sonraya saxlaya-saxlaya, sonda yoxluğa danışmalı olur. Və eşidəsi adamların bunları eşitmədiyinə təəssüflənir.
Biz çox zaman insanın qiymətini içimizdə veririk, ətrafdakılara çatdırmırıq. “Onsuz da hamı bunu bilir” anlayışı ilə. Hətta onun özünün hamının yanında eşitmək istədiyini bilərək.
Biz özümüzünkünü təqdim etməyə çətinlikmi çəkirik? Ərinirikmi, utanırıqmı, deməkmi çətindi?..
Sonradan yoxluqda pıçıldayırıq vaxtında deməli olduqlarımızı… Və nəticədə, “Eşq olsun!” əvəzinə “Heyif!” sözünü eşidirik. Fərqə baxırsızmı?
Gülən baxışların yerinə təəssüflü baxışlar gəlir göz önünə.

Haqqı, ədaləti sevən İldırım müəllimdə savadla yanaşı bir müdriklik də vardı. O, kəndi ilə bərabər, sözüylə dağa söykənmişdi. Onun baxış, söhbət, çıxış arasındakı pauza fikrin uca dağla ani məsləhətləşməsi kimi idi. Qeyri-adi baxışı düşüncə süzgəcinə dəyib qayıdırdı. Bu uzağa səfər, yeni nəyinsə olacağından xəbər verirdi.
Olanlar yoxluqda daha çox xatırlanır. İtən boşluğun dəyərini təsdiq edir. Zamanın istifadəsizliyi yoxluğa ağırlıq gətirir. Təəssüflərsə, heç nəyi dəyişə bilmir. Zamana uduzmuş olursan. Hər şeydən ən qısa olan ömür zamanına.

Bir not dəftəridi həyat –
insan ömrü
bir nöktrün qədər qısa.

Görünür, hətta bu ağrılı, qarışıq dünyada ən vacib olan yaxşı insan olmaqdır. Ona görə də İldırım müəllimin vaxtsız itkisi onu tanıyanları yandırır. Şəkillərdə uzağa dikilən baxışlar insanla danışır.
Uduzduğumuz zamana əlimiz, ünümüz çatmır. Təkcə xatirələr qalır… Sənli xatirələr. O ağ-qara şəkildə biz də varıq…
Yaxşı insanların itkisi adamı çox ağrıdır. Çünki o itkiylə sən də itirirsən. İçindən qopan nəsə olur. Qopanlarsa geri qayıtmır.
Dostuma bağışlayası kitabı ailəsinə bağışlamalı olacam, evimizə oxşayan evində…

***
Bir də görə bilməyəcəyimiz insanların
baxışları,
səsləri,
adları
addım-addım izləyir bizi.
Susduqca, xatirələr danışacaq…
Səninlə danışan xatirələrin
şəkil təbəssümləri güləcək üzümüzə.
Əllər asılı qalacaq,
boş qucaqlar üşüyəcək
yoxluğun soyuqluğundan.
Sükutdur ömrü qısaldan,
lal sükut.
Sənin yerinə kim danışacaq
danışılasıları,
bölüşüləsiləri?
Kim?
Cingiltili bir səs gələr uzaqdan:
”Dostlar!” – deyərək.
Boşluğu doldurmağa çalışan
eşitmək istədiyimiz səs.

***
Yenə yağacaqmı
budağı eyvana əyən
yağışlar?
Ya kipriklər kəsəcək
baxışların qabağını?
Nəm, ağır kirpiklər…
O gecəki leysan yağış
xatirələrimi yuyub təmizlədi.
Kənddəki evimizə oxşayan evimizi
yenə duyacağammı
hər yerdə sən görünən,
sən olmayan evindən?
Biz həkimə qaçmaq əvəzinə
evimizə qaçırıq çox vaxt.
Bizə rahatlıq gətirən evimizə.
Hətta ən son məqamda da.
Bəzən bu bağlılıq
bağlayır qapılarımızı
son kərə.

Rəfail Tağızadə
11.05.2023

 

 

 

 

 

 

 

Share: