İlbər Ortaylı və Cəlal Şəngörü həzm edə bilməyənlər

Kulis.az Aqşin Yeniseyin “Sokratı öldürənlərin törəmələri” adlı yazısını təqdim edir.

Son dövrlər universitet tələbələrimiz təşkil etdikləri bir neçə kütləvi tədbirlə ictimai diqqəti öz üzərlərinə cəlb ediblər ki, bu tədbirlərin də hər biri tələbələrimizin elmdən nə qədər uzaq bir həyata can atdıqlarının görüntüsü kimi qınanıb.

Birində tələbələr tik-tokerlərlə görüş təşkil edib, böyük canfəşanlıqla onlardan ucuz məşhurluğun sirrlərini öyrənmişdilər, digərində bir-birinin boynuna minib eyni coşquyla oğru aləmini vəsf edən bir meyxananın sədaları altında rəqs etmişdilər, başqa birində isə bir rəqqasə ilə görüşüb estetik zövqün kamil bir palançısı olmağın qürurunu yaşamışdılar.

Tələbələrimizin adda-budda elmi və fərdi uğurları da bu kütləvi tədbrilərin tozanağında görünməz olmuşdu.

Əşyavi dil deyə bir dil növü var. İnsanlar bir-birilərinə müxtəlif əşyalar göstərərək, göndərərək fikirlərini bildirirlər. İbtidai düşüncənin dilidir. Düşünmək olar ki, universitetlərimizdə kimlərsə tik-tokerlərin, “qanuni oğru”ların, rəqqasələrin “uğurlarını” bu cür kütləvi tədbirlərdə davamlı təbliğata çevirməklə əşyavi dillə cürbəcür elmdənkənar “uğur obyektləri” yaradaraq tələbələrə bunu çatdırmaq istəyirlər: Bizdə elmdə, təhsildə uğur yoxdur! Azərbaycanda elmdə uğur axtaran adam xüşk olan bir odundur ki, layiqi-nar olmağa məhkumdur. Uğur elmdən kənar sahələrdədir. Çox oxumaqda yox, məsələn, yaxşı oynamaqdadır.

Türk Nobelçisi Əziz Sancar Türkiyədə olarkən indiki türk xalqı eşitsin deyə ucadan dedi ki, son 500 ildə islam dünyasında elm inkişaf etməyib, tökülüşüb söyüb, təhqir edib ağzının payını verdilər.

Son beş-altı gündür Azərbaycanda gəncləri, tələbələri başına yığıb elmdən, bilikdən danışan, onlarda artıq Azərbaycanda çox az insanın sahib olduğu intellektual həzzə maraq yaradan türk intellektualları İlbər Ortaylı və Cəlal Şəngör haqqında şor qoğalı təfəkkürü ilə yanlış ictimai fikir formalaşdırmağa çalışan gəncləri görüncə depressiv bir ümidsizliyə qapılıram ki, artıq cəmiyyətimiz öz cəhalətinin katakombuna girib, oraya heç kimi buraxmaq fikrində deyil.

Sanki ölkədə Şeyx Nəsrullahın qayıdışı üçün bir hazırlıq gedir və bu dəfə onun yolunu gözləyənlər bəzi atalarımız deyil, bəzi oğullarımızdır. Bu əcinnələr antik Yunanıstanda gəncləri başına yığıb yunan köhnəliyini yenidən mənalandıran Sokratı öldürənlərin törəmələridir.

İlbər Ortaylı və Cəlal Şəngörün ağlı başında olan gəncliyin idealına çevrilməsini həzm edə bilməyən basmaqəlib köhnələr anlamırlar ki, çağ yeni dəyərlərin, yaxud dəyərlərin yenidən mənalandırılmasının axtarışındadır. Şərq qabıq dəyişir, çağdaş gənclik bilgini və əyləncəni bir arada görmək istəyir. Akademik kahinliyin artıq heç bir elmi, ictimai nüfuzu qalmayıb.

Bu iki türk aydınının Azərbaycana gəlişi ölkədən kənara çıxa bilməyən gənclərimiz, vətəndaşlarımız üçün təkcə çağdaş Anadolu aydının deyil, ümumiyyətlə, çağdaş dünyada adına aydın, ziyalı deyilən insanın ziyarətidir. “Ziyarət” ona görə deyirəm ki, bu gün İlbər Ortaylının və Cəlal Şəngörün işığına yığışanlar daha çox onlara baxmağa gedənlərdir. Çünki təkcə Azərbaycanda deyil, bütün müsəlman dünyasında köhnə düşüncəli sifətlərə baxmaqdan insanların gözü yorulub. İnsanlar yeni insan görmək istəyirlər. Gözünü açıb aydını, ziyalını imtiyazlar mühitinin kahinləri kimi görənlər üçün bu iki şəxsin hər gəlişi məşhur cizgi filmindəki meşəyə insanın gəlişi kimi bir şeydir.

Onları gəncliyə sevdirən yan-yana oturub eyni dəyəri dostcasına söyə və öyə bilmələridir, bilgini, həqiqəti şəxsi eqodan arındırmağın örnəkləri olmalarıdır, ideoloji darlığa sıxışdırılmış, xalqdan uzaq salınmış, bürokratikləşidirilmiş sovet elmi ənənələrinin hələ də qoruyub saxlanılmasına duyulan qəzəbdir, elm adamı dediklərimizin çağın intellektual tələbləri ilə ayaqlaşa bilməməsidir, köhnəlmiş bilgilərlə silahlanmış elmi elitanın cəmiyyət üçün maraqsız olmasıdır, adına elmi dediyimiz bu zümrənin elmi deyil, Orta əsrlərdəki bəşəri kültürün daşıyıcısı olmaları, nisbətən uğurlu olanların da siyasi imtiyazlardan məhrum olduqları üçün küskün mövqe tutmalarıdır, yeni nəslin qəbul etmədiyi didaktik üslubun elmi mühitdə doqmalaşdırılmasıdır, elm adamlarımızın, ziyalılarımızın danışmadıqca, gözə görünmədikcə daha yaxşı rifaha, daha çox gəlirə sahib olmaları və buna görə bacardıqca qaçıb xalqdan gizlənmələridir.

Bu gün Azərbaycanda “halal kolbasa” adlı mənəvi və kütləvi bir ölçü dəbə mindirilib. Bu gün istər elmi, istər ədəbi, istər ictimai mühitdə adı çıxanlarımız ucdantutma özlərinə “halal kolbasa” imici yapışdırmağa çalışırlar.

“Halal kolbasa”nın mənəvi ölçüyə və kütləvi dəbə çevrilməsinin nəticəsidir ki, demokratiyadan dəm vuran bir partiya ramazanda öz evində içki içən üzvünü halallıq vermədən partiyadan qovur ki, cəmiyyətdəki “halal siyasətinə” xələl gəlməsin.

Mənəvi məsələlərdən danışan fəlsəfə doktorumuz hədisi-hədisə calayır ki, cəmiyyətdə “halal filosofluğuna” simpatiya yaratsın.

Həkimlər, psixiatrlar, universitet müəllimləri, musiqiçilər, yazarlar və s. bütün peşə sahibləri bu “halal dəbin” girovuna çevriliblər ki, “klyent” tuta bilsinlər. Dünyadan xəbərdar olan çağdaş gənclik üçün onların topdan “halallığının” yüz qram haram araq qədər dəyəri yoxdur.

Yekaterina Rusiyada taxta çıxanda ilk işlərindən biri fransız ensiklopedistləri Volter, Didro, Qrimm, Dalamber kimi intellektualları öz ölkəsinə dəvət etmək oldu, hətta Didroya, Dalamberə bahalı hədiyyələr bağışladı. Özünü onların tələbəsi adlandırdı. Hətta Fransada “Ensiklopediya”nın nəşrinə problemlər yarananda fransız aydınlarına təklif etdi ki, növbəti cildləri gəlib Rusiyada çap etdirsinlər.

Bu təklifdən təəccüblənən Didro Volterə göndərdiyi bir məktubunda yazırdı: “İşə bax, Fransa fəlsəfəni bir günahkar kimi təqib etdiyi vaxtda skiflər (barbarlar) onu öz ölkələrində qorumağı təkilf edirlər”.

Nahaq Yekaterinanın adını çəkdim, mövzunu ata, eşşəyə aparıb bağlayacaqlar yenə…

Share: